Hamı mübarizədən danışır, Bakıda isə vəziyyət belədir? - FOTO
14 Yanvar 2014 01:00
Bakı şəhərində sərnişin avtobusları təhlükə mənbəyi olaraq qalır. Belə bir təhlükə metronun "Neftçilər" stansiyasının yaxınlığında daha da kəskin hal alıb.
Metronun yaxınlığında avtobus dayanacaqları taksilər tərəfindən zəbt edildiyindən sərnişinlər təhlükə altına düşür. Çünki avtobuslar dayanacağa daxil ola bilmədiyindən məcbur olub sərnişinləri yolun hərəkət olan hissəsində mindirib-düşürür. Bu hal isə hər gün dəfələrlə təkrarlansa da, tədbir görən olmur?
"Bakı Sərnişin Nəqliyyat" Departamentindən Milli.Az-a bildirildi ki, həmin ərazidə yol polisi ilə birgə tez-tez reydlər keçirilir. Bu məsələdə avtobus sürücüləri ilə yanaşı, həmin ərazidəki dayanacağı zəbt edən taksi sürücüləri məsuliyyət daşıyır. Taksilər dayanacağı zəbt etdiyindən avtobuslar dayanacağa daxil ola bilmir. Departament dayanacağı zəbt edən taksi sürücülərinin onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlamasını tövsiyə edir.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, avtobus dayanacaqlarının avtomobillər, o cümlədən taksilər tərəfindən tutulmasına qarşı həmişə mübarizə aparılır. Bölmə rəisinin sözlərinə görə, hazırda yol polisi dayanma-durma, parklanmanı qadağan edən nişanların təsir zonasında, yolların hərəkət hissəsində, ikinci cərgədə dayanmış sürücülərə, avtobus dayanacaqlarının zəbt edilməsinə qarşı reydlər keçirir.
Gülər
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




