Məşhur britaniyalı səyyah Azərbaycan Prezidenti ilə görüşünün təəssüratlarını bölüşür - FOTO

13 Yanvar 2014 14:43
Trend bildirir ki, məşhur britaniyalı səyyah Pol Stil özünün rəsmi bloqunda "Sahdağ" Qış-Yay Turizm Kompleksinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb.

Stil yazır: "Heç də hər gün Prezidentlə görüşmürsən ...və bu görüş mənim üçün gözlənilməz oldu".

Qeyd edək ki, Pol Stil Şimali İngiltərədən olan turizm bloqçusudur. O, səyahət edərək bütün dünyadakı ən maraqlı yerləri, əsasən də turizm nöqteyi-nəzərindən o qədər də məşhur olmayan ölkələri öz bloqunda sosial media vasitəsilə təqdim edir. Stil, həmçinin "Huffington Post"-un reportyorudur, əvvəllər "LandRover" və "British Airways"-lə əməkdaşlıq edib. "The Daily Mail" qəzeti hətta onu "dünyada ən nüfuzlu yazıçı-səyyah" adlandırıb.

Prezident İlham Əliyev "Pik Palace" otelinin açılışında iştirak etmək üçün "Şahdağ"a səfər edib.

Stil yazır ki, onun "niyə insanların Azərbaycanda olması lazımdır" fikri ilə bağlı dövlət başçısına sual vermək şansı yaranıb: "Prezident mənə artıq gördüyüm bir sıra şeyləri xatırlatdı və eyni zamanda, mənim görməli olduğum bir çox şeylər haqqında danışdı. Eləcə də Azərbaycanın bir çox ölkələrlə müqayisədə səyahət və turizm planında daha çox müxtəliflik təqdim etməsinin səbəblərindən bəhs etdi".

Səyyah qeyd edir ki, öz ölkəsi və xalqı ilə qürur duyan Prezident İlham Əliyev daim səyyahları özünə cəlb edən Azərbaycanın xüsusiyyətlərindən də danışıb. Onlar arasında on bir iqlim zonasından doqquzunun Azərbaycanda olması, dağların zirvələrini örtən qar və Bakıda Xəzərin sahilindəki çimərliklər var.

Stil yazır: "Landşaftın və mədəniyyətin müxtəlifliyi məftunedicidir".

Səyyah, həmçinin o faktı da qeyd edir ki, yalnız Bakıda deyil, bütün ölkədə mehmanxanalar tikilir ki, bu da hər yerdə Azərbaycan mədəniyyətini hiss etməyə imkan yaradır.

Onun sözlərinə görə, artıq Azərbaycanda üç dəfə olmasına, bir çox şeyləri görməsinə baxmayaraq, yaxın vaxtlarda daha çox yerləri görmək arzusundadır.

Daha sonra Stil "Pasha Hotels"-in icraçı direktoru Mark Exlerlə görüşü barədə yazır. O, Exleri turizm sahəsində böyük təcrübəyə malik son dərəcə maraqlı şəxsiyyət kimi təsvir edir.

Stil yazır: "Bu fikirdə onunla razılığa gəldik ki, Azərbaycanı dünyanın hər yerindən olan insanlar görməli və hiss etməlidirlər".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.