Bu da bükülən OLED televizor

13 Yanvar 2014 18:58
Çinin Haier şirkəti ötən həftə Los-Ancelesdə işini yekunlaşdırmış CES 2014 sərgisi çərçivəsində 55-65 düym diaqonallı bükük ekran formasına malik və Full HD təsvir ölçüsünü dəstəkləyən iki televizor modelini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin istehsalçısının kütləvi istehsala başlayacağı təqdirdə üzvi işıq diodlar (Organic Light-Emitting Diode, OLED texnologiyası) panellərini haradan əldə edəcəyi barədə məlumat hələ ki yoxdur. Mütəxəssislərin fikrincə, bu televizor panellərində Cənubi Koreyanın LG şirkətinin WRGB OLED panellərindən istifadə olunub. Bundan başqa, LG Display Çinin Skyworth şirkəti üçün OLED panellər tədarük etməyi planlaşdırır.

Ötən il IFA 2013 sərgisində Haier 55 düym diaqonallı OLED televizor prototipini təqdim edib. Model quraşdırılmış işıqlandırma ilə 4 millimetrlik korpus qalınlığında unikal dizaynı və ekran perimetri üzrə qalınlığı 1,5 mm təşkil edən ensiz çərçivəsi ilə seçilir.

Haier sözügedən OLED model haqqında heç vaxt ətraflı məlumat verməyib. Lakin bəzi Cənubi Koreya mənbələrinin məlumatına görə, Haier əvvəlki panelləri LG istehsalçısının icazəsi olmadan əldə edib. Belə ki, Çin şirkəti sadəcə açıq bazarda OLED televizorlar alaraq onların OLED panellərini çıxarıb və istehsal etdikləri modelin korpusuna yerləşdirib.

Milli.Az