İstanbulda İlhamə rüzgarı - FOTO

19 Oktyabr 2010 12:24
Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti İlhamə Quliyeva Türkiyədə səfərdədir. Müğənnin mətbuat katibi Faiq Ələkbərlinin Milli.Az xəbər portalına verdiyi məlumata görə, yeni klip çəkilişi ilə bağlı TMB kanalının xüsusi qonağı olan İlhamə xanım eyni zamanda  İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin də qonağı olub. Müğənni onu sevənlərlə bir araya gələn insanlarla xoşbəxt anlar yaşayıb. İlhamə Quliyeva Qars, İğdır və Əlazığ azərbaycanlılarının qonağı olaraq, onlarla səmimi bir ortam yaradıb.

İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin  qadın şöbəsinin təşkil etdiyi gecədə İlhamə xanım və bəstəkar Aybəniz Güllər mehriban, gülərüzlü  xanımlarla bir araya gələrək,  dəyərli irsimiz olan mədəniyyətimiz, incəsənətimiz  haqqında fikir mübadiləsi aparıblar.

Toplantını Mərkəzin qadın şöbəsinin başqanı doktor Nazilə Abbaslı açaraq qlobal dünyamızda qadının yeri və bu sahədə Azərbaycan qadınlarının rolu haqqında dərnəkdə son zamanlar görülən işlər barədə məlumat verib.
 
Ən mühümü isə Azərbaycan musiqisi sahəsində son zamanlar əldə edilən uğurlar, bu sahədə dövlət başçısının, eyni zamanda xanım Mehriban Əliyevanın sərf etdiyi zəhmət və müvəffəqiyyətlər haqqında  geniş məlumat verərək, sənət və mədəniyyət istiqamətində Azərbaycanın dünya çapında yerini xatırladıb.

İlhamə xanım  gözəl səsi, xoş avazı ilə tədbirə toplaşan  hər kəsi sehrləyib. Daha sonra İlhamə xanım Azərbaycan musiqisinə və incəsənətinə göstərdiyi xidmətə görə İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin  başqanı Erol Göllü bəy tərəfindən mərkəzin  ödülünə layiq görülüb. Mərkəz tərəfindən bəstəkar Aybəniz Güllərə də ödül təqdim olunub. İlhamə xanım və Aybəniz Güllər İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinə fəxri üzv qəbul edilib.

Mələk
Milli.Az