Ötən il Azərbaycanda 135 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
10 Yanvar 2014 20:24
Azərbaycanın gömrük orqanları tərəfindən 2013-cü ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 12 475 hüquqpozma faktı aşkar edilib.
Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bu faktlardan 347-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 3 min 978 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azərbaycan vətəndaşı, 83 xarici) barəsində müvafiq tədbirlər görülüb.
Cinayət faktlarından 83-ü Biləsuvar Gömrük İdarəsi (Gİ), 65-i Tovuz Gİ, 49-u Astara Gİ, 33-ü Xaçmaz Gİ, 32-si Bakı Baş Gömrük İdarəsi, 29-u Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, 23-ü Balakən Gİ, 16-sı DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi, 10-u Avtonəqliyyat Baş Gömrük İdarəsi, 2-si Sumqayıt Baş Gömrük İdarəsi, 1-i Yevlax Gİ, 1-Gəncə Gİ, 1-i Culfa Gİ, 1-i Aksiz Baş Gömrük İdarəsi, 1-i Naxçıvan Dövlət Gömrük Komitəsi tərəfindən aşkar olunub.
Azərbaycan Prezidentinin 24 iyun 2013-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2013-cü il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 133 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik, o cümlədən 18 kq 223,834 qram tiryək, 35 kq 628,38 qram marixuana, 33 kq 185 qram həşiş, 37 kq 717,571 qram heroin, 217,723 qram metadon, 198,567 qram kokain, 10 kq 159,986 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər görülüb.
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 6 fakt üzrə 45 kq 330 qram, Biləsuvar Gömrük İdarəsi tərəfindən 79 fakt üzrə 56 kq 746 qram, Astara Gömrük İdarəsi tərəfindən 44 fakt üzrə 15 kq 233 qram, Tovuz Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 90 qram, Xaçmaz Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 7 kq 37 qram, Culfa Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 160 qram, Naxçıvan DGK tərəfindən 1 fakt üzrə 551 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürülüb.
BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi vasitəsilə Türkiyə Respublikasının gömrük xidməti ilə aparılmış məlumat mübadiləsi nəticəsində 11 mart 2013-cü ildə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn "Skania" markalı KHK624/VV113 nömrə nişanlı avtomaşından 27 kq 500 qram heroin aşkar olunaraq saxlanılıb.
2013-cü il ərzində gömrük sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tətbiqi nəticəsində18 fakt üzrə ümumilikdə 25 kq 32 qram narkotik vasitələr, o cümlədən 4 kq həşiş, 5 kq 560 qram tiryək, 210 qram heroin, 10 kq 800 qram metamfetamin, 462 qram marixuana, 4 litrdən çox metadon məhlulu aşkar olunub.
14-21 sentyabr 2013-cü il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilən MDB gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülük üzrə birincilik yarışlarında DGK Kinoloji Mərkəzinin xidməti axtarış itləri 2-ci yerə layiq görülüb.
2013-cü il ərzində qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləşdirilməsi işi təkmilləşdirilib, səlahiyyətlər daxilində operativ nəzarət gücləndirilib.
Milli.Az