Yığılıb-sökülən kompüter hazırlanıb

9 Yanvar 2014 19:57

Razer şirkəti yanvarın 7-də Las-Veqas şəhərində keçirilən CES sərgisində Project Christine oyun kompüterini təqdim edib. Press-relizdə vurğulanıb ki, qurğunun əsas xüsusiyyəti modulyar arxitekturaya malik olmasıdır.

Kompüterin komponentləri - mərkəzi prosessor, videokart, əməli yaddaş, sərt disk olmaqla ayrı-ayrı blok modullara salınıb və onlar konstruktora yerləşdirilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər bir modul maye soyutma sisteminə malikdir. Bloklar arasında məlumat mübadiləsi üçün PCI Express şinindən istifadə olunur. Sistemin tərkibinə daxil olan sensor ekranda parametrlər əks olunur.

Razer şirkətinin bəyanatına görə, Project Christine oyun kompüterinin əsas üstünlüyü quraşdırılma və təkmilləşdirmə sadəliyidir. Modul bloklardan istifadə etməklə fərdi kompüter arxitekturası haqqında əsas biliklərdən xəbərsiz istifadəçi də öz ehtiyaclarına uyğun kompüter yarada bilər.

Ayrı-ayrı blokları yeniləri ilə dəyişməklə və ya əlavə qurğu tətbiq etməklə konfiqurasiyanı yeniləmək olar. Belə ki, ikinci videokart və ya daha bir sərt disk əlavə etmək olar.

CES sərgisində nümayiş etdirilmiş kompüter prototipdir. Razer onun çıxarılış müddətini və blokların qiymətini açıqlamayıb.

Milli.Az