"Qaraca qız"ın qəhrəmanı: "Mənə dedi ki, həyat yoldaşın səni heç vaxt sevməyəcək" - FOTO

9 Yanvar 2014 13:58
Elə bir insan tapılmaz ki, Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan "Qaraca qız" filminə baxmasın. "Qaraca qız"ın əsas qəhrəmanlarından biri Xədicə rolunun ifaçısı Leyli Axundovadır.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, Leyli Axundova hazırda Bakı Xoreoqrafiya məktəbində çalışır. Ailənin tək övladı olan aktrisa sözügedən filmdə öz həyatını oynadığını bildirib:

"Burada mən öz həyatımı canlandırmışam. Uşaqlığım zəngin bir ailədə keçib, xüsusi tərbiyə almışam. 134 saylı məktəbi bitirmişəm. Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfində dərs almışam. Daha sonra Moskva Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil aldım. Atam həmişə istəyirdi ki, rəssam olum. "Qaraca qız" filminə çəkiləndə ikinci sinifdə oxuyurdum. Bir çox bağlı qapılar o filmə görə üzümə açılıb. Filmin çəkilişi 8 ay davam etdi. Oradakı qaraçıların hamısı Moskvadan gəlmişdi. Çəkiliş zamanı mənə fala baxmağı da öyrətmişdilər. Hətta falıma baxıb nə demişdilərsə, sonradan hamısı düz çıxdı. Demişdilər ki, sən orqan işçisinə ərə gedəcəksən, amma heç vaxt səni sevməyəcək. Filmdə bəzi kadrları çətinliklə çəkmişdik. İlanın məni sancdığı an ən qorxduğum məqam idi. İlandan elə qorxmuşdum ki, üç gün 40 dərəcə qızdırmada yandım. Atam bu xəbəri eşidəndə anamı danlamışdı".

Hazırkı həyatından danışan L.Axundova iki qızı və iki nəvəsi olduğunu deyib:

"Qızlarımdan çox razıyam. Onlar da mənim kimi çox emosionaldırlar. Filmdə anam çox sərt idi. Elə həyatdakı anamla bənzəyirdilər. Amma mən qızlarıma sərbəstlik vermişdim. Keçmiş həyat yoldaşım da məni heç qısqanmırdı. İndi həyatımda yeni sevgi var. Bir neçə il bundan əvvəl bir insanla tanış oldum və evləndik. Məndən yaşca kiçikdir. Nikaha daxil olana qədər bunu məndən gizlətdi. İndi çox xoşbəxtəm. Mənə bir neçə şeir həsr edib. Özü də çox qısqancdır".
 
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.