"Ded Xasan"ın taxtına oturacaq adam "Lənkəranski"dən intiqam alacaqmı?

7 Yanvar 2014 10:30

Mart ayında həbsdən buraxılacaq "Şakro Molodoy" "Lənkəranski"dən intiqam alacaqmı?

Yanvarın 16-da Rusiya kriminal aləminin "xaç atası" sayılan Aslan Usoyanın ("Ded Xasan") öldürülməsinin 1 ili tamam olur. 2013-cü ilin bu səs-küylü qətli hələ də açılmamış qalır. Xatırladaq ki, milliyyətcə yezidi kürd olan "Ded Xasan" Moskvanın Povarski küçəsində yerləşən "Köhnə fayton" restoranından çıxarkən killer tərəfindən vurulmuşdu.

"Ded Xasan"ın öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Bunun əsas səbəbi isə "Ded Xasan"ın öldürülməsindən sonra cinayətkar aləmin kralı postuna "1 nömrəli namizəd" hesab olunan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsdə olması idi. Hələ o vaxt Rusiya mətbuatı "Ded Xasan"ın varisi kimi İspaniyada həbsdə olan Z.Kalaşovun adını çəkirdi. "Ded Xasan"ın öldürülməsinin ildönümü ərəfəsi diqqətlər yenə "Şakro Molodoy"un üzərinə yönəlib. Çünki mart ayında onun cəza müddəti bitir.

Rusiya mətbuatının iddiasına görə, "Şakro Molodoy"un həbsdən azad edilməsi ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayacaq. Bunun əsas səbəbi isə "Ded Xasan"ın intiqamının hələ də alınmamasıdır. Bu səbəbdən indi əsas diqqət həm də bu qətlin sifarişçisi və təşkilatçısı hesab edilən Azərbaycanın ən nüfuzlu kriminal avtoriteti Rövşən Canıyevə ("Rövşən Lənkəranski") yönəlib. İnterpol xətti ilə axtarışa verilən "Rövşən Lənkəranski"nin Türkiyədə olduğu deyilir. "Ded Xasan"ın qətlində adı hallandırılan gürcü "qanuni oğru"lar-Cemal Mikeladze ("Cemo") ötən ilin fevralından narkotik saxlamaq ittihamı ilə həbsdədir. Digər "qanuni oğru" Merab Canqveladze də ötən ilin iyununda Avropada Rusiya mafiyasına qarşı keçirilən əməliyyatda həbs edilib. Qeyd edək ki, hər iki "qanuni oğru" "Rövşən Lənkəranski"nin ən yaxın adamlarından hesab olunurdu. Beləliklə, "Şakro Molodoy"un azadlığa çıxması ərəfəsində hədəf yenə də "Rövşən Lənkəranski"dir.

Bəs Rusiya hüquq-mühafizə orqanlarının belə adını ehtiyatla çəkdiyi Rusiya kriminalının taxt-tacına sahib olacaq yeni varisi kimdir?

"Kriminal aləmin generalı"

14 aprel, 2006-cı il. Gürcüstanın daxili işlər naziri Georgiya Çaxnaşvilinin qəbul otağındakı məsul polis zabitinin mobil telefonuna bağlı nömrədən zəng gəlir:

- Kimdir?

Telefonun o başında rus dilində danışan adam deyir:

- Salam. Zaxaridir danışan.

- Sizə nə lazımdır?

Zəng edən bu dəfə gürcü dilində danışmağa başlayır:

- Mən "qanuni oğru" Şakro Kalaşovam. Xəbər almışam ki, siz "qanuni oğru" Camal Şavladzeni və mənim dostum Murman Pailadzeni həbs etmisiniz. Sizi xəbərdar edirəm: "qanuni oğru"ları həbs edib mühakimə etməyin. Əgər etsəniz, biz gürcü polisinə qarşı birləşməli olacağıq.

Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona "qanuni oğru" adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutub. Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü "qanuni oğru" Tariel Onianinin ("Taro") köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirib. Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı "kriminal aləmin generalı" kimi keçir. Onun müxtəlif dövrlərdə "Solntsev", "İzmaylovski" və "Bratski" kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.

O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olub. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə Z.Kalaşov Tariel Onianinin köməyi ilə İspaniyaya yerləşib. İspaniya polisinin məlumatına görə, Z.Kalaşov burada "On birlərin klanı" adlı gürcü-rus mafiyasına rəhbərlik edib. O, Rusiyanın və MDB-nin kriminal dairələri ilə ciddi əlaqələr qurub.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirib və bir neçə "qanuni oğru" həbsə alınıb. "Şakro Molodoy" gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilib. İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun məhkəməsi uzun müddət davam edib. Uzun araşdırmalardan sonra - Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarıb.

Bundan sonra onun biznesinə nəzarət uğrunda Tariel Oniani ilə "Ded Xasan" klanı mübarizə aparıb. Belə məlum olur ki, bu çəkişmə "Şakro Molodoy"un Azərbaycanda nəzarət etdiyi bizneslə də bağlı olub. Belə ki, 2006-cı ildən İspaniya həbsxanasında saxlanılan "Şakro Molodoy" öz adamını gizlicə Bakıya göndərib. Rusiya mətbuatı yazır ki, Zaxari Kalaşovun adamını Bakıya göndərməkdə məqsəd Azərbaycan paytaxtında avtomobil biznesinə (söhbət çox güman ki, Rusiya istehsalı olunan avtomobillərin satışından gedir) nəzarət uğrunda "Taro"nın adamları ilə çəkişməni yoluna qoymaq olub.
Digər məlumata görə, 2008-ci ildə kriminal aləmin liderləri həmin məsələ ilə bağlı Bakıda "sxodka" keçiriblər. Bu məqsədlə Rusiyadan "Krasnodar Bilo" kimi tanınan, "Ded Xasan" klanında yer alan məşhur avtoritet Bakıya ezam edilib.

"Şakro Molodoy"a qarşı ən ciddi ittiham erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasıdır. Onu 2000-ci il, iyunun 18-də Tiflisdəki "Şeraton" hotelinin dayanacağında "Şakro Molodoy"la birgə görüblər. Bir neçə gün sonra Kalaşov biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də, biznesmenin öldü-qaldısı hələ də bilinmir.

2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə Z.Kalaşovun ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Amma onun vəkilləri hər dəfə bu ekstradisiyanın qarşısını alıblar.

Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.

"Şakro"nun cəza müddəti bu ilin martında, 60 yaşı ərəfəsində bitir. İspaniya məhkəməsinin qərarı ilə o, cəzasını başa vurduqdan dərhal sonra ölkəni tərk etməlidir və yaxın 10 ildə İspaniyaya qayıtmaq yasağı var.

"Şakro" kimi güclü fiqurun "Ded"in boşalmış yerinə gətirilməsi Aslan Usoyanın qətlindən sonra xeyli fəallaşan "slavyan qruplaşması"nın işini xeyli çətinləşdirə bilər. "Ded"in klanının indi əsas işi isə vəd etdikləri gecikmiş intiqamdır.

"Yeni Müsavat"