ABŞ və Fransa Oman körfəzində birgə hərbi təlimlərə başlayıblar

5 Yanvar 2014 15:31
ABŞ və Fransanın Hərbi Dəniz Qüvvələri (HDQ) Oman körfəzində Yaxın Şərq regionunda təhlükəsizliyin təmin edilməsinə istiqamətlənmiş birgə təlimlərə başlayıblar.

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a Birləşmiş Ştatların HDQ-nin mətbuat xidmətindən xəbər veriblər.

ABŞ aviadaşıyıcı zərbə qrupuna "Harry S.Truman CVN-75" ağır atom aviadaşıyıcısı, "Gettysburg CG-64" və "San Jacinto CG-56" kreyserləri, "Bulkeley DDG-84", "Carney DDG-64", "Hopper DDG-70" və "Mason DDG-87" esminesləri daxildir.

Fransa gəmi komandasının tərkibinə isə "Charles de Gaulle R-91" atom aviadaşıyıcısı, "Forbin D-620" və "Jean de Vienne D-643" esminesləri, həmçinin "Meuse A-607" tankeri daxildir.

Birgə təlimlər zamanı axtarış-xilasetmə əməliyyatları, təlim atəşləri, kiçikölçülü qayıqlarla əməliyyatlar, göyərtəli uçuş aparatları ilə uçuş və eniş, hava hücumundan müdafiə üzrə təlimlər, dənizçilər qrupunun digər gəmilərə yerləşdirilməsi və başqa əməliyyatlar daxildir.

Milli.Az