Könül Kərimova: "Onda da cin vurur mənim başıma..."

16 Oktyabr 2010 10:13
   "Cabbara səhvini başa salmaq çox çətindir"

   - Könül xanım, Azərbaycan ifaçılıq sənətində qadın və kişi sənətçinin uzun müddət birlikdə çalışmasına az-az rast gəlinib. Sizin Cabbar müəllimlə olan ittifaqınızı neçə illərdi möhkəm saxlayan nədir?

   - Ümumiyyətlə, mən dostluğa sədaqətliyəm. Hər kəslə dostluq etmirəm, amma dostlarımı da çox istəyirəm, mənim üçün dost itirmək böyük faciədir. Duet formasında çalışmağı uzun illər arzulamışam. Amma arada duetlərdən birində elə halla rastlaşdım ki, ümummiyyətlə, buna nifrət etdim. Bununla belə, demək olar ki, 10 il belə bir əməkdaşlığın arzusunda olmuşam. Sonra təsadüf elə gətirdi ki, Cabbar müəllimlə əməkdaşlığa başladıq. Onda özümə də qəribə gəldi ki, həqiqətən insan bir şeyi çox arzulayanda, Allah ona qismət edir. Bu ittifaqı möhkəm saxlayan amillərdən biri mənim Cabbar müəllimin mahnılarına olan valehliyimdir. Bu mahnılara o qədər bağlıyam ki, ümumiyyətlə, bu ittifaqın nə vaxtsa pozulacağını ağılıma gətirmirəm. Hərdən fikirləşirəm ki, birdən bu bağlar qırılsa, necə olar? Bilirəm ki, bu mənim üçün həddindən artıq böyük itki olar. Mən onun musiqiləri ilə yaşayıram, ümumiyyətlə, bütün həyatım bu musiqilərlə bağlıdır. Ona görə də, biz çətin ki, ayrılaq.

   - Bu ittifaqın saxlanılmasında ən çox əməyi olan hansınızsınız?

   - Elə ikimiz də buna çalışırıq.

   - Amma biz sizi çox şıltaq müğənni kimi tanıyırıq, yəqin ki, Cabbar müəllim buna dözməyə öyrəşib...

   - Elə də şıltaq deyiləm, sadəcə, adım elə çıxıb. Mənim özümün də xoşuma gələn bir cəhətim var ki, tez hirslənib özümdən çıxsam da, hirsim tez də soyuyur. Günah məndə olmasa belə, dostun könlünü ələ almağı bacarıram.

   - Deyirəm, nə qədər ki, Cabbar müəllim yanımızda deyil, bir az onun barəsində dedi-qodu edək. Cabbar müəllimin hansı xasiyyətini bəyənirsiniz və olmamasını istədiyiniz cəhəti nədir?

   - Onun çox pis bir xasiyyəti var, birdən-birə nə olduğunu bilmədən aləmi elə qatır ki... Lap öz günahı olsa belə, elə qiyamət qoparır ki... Onda da cin vurur mənim başıma ki, axı, ay Cabbar, günahkar sənsən. Yox, e, dediyini deyəcək. Əgər ona səhv olduğunu kimsə başa sala bilirsə, quzuya dönür, o saat da üzr istəyir. Amma bu da nadir hallarda baş verir, çox tərsdir, ona səhvini başa salmaq çox çətindir. Dediyini deyəcək, özü də aqressiv formada.

   Amma yaxşı cəhəti odur ki, səhvini başa düşən kimi qəbul edir. Bilirsinizmi, bu adam öz addımını o qədər ölçüb-biçir ki, səhv edəcəyinə inanmır. Cabbarın əsəbi vaxtında haqsız olduğunu bilə-bilə mən çalışıram ki, onu sakitləşdirim. Çünki biri od olanda, o biri də su olmağı bacarmalıdır.

   - Belə əsəbi şəraitdə keçən anlarınız çoxmu olur?

   - Yalandan desəm ki, az olur, heç kəs inanmaz. Olur, mən də əsəbiləşəndə, Cabbar məni sakitləşdirir.

   - Bəs, Cabbar müəllim barışmaq üçün hansı vasitələrdən istifadə edir?

   - O artıq öyrəşib ki, mən tez barışıram. Ona görə də barışmaq üçün hansısa vasitəyə əl atmaq məcburiyyətində olmur. Əslində, mən əgər özüm özümü sakitləşdirməsəm, bunu heç kəs edə bilməz. Mən də özümü sakitləşdirməkdən ötrü bərkdən qışqırıram.

   - Əsəbiləşəndə oxuduğunuz məqamlar olurmu?

   - Yox, əsəbiləşəndə, ümumiyyətlə, oxuya bilmirəm, səsim tıxanır. Amma əsəbimi də içimə vurmuram. Çünki bunun çox acı nəticəsini görmüşəm.

   - Əsəbi halda bərkdən qışqırmaq səsi batırır. Qorxmurusunuz, birdən səsiniz batar?

   - Doğru buyurdunuz, bir dəfə toyda əsəbiləşdim, bərkdən-bərkdən elə danışdım ki, səsim batdı, 1 ay açılmadı. Səsimin batmasından sonra qorxub bir az əsəbiləşməyimi yığışdırmışam?

   Açığı, Cabbarla xasiyyətimiz demək olar ki, eynidir. Hərdən bizə deyirlər ki, ikiniz də çılğın, əsəbi, necə yola gedirsiniz? Bəlkə də Cabbar müəllimin centlmenliyi olmasaydı, bu vaxta qədər çoxdan ayrılmışdıq.



   "Evimin xanımı olmağa vaxt tapmıram"

   - Bayaq yaxşı duet yoldaşını 10 il arzuladığınızı dediniz. Başqa nələrin uzun müddət arzusunda olub əldə etmisiniz?

   - Çox şeylərin arzusunda olmuşam. Allah bunları mənə gec də olsa, verdi, uzun müddət həsrətini çəkməyə qoymadı. Bugünkü həyatımı mən 15-20 il əvvəl arzulayırdım, amma gec əldə etdim.

   - Ustadınız Arif Babayev muğam oxumağı atdığınıza görə sizdən çox incimişdi. Barışmısınızmı?

   - Mən muğamı atmamışam e, ancaq bu saat toyda muğam oxusam hamı çıxıb gedəcək. Mən hər toyda bir-iki ağız muğam oxuyuram. Amma başdan-ayağa muğam oxusam, camaat bezər. Elə bir dövr gəldi ki, pop musiqisi də oxumağa məcbur oldum. Əslində, çoxdan dəsgahlar yazdırmaq barədə düşünürəm. Bunun üçün də müəyyən müddət hazırlaşmaq lazımdır. Amma vaxtım hardadır ki, bunun üçün əməlli-başlı hazırlaşım?

   - Bəlkə özünüzü bu bəhanə ilə aldadırsınız?

   - Doğru dediniz, bir az tənbəlliyim var. Bəzən özümə qəti surətdə soz verirəm ki, günü sabah gedib studiyada muğamları yazdıracağam. Amma sonra günü günə sata-sata illəri yola verirəm. İllər də elə tez gəlib keçir ki?

   - Siz efirə çox gec çıxmısınız. Ondan əvvəl haralarda idiniz?

   - Xalq məni ilk dəfə efirdə oxuduğum "Yar, başına dönüm" mahnısı ilə tanıyıb. Onun da həm musiqisi, həm də sözləri özümündür. Efirə çıxmazdan əvvəl də mağar toylarındaydım. Efirə çıxmaq üçün pulum yox idi. Mahnı yazdırmaq, onu lentə aldırıb efirə çıxmaq - bunlar hamısı pul idi.

   - Bu gün də efir pulludur. Yəni, həqiqətən toylardan bu qədər çox pulu qazanmaq rahatdır ki, gənc müğənnilər həm axşama qədər efirdədirlər, həm də bahalı avtomobil alıb villa tikdirirlər?

   - Yəqin ki, hardansa maddi kömək alırlar.

   - Haradan?

   - Vallah, bu hər kəsin şəxsi işdir. Bu gün pulun olmasa, heç nə edə bilməzsən.

   - Deməli, qadın müğənniyə mütləq Rəqsanənin dediyi "sponsor" lazımdır?

   - Yox, mən elə demədim, axı. Mən dişimlə-dırnağımla bu yerə gəlmişəm. İndiyədək sponsorum olmayıb, konsertimə belə sponsor tapa bilmədim.

   - Sənətdən küsən vaxtınız olubmu?

   - Sənətdən küsməmişəm. Çünki bu sənəti insana Allah bəxş edir. Sadəcə, insanların münasibəti, toylarda çəkdiyim əziyyətlər məni bezdirib. Ən çox da "palatka" toylarında əziyyət çəkmişəm.

   - Amma toyların ləzzəti elə o "palatka"larda qaldı...

   - Doğrudur, amma o dövrdə indiki Könül Kərimova deyildim, axı. İndi insanlar hamısı mənə hörmət edir. Bu hörməti qazanana qədər çox əziyyətlərim olub?

   - Sənətiniz ailənizə problemlər yaradıbmı?

   - Elə bir problemim olmayıb. Amma həmişə evimin xanımı olmağın həsrətini çəkmişəm. Evimin xanımı olmağa vaxt tapmıram.

   - Evdarlığı bacarırsınızmı?

   - Bunun, inşallah, bir dəfə bizə qonaq gələndə, özünüz şahidi olarsınız. Əgər indiki fikrimi soruşsanız, bu saat ev xanımı olmağıı sənətdən üstün tuturam. Şəxsən mən övladlarımı onlara qulluq edən xanıma qısqanıram. Toydan evə saat neçədə gəlməyimdən asılı olmayaraq, lap yatsalar belə, yemək bişirib, uşaqları durğuzub yedizdirməliyəm. Yoxsa səhərəcən yata bilmərəm. Bir dəfə Elza Seyidcahan gecə saat 3-də nəyə görəsə mənə zəng etmişdi, soruşdu ki, nə edirsən, dedim ki, dolma bükürəm, səhər uşaqlar üçün bişirəcəyəm. Mən mətbəxə keçdimsə, anam güclə məni oradan çıxarır. Mən bilirəm ki, övladım hansı yeməkləri, hansı dadı xoşlayır. Övladı üçün anadan başqa heç kəs ləziz yemək hazırlaya bilməz. Mən həmişə özümü övladlarımın qarşısında xəcalətli hiss edirəm ki, onları ürəyim istədiyi kimi böyüdə bilmədim, onlara ana sevgisini doyunca hiss etdirmədim. Mənim vaxtım çox olsaydı, onları başqa cür böyüdərdim. Bəzən məndən soruşurlar ki, nə üçün efirə çox az çıxıram. Mənim boş vaxtım olanda, onu yalnız övladlarıma həsr edirəm. Adam var ki, gəzməyi, çölü-bayırı sevir, amma mən evimə bağlı qadınam. Bəzən qadın sənətçilər deyirlər ki, ailəmi sənətə qurban verdim. Əgər sənət həqiqi sənətdirsə, ailəyə nə üçün mane olmalıdır? Səsi olan, oxumağı gözəl olan qadın müğənni üçün bütün qapılar açıqdır. Gec olsa da, o öz yerini sənətdə tutacaq. Buna görə ailə dağıtmaq məsələsi bəhanədir.

   

"Hamı işini-gücünü buraxıb sənə tamaşa edir"

   - Arzuladığınız bir aləmin məşhur simalarındansınız. Bu aləm indi də ürəyinizcədirmi?

   - Gözəlliyi çoxdur, amma bir məsələ var ki, sərbəstliyimizi itirmişik. Çox istəyirəm ki, qəşəng, sadə geyinim, uşaqlarımı da götürüb bulvara gəzməyə çıxım. Onlarla orada əylənim. Amma bilrəm ki, rahat dincələ bilməyəcəyəm. İnsanların diqqəti üzərində olur. Lap götürək ki, tanınmış adam deyiləm, küçədə gedirəm, təsadüfən birisi gözlərini sənə zilləyib maraqla baxır. O saat özünü itirirsən ki, ay Allah, görəsən üstümdə nə nöqsanım var ki, bu, mənə elə baxır? Özünü itirib üst-başına diqqət edirsən. Gəl gör indi bütün insanlar sənə maraqla baxırlarsa, özünü burada necə rahat apara bilərsən? Hamı işini-gücünü buraxıb sənə tamaşa edir.

   - Arzusunda olduğunuz daha nələr var?

   - Şükür Allaha, hər şeyi əldə etmişəm. Bir arzum qalıb, övladlarımın xeyir işini görmək. Nənə olmaq istəyirəm.

   - Maşallah, sizin kimi gənc müğənni nənə olmaq arzusunda olduğunu deyir. Mən müğənni görmüşəm, nəvəsinə deyir ki, mənə nənə demə, adımı de?

   - Bundan başqa nə arzulaya bilərəm ki?!.

   - Misal üçün, xalq artisti adı, prezident təqaüdü, "Şöhrət ordeni" və s.

   - Onlar elə şeydir, bilirəm ki, nə vaxtsa mütləq olacaq.

   - Elə bir sənətçi varmı ki, gözünüzün düşmənidir?

   - Yox, eləsi yoxdur. Sadəcə, elə sənətçilər var, onlarla rastlaşanda hiss edirəm ki, onlardan mənfi enerji alıram.

   - Siz plastik əməliyyat etdirib simanızı tamam dayişdirdiniz. Əvvəlki üzünüzdən ötrü darıxmırsınız ki?

   - Sənətçi olmasaydım plastik əməliyyat ağlıma gəlməzdi. Bir də, əvvəlki üzümdən ötrü nə üçün darıxmalıyam ki, dəfələrlə ondan gözəl üzüm var. Amma köhnə şəkillərimi saxlamışam, atmamışam.

   - Uşaqlarınızın səsi varmı?

   - Oğlumun səsi vardı, amma həvəsi olmadı. Həvəs göstərmədilər, mən də məcbur etmədim. Qızın, ümumiyyətlə, oxumağa səsi olmadı. Qardaşımın balaca bir qızı var, mən onda öz səsimi hiss edirəm. Gələcəyinə inanıram ki, bəlkə bibisi kimi müğənni ola bildi.

/Ekspress/