2013-ün "Qəbələ"li 13 məqamı

30 Dekabr 2013 23:12
Adətən, yeni il ərəfəsində keçmişə boylanır, ili xatırlayır, xoş və kədərli anları yada salırlar. Görəsən, 2013-cü il "Qəbələ" İdman Klubu üçün hansı hadisələrlə yadda qaldı? Təbii ki, yola saldığımız ildə klubumuzla bağlı çoxlu xoş, qürurverici hadisələr olub. Azerisport.az Qəbələ İK qəzetinə istinadən onlardan 13-nü sizlərə təqdim edir.
 

1. Uğurlar, "Qəbələ" İK!

2013-cü ilin əvvəlindən klubun nəzdində digər idman növləri - cüdo, boks, atıcılıq və karate bölmələri fəaliyyətə başladı. Təbliğ və inkişaf etdirdiyi idman növlərinə uyğun olaraq, klubun adı da dəyişdirildi və hazırda "Qəbələ" İdman Klubu (İK) kimi fəaliyyətini davam etdirir. Qısa zamanda paytaxt Bakıda və Qəbələdə adı çəkilən idman növləri üzrə bölmələr yaradıldı, minlərlə yeniyetmə sağlam həyat tərzinə cəlb edildi. "Qəbələ" idmançıları müxtəlif yerli və beynəlxalq yarışlarda təmsil olundular.
  

2. Akademiyada dünya şöhrətli məşqçi

Uşaq futbolu sahəsində böyük mütəxəssis, uzun illər Hollandiyanın "Feyenoord" akademiyasına rəhbərlik etmiş Stenli Brardın "Qəbələ" Futbol Akademiyasına direktor təyin edilməsi geridə buraxdığımız mövsümdə akademiyanın həyatında ən yaddaqalan hadisələrdən oldu. 18 ildir məşqçi kimi çalışan və bu sahədə kifayət qədər uğurları olan 54 yaşlı mütəxəssis yaxın 3 il ərzində "Qəbələ"də uşaq futbolunun inkişafı üçün çalışacaq. Bu, 2009-cu ildə təməli qoyulan qısa müddətdə xeyli uğurlar əldə edən "Qəbələ" Futbol Akademiyası üçün keyfyyətcə yeni mərhələdir.
  

3. "Tiraspol baharı - 2013"

2013-cü il xarici ölkələrə səfərlər baxımından akademiyamız üçün səmərəli oldu. "Qəbələ"nin U-13 komandası Türkiyədə ənənəvi Vodafone, U-15 komandamız "Ukrayna Prezidenti Kuboku", U-17 kollektivi isə Braziliyada "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak etdi. 11 yaşlılarımız Gürcüstanda səfərdə oldular. İl səfərlər baxımından U-15 komandamız üçün xüsulilə məhsuldar olub. Bu komanda Ukraynada (Donetsk) hazırlıq keçdi, ardınca Hollandiyada "Ayaks", "Brügge" və "Fortuna" ilə yoxlama matçlarına çıxdı, "II Qəbələ Kuboku"nda ölkəni və klubumuzu təmsil etdi. Kollektivin mart ayında Moldovada "Tiraspol baharı-2013" beynəlxalq turnirinin gümüş medallarına layiq görülməsi yaddaqalan oldu.
  

4. Rekord göstərici: 5 çempionluq

Ötən mövsüm "Qəbələ" İK-nın 11 futbol kollektivi Azərbaycan çempionatlarında mübarizə apardı. Bunlardan 9-u akademiya komandası idi. Bu il beş komandamız - U-19, U-17, U-16, U-15 və U-11 Azərbaycan birinciliklərində mövsümü qızıl medallarla başa vurdular. 13 yaşlılarımız isə yalnız finalda uduzaraq, ölkə ikincisi oldular. Belə yarışlarda qalibiyyət akademiya komandaları üçün prioritet olmasa da, ölkə birincilikləri tarixində indiyədək belə uğur qeydə alınmamışdı.
  

5. Ümidləri alovlandıran təyinat

"Qəbələ" 2013/2014-cü il mövsümünə tanınmış rusiyalı mütəxəssis Yuri Syominin rəhbərliyi ilə başladı. 66 yaşlı təcrübəli mütəxəssis ötən ilin mart ayında Ramiz Məmmədovun istefasından sonra boş qalan və müvəqqəti olaraq, əvəzedicilərin çalışdırıcısı Luis Araqonun tutduğu baş məşqçi postuna gətirildi. Klubun tarixinə ilk rusiyalı çalışdırıcı kimi düşən Syomin zəngin karyerası ilə postsovet məkanında məşhur simadır. Çalışdırdığı komandalara, bir qayda olaraq, böyük uğurlar qazandıran qocaman məşqçinin "Qəbələ"ni bu il Avrokuboklara çıxaracağına ümid böyükdür.
  

6. Qəbələdə ikinci futbol bayramı

Klub bu il ikinci dəfə Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil etdi. II Qəbələ Kuboku iştirakçı komandaların adları baxımından daha möhtəşəm alındı. Yarışa "Barselona" (İspaniya), "Portu" (Portuqaliya), "Zenit" (Rusiya), "Şaxtyor" (Ukrayna), "Beşiktaş" (Türkiyə), "Bakı" və "Qəbələ" klublarının futbolçuları qatıldılar. Budəfəki turnirdə qalib Portuqaliyanın "Portu" kollektivi oldu. Möhtəşəm futbol bayramında Toni Adams, Roy Makaay, Stenli Brard, eləcə də, İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Xulio Alberto Moreno, dünya uşaq futbolunun ən üzdə olan mütəxəssislərdən olan Albert Pyuç kimi ünlü simalar da iştirak etdilər.
  

7. Peşəkar boks Qəbələyə gəlir

"Qəbələ" İK 2013-cü ildə boksla bağlı 2 möhtəşəm layihəni reallaşdırdı. Klub ilk dəfə doğma məkanda "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandaları arasında yoldaşlıq görüşünü təşkil etdi. Bu tədbir ölkənin boks tarixinə klublararası ilk beynəlxalq yoldaşlıq görüşü kimi düşdü və Qəbələ boksçularının qələbəsi ilə yekunlaşdı. Dekabr ayında isə klub idmansevərlərə daha bir möhtəşəm boks gecəsi təqdim erdi. Boks həvəskarları IBF və WBO versiyaları üzrə Avropa çempionu kəməri uğrunda "Qəbələ" İK-nın peşəkar boksçusu Fariz Məmmədovla almaniyalı Matias Pelkin döyüşünü izlədilər.
  

8. İlk cəhddən "dördlər finalı"nda

Cüdo "Qəbələ" İK-nın nəzdində futboldan sonra inkişaf etdirilən ikinci idman növüdür. Üzvlərinin sayı, ümumilikdə, mini keçən bölməyə güclü və perspektivli idmançılar cəlb edilib. Cüdoya bölgədə maraq həddən artıqdır. Hazırda klubun Qəbələdəki bölməsinə 100-dən çox idmançı cəlb edilib. "Qəbələ" cüdoçuları bu il Azərbaycan Kuboku uğrunda ilk dəfə keçirilən yarışda iştitak edərək dördlər fnalına vəsiqə qazandı. "Qəbələ" həlledici yarışı üçüncü yerdə başa vuraraq bürünc medallara layiq görüldü.
  

9. Yeni stadion

Bu il daha bir stadion istifadəyə verildi. Tamaşaçı tutumu 3 min nəfər olan, ən müasir tələblərə cavab verən stadionun özəlliyi isə onun isidilən drenaj sistemi ilə təchiz edilməsi və tribunaların arxasında yardımçı binalara malik olmasıdir. Qurğu akademiya üçün inşa edilsə də, arena hələlik ev oyunlarını keçirməsi üçün "Qəbələ"nin əsas komandasının ixtiyarına verilib. Yeri gəlmişkən, əsas komandanın iştirakı ilə bu meydançada ilk matç sentyabrın 20-də keçirildi. Açılış matçı əlamətdar oldu: komandamız "Rəvan"a 3:0 hesabı ilə qalib gəldi.
  

10. Yeni mövsümə yeni sponsorla

"Pepsi" ilə "Qəbələ" İdman Klubu bu ildən yeni sponsorla əməkdaşlığa başladı. "Pepsi Cola Azerbaijan"la imzalanan müqaviləyə əsasən, klubumuzun bütün komandaları 2013/2014 mövsümündə üzərində "Pepsi" reklamı əks olunan formalar geyinir. Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət, yaxud marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcək. Qeyd edək ki, "Qəbələ" futbolçuları ötən 3 mövsüm ərzində meydançaya digər qlobal brend - "Hyundai" reklamlı formalarda çıxmışdı.
  

11. Bütün yollar Qəbələyə aparır

Qəbələdə ən müasir standartlara uyğun Atıcılıq Kompleksinin istifadəyə verilməsi burada beynəlxalq səviyyəli turnirlərin keçirilməsinə şərait yaratdı. Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) növbəti seminarında 2014-cü ildə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Qran-Pri turnirinin və Dünya Kuboku fnalının, 2015-ci ildə isə 2016-cı il Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışlarının Qəbələdə keçirilməsi haqqında qərar verildi. Beləliklə, ilk dəfə atıcılıq idmanı üzrə mötəbər yarışlar ölkəmizdə keçiriləcək.
  

12. Tətilə liderlər sırasında

Yuri Syomin kimi tanınmış mütəxəssisin "Qəbələ"nin baş məşqçi postuna gətirilməsi kluba yüksək nəticələr qazandırmağa hesablanmış addım idi. Bu, artıq ilk nəticəsini verməkdədir. Ən azı ona görə ki, "Qəbələ" qış fasiləsinə liderlər qrupunda, 2-ci yerdə yollanıb. Bu, komandanın 8 illik tarixində ən yaxşı göstəricidir. Syominin komandası fasiləyə ilk üçlükdə çıxacağını hələ II dövrənin sonuna 2 tur qalmış rəsmiləşdirmişdi. İndi əsas məqsəd bu mövqeni mövsümün sonunadək qorumaqdır. Çünki bu, avtomatik avrokuboklara vəsiqə qazanmaq deməkdir.
  

13. Rafael Ağayev "İlin idmançısı" oldu

Azərbaycanı və "Qəbələ"ni beynəlxalq arenada uğurla təmsil edən Rafael Ağayev bu il titullarının sırasına bir neçəsini də əlavə etdi. Əvvəlcə Macarıstanda keçirilən 48-ci Avropa çempionatında WKF növü üzrə 11-ci Avropa çempionluğunu qazanan Rafael ardınca İndoneziyada keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarının qalibi oldu. Karatenin "brilliantı", nəhayət, paytaxtımızda keçirilən karate üzrə IV Beynəlxalq "Baku Open-2013" turnirini fəxri kürsünün ən yüksək pilləsində başa vurdu. O, həm də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfndən "İlin 10 ən yaxşı idmançısı" sırasına daxil edilib.

Milli.Az