Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Əkrəm Zeynallı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu bayramı xalqımızın birlik və mütəşəkkilliyi, milli təəssübkeşliyi və Vətənə sədaqətinin rəmzi kimi səciyyələndirib, artıq uzun illərdir ki, təntənəli şəkildə qeyd edilən Həmrəylik Gününün xarici ölkələrdə yaşayan soydaşlarımızda müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşıladığını diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı təbrikin mətnini tədbir iştirakçılarının diqqətinə çatdıran Ə.Zeynallı ölkə başçısının müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi işində diasporumuzun üzərinə düşən vəzifələrlə bağlı fikirlərinin xaricdə yaşayan soydaşlarımızı fəaliyyətlərini daha da artırmağa ruhlandırdığını bildirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsveçrədəki soydaşlarımızı təbrik edən səfir onları Azərbaycan Respublikasının maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə və bu ali amal ətrafında sıx birləşməyə çağırıb.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Ehtiram Hüseynov və Vəfa Vəzirovanın konsert proqramı və rəsmi ziyafətlə davam etdirilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.