Azərbaycan Mərkəzi Bankı kredit ittifaqlarından birinin lisenziyasını geri alıb
27 Dekabr 2013 12:22
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 4-dəki qərarı ilə ölkədə fəaliyyət göstərən kredit ittifaqlarından birinin lisenziyasını geri alıb.
Trend-in məlumatına görə, bu barədə müvafiq qərar rəsmi mətbuatda dərc olunub.
Qərarın mətnində deyilir: "Azərbaycan Respublikasının "Kredit İttifaqları haqqında" qanununun 21.1.1-ci maddəsinə və "Kredit ittifaqlarına bank fəaliyyəti göstərmələri üçün lisenziyaların verilməsi Qaydaları"nın 6.4.1-ci bəndinə uyğun olaraq AMB tərəfindən 2010-cü il iyunun 10-da Aqrar Maliyyə Kredit İttifaqına verilən lisenziya ləğv edilir".
"Aqrar Maliyyə Kredit İttifaqı" Xırdalan şəhərinin Quşçuluq yaşayış massivində qeydiyyata alınıb.
2013-cü ilin üçüncü rübünün sonuna olan məlumata görə, Azərbaycanda 111 kredit ittifaqı fəaliyyət göstərir. Onların məcmu nizamnamə kapitalı 20,73 milyon manat, aktivlərinin həcmi isə 53,79 milyon manat təşkil edib.
Milli.Az