Klublarımız mövsümü necə yarıladı?

26 Dekabr 2013 19:41
2013/14 mövsümünü yarıladıq. Tarixdə ilk dəfə 4 dövrəli keçirilən çempionatımızın ekvator xəttindən zenitə boylanmalı olsaq, geridə qalan müddətdə gərgin mübarizənin şahidi olduq. Düzdü, futbolumuzda inqilab dönəmindən bəri çempionluq uğrunda yarışda ən azı 3-4 komandanın sona qədər oynadığını görmüşük. Hətta çempionatın əvvəlində əsasən Bakı komandaları və 1-2 əyalət təmsilçisi də ən azı mükafatçılar sırasına qoşulmaq üçün mübarizə aparır. Amma bu ildən PFL-in komandaların sayını 5-ə endirməsi mübarizəyə daha da rəng qatsın. Lətifəsi "Turan" və "Kəpəz"dən uzaq, amma bu mövsüm çempionat həqiqətən də kol-kosdan təmizləndi. Düzdü, "Sumqayıt" hələ də ayaq altda dolaşmaqda davam edir. Amma ümumilikdə götürsək, yenə də inkişaf göz qabağındadı.

Milli.Az ekspress-ə istinadən xəbər verir ki, "Sumqayıt"la oyunları istisna etsək, digər komandalar bir-birinin qəniminə çevrilib. Premyer-liqada həqiqətən də asan komanda yoxdu. Ümumilikdə bu bir başa olaraq rəqabəti daha da artırsa da, ideal komanda anlayışını sıfıra endirir. Çünki hər bir komanda hər an xal itirmə təhlükəsi yaşayır. Təsadüfi deyil ki, son həftələr hər tur lider dəyişir. Fasiləyə qədər "Neftçi" öz yerini itirib qaytarmışdısa, son turda AZAL-a uduzmaqla Nazim Süleymanovun komandası yerini "Qarabağ"a təhvil verməli oldu. O "Qarabağ" ki, mövsüm boyunca "Neftçi"ylə zirvə uğrunda yarışda "səndə-məndə" oyunu oynamışdı. Yaxşısı budu, gəlin ilk yarının yekununu həm soldan sağa, həm də yuxarıdan aşağıya təhlil edək.

Qara bağı açarkən...

Yuxarıda qeyd etdiyimiz kimi, çempionatda hər nə qədər gərgin mübarizənin şahidi olsaq da, yalnız 3 komandanın qızıl medallar uğrunda yarışdığını görürük. Düzdü, indidən gələcəyi proqnozlaşdırmaqla zirvədən aralı düşən komandaların haqqına girmək fikrim yoxdu. Amma çətin ki, bu gedişlə mövsümün sonunda "Qarabağ", "Qəbələ" və "Neftçi"yə "İnter"lə "Bakı" da qoşulsun. 3-cü yerdə qərarlaşan son 3 mövsümün çempionuyla "İnter"lə "Bakı"nı 7 xal ayırır. Həmin komandaların çempionluq uğrunda sona qədər yarışacağını iddia etməli olsaq, onda gərək "İnter"lə "Bakı"dan 2 xal geridə olan AZAL-a da şans tanıyaq. Ancaq bu günkü reallıqla bu 2 komandanın favoritləri arxada qoyacağı inandırıcı görünmür.

Konkret zirvədə qərarlaşan komandaları təhlil etməli olsaq, onların hər 3-ünün mövsümün sonunda çempionluğu bayram etməyə layiq olduğunu qeyd etməliyəm. Düzdü, hərəsinin özünə görə üstünlüyü var. Amma tam olaraq üçündən birini seçməli olsaq, "Qarabağ"ın daha ideala yaxın olduğunu vurğulamalıyam. Qurban Qurbanovun yaratdığı sistemin sayəsində illəri adlaya-adlaya bu mərhələyə gələn, hər bir çətinlikdən keçməli olan "Qarabağ" sabiq səhvlərindən qismən də olsa, nəticə çıxara bilir. İddialı komandalara qarşı daha yaxşı oyun göstərən ağdamlıların sərgilədiyi futbol və oyun üslubu da göz oxşayır. Son illər avrokuboklarda təqdirəlayiq oyunu ilə rəğbət qazanan "Qarabağ" hazırda lider olsa da, komandanın müəyyən problemləri nəzərlərdən yayınmır. Bu mənada "Qarabağ"ın əsasən iki nöqsanını qabarda bilərik.

Bunlardan biri Qurbanovun komandasının çempionluq uğrunda mübarizə aparmayan komandaların müqavimətini ya çətinliklə qırması, ya da qıra bilməməsidi. Təsadüfi deyil ki, "köhlən atlar" hər iki dövrədə "Rəvan"ı məğlub edə bilməyib. Hər halda, "Qəbələ"dən 6 xal götürən "Qarabağ" üçün "Rəvan"la matçlarda 4 xal itirməsi bağışlanmaz səhvdi. Əlbəttə, "Rəvan"ın da haqqını vermək lazımdı. Amma turnir cədvəlində mövqelərə nəzər salsaq, bu iki komandanı müzakirə etmək düzgün olmazdı. "Qarabağ"ın belə komandalarla matçlarda xal itkisinin əsas səbəbi qapalı müdafiələri yara bilməməsidi. Məsələn, ağdamlılar "Neftçi" və "Qəbələ"yə qarşı oyunlarda çox rahat oynayır. Çünki onlar ağdamlılarla oyunlarda müdafiəni düşünmür, əksinə rəqibinə açıq futbol təklif edir. Bu isə "Qarabağ" üçün çörəkdi. Hətta mövsümə olduqca bərbad başlayan "Xəzər Lənkəran" belə ağdamlılarla oyunda müdafiə haqda düşünmür. Amma "Rəvan", AZAL və "Simurq" kimi komandalar atalar demişkən, nə yardan doyur, nə də əldən qoyur.

"Qarabağ"ın ikinci ən böyük problemi avrokuboklardakı kimi çempionatda motivasiyalı ola bilməməsidi. Son illər Qurban Qurbanovun komandasının da çempion ola bilməməsinin əsas səbəbi də budu. Halbuki, ağdamlılar eyni temp və istəklə çempionatda da oynasa, bu oyunun qarşısında heç bir komanda duruş gətirə bilməz. Ancaq adam Allah yolu danışar, cari mövsüm "köhlən atlar" qismən də olsa bu problemi həll edib. Bir tur öncə "Bakı"ya yenilgini isə sırf əsas heyətin 4 aparıcı üzvünün həmin matçda meydana çıxmamasıyla əlaqələndirmək lazımdı. Digər matçlarda isə, kiçik büdrəmələri nəzərə alsaq, Qurbanovun yetirmələrinin ifasında elə də axsama görməmişik.

Qələbənin ritmini tutan "Qəbələ"

Hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qəbələ"nin yüksəlişini isə sırf Yuri Syominlə əlaqələndirmək lazımdı. Məhz Yuri Pavloviçin gəlişindən sonra son illər hoppanmağı bacaran komanda nəhayət ki, uçmağa başladı. Əlbəttə, mövsümlərarası fasilə dönəmində heyətə cəlb edilən bir neçə yüksək səviyyəli oyunçu da "Qəbələ"nin gücünə güc qatdı. Xüsusən də, bu mənada Hollandiyanın "Ayaks" kimi komandasında oynamış Ebesilyo amilini xüsusi vurğulamalıyıq. Sadəcə, "Qəbələ"nin əsas problemi çempionluq uğrunda mübarizədə əsas rəqibləri olan "Qarabağ" və "Neftçi"yə qarşı keçirdiyi 4 oyunda 1 xal belə qazana bilməməsidi. Ancaq bu oyunlarda Syominin yetirmələrinin heç də pis oynamadığını söyləməliyik. Məsələn "Qarabağ"a qarşı Qəbələdəki oyunda "radarlar" rəqibini meydandan silib süpürmüşdü. Sadəcə, top həmin oyunda özünə söz verdi ki, ağdamlıların qapısına daxil olmayacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunda isə "Qəbələ" 0:4 hesabıyla geriyə düşsə də, özündə güc tapıb 3 qol vurmuşdu. Bəlkə də, hakim oyuna bir qədər də əlavə etsəydi, "qırmızı-qaralar" meydanı xalla və hətta qələbəylə tərk edəcəkdi.

Elə "Neftçi"ylə matçlarda da "Qəbələ" bəxtsizliklə üzləşdi. Qəbələdəki oyunda meydan sahibləri üstün oynasa da, qapılarında gördükləri penalti və rəqibin vurduğu bir məntiqsiz qol hər şeyin üstündən xətt çəkdisə, Bakıdakı matçda Mahir Şükürovun son saniyələrdə cərimə zərbəsindən vurduğu qol "Qəbələ"ni xalsız qoydu. Əlbəttə, "Qəbələ"nin bu mövsüm "Sumqayıt"a yeganə qələbə sevinci bəxş etməsi də utancvericidi. Amma nəyinki Azərbaycan, heç İngiltərə və İspaniya liderləri öz çempionatlarında belə məğlubiyyətlərdən sığortalanmayıblar...

Neft və problemlər səltənətində

Son tura qədər lider olsa da, "Neftçi"nin cari mövsüm son illərlə müqayisədə çox zəif oynadığı göz önündədi. "Neftçi"nin problemlərindən isə saatlarla danışmaq olar. "Neftçi"nin geriləyəcəyi Kanalesin komandanı tərk etməsindən sonra hiss olundu. Platyeylə Nfor paytaxt klubuna transfer olunsa da, nə onlar, nə də komandanın sabiq üzvləri bu boşluğu doldura bilmədi. Zədəsini sağaldan Bohadır Nasimov da əvvəlki illərini xatırlatmadı. Bu azmış kimi komandanı həmişə kritik vəziyyətlərdə xilas edən Vobay da icarəyə verildi. Nöqsan buludundan dama-dama yağan "Neftçi" günlər ötdükcə özünə göl boyda problem yaratdı. Yeni mövsümə ideal hazır ola bilməyən "flaqman" ÇL-in ilk təsnifat mərhələsində "Skenderbeu"ya udazaraq "albanlara uduzsaq, istefa verəcəm" söyləyən Böyükağa Hacıyevin sözünün üstündə durmasına şərait yaratdı. Və Hacıyevdən boşalan "Neftçi" onun köməkçisi işləyən Tərlan Əhmədovun ümidinə qaldı. Ancaq Əhmədovun komandası bir qədər qeyri-sabit təsir bağışlamasıyla yadda qaldı. Di gəl ki, onun komandası da liderliyini qoruya bilirdi. Amma Naxçıvanda keçirilən Superkubok matçında "Xəzər Lənkəran"a məğlubiyyət nəticəsində gözlənilmədən Əhmədov istefaya göndərildi. Nazim Süleymanovun "sükan arxası"na əyləşdirilməsi isə "Neftçi"ni daha da problemlər burulğanına sürüklədi. Komandada ən böyük problem kimi intizamsızlıq baş qaldırdı. AZAL-la oyunda Mahir Şükürovla Elvin Yunuszadənin meydandan qovulması deyilənlərə sübutdu. İndi ümid qalır, "Neftçi" qışda kimi hücumçu kimi transfer edəcək?! Amma öncə "balığın başdan iyləndiyini" göz önünə almaq lazımdı.

Sürünənlər, axsayanlar və yaralananlar

Digər komandalardan isə bu qədər çox danışmağa dəyməz. Çempionluq uğrunda mübarizə aparan 3 komanda problemlərin fonunda güclüdüsə, aşağıdakıların 1-2 müsbət cəhəti olsa da, problemlər dəryasında yelkənsiz gəmiyə bənzəyirlər. Məsələn, ötən mövsümü boşa verən və heç "6-lığ"a düşməyən "Xəzər Lənkəran" yalnız ölkə kubokunun finalçısı kimi avrokuboklara yollandısa, cari mövsüm yenə də eyni səhvləri təkrarladı. Nəticədə Con Benjamin Toşak istefaya göndərildi. Mustafa Dənizlinin gəlişindən sonra isə komandada elə Dənizlinin həmyerliləri demişkən, "kıpırdanma" hiss olundu. Eyni problemlər "İnter"də baş qaldırmışdı. Amma XL-dən fərqli "İnter" rəhbərliyi vəziyyətdən çıxış yolunu məşqçini qovmaq yox, tam tərsi, onunla müqavilə müddətini yeniləməklə tapdı. Çempionatın əvvəliylə müqayisədə "İnter"də həqiqətən də yüksəliş dövrü yaşandı.

Hazırda "İnter" qədər xal toplayan "Bakı" isə çempionatın əvvəlindən Milinko Pantiçin başçılığı altında sürünür. Bəlkə də, çempionatın ən güclü heyətiylə mübarizə aparsa da, "zolaqlılar" "gah mıxa, gah da nala vurmaq" aksiyasını "uğurla" davam etdirir. Hər oyundan sonra isə serbiyalı mütəxəssis xırda ticarət dükanlarında çalışanların "nisyə dəftərini vərəqləməsi" kimi, "bəhanə dəftərinə qeydlər" əlavə edir. "Bakı"nın ən böyük problemi isə səfərdə bərbad oynamasıdı. Bu qədər paralar müqabilində səfərdə 9 oyuna 8 xal yığmaq rüsvayçılıqdı.

AZAL, "Simurq" və "Rəvan" çempionatın ortababları adı ilə kifayətlənir. Bu komandaların yalnız bir imici var: nəhənglərin əsəbi ilə oynamaq. Hərçənd, "Rəvan"da Şahin Diniyev gələndən sonra inkişaf göz önündədi. AZAL-la "Simurq" isə sadəcə adlı-sanlı oyunçularla oynamadıqlarına görə sürünürlər. "Sumqayıt"dan isə heç danışmağa dəyməz. AFFA yenə də onlara güzəştə getməsə, böyük ehtimalla mövsüm başa çatan kimi "gənclik şəhəri"nin komandası elitanı tərk edəcək.

Köhnə hamam, yeni tas

Bəli, ilk yarının yenə də ən böyük problemi stadionların boş olmasıdı. "Qarabağ"ın avrokuboklardakı oyunlarında stadionda anşlaq yaradan azarkeşlər çempionatda Ağdam təmsilçisini yalqız qoyur. Bu digər Bakı təmsilçilərinə də aiddi. Yalnız bölgə komandalarının oyunlarında stadionda bir qədər rəngarənglik olursa, bu mənada qismən "Xəzər Lənkəran" fanatları aktivlik təşkil edir. Hərçənd, lənkəranlılar da son illərdəki kimi elə də fəal deyil. Yeni tasa gəlincə, Vaqif Cavadovun iki dövrədən sonra 9 qolla bombardir olması isə çempionatımız üçün nadir tapıntıdı. Çünki son illər ancaq legionerlərin məhsuldar oyunlarının şahidi oluruq. Deyərdim ki, Vaqifin bu qəhrəmanlığının kağız üzərində həkk olunan "eskiz"ini muzeyə qoymaq lazımdı. Amma ümimi planda bombardirlər siyahısında "ilk 7-lik"də qərarlaşan futbolçuların yalnız 2-inin azərbaycanlı olması yenə də eyni problemlər içində yaşadığımızdan xəbər verir. Deməli, çempionatda Vaqif Cavadovla Əfran İsmayılovdan başqa qol vuran yerli oyunçu yoxdu. Halbuki, bu cədvəldə yığmanın əsas qol maşını Rauf Əliyev də qərarlaşmalıydı...

Milli.Az