Yeni il gəlir: kimə hansı hədiyyə xoşdur?

26 Dekabr 2013 12:19
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə, xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də, bayramı hər kəs öz adət-ənənəsinə uyğun qarşılayır. Elə hər ölkə də öz adət-ənənəsinə uyğun olaraq, dostlarına və yaxınlarına hədiyyə seçib onları sevindirməyə çalışır.

Maraqlı haldır ki, bəzən hansısa ölkədə bizim normal saydığımız hədiyyəni təhqir kimi qəbul edib mübahisə də edə bilirlər. Bu baxımdan elə Azərbaycanda da hədiyyə almaq olduqca müşkül məsələyə çevrilib. Kimə nə almaq, hədiyyə vermək məsələsi olduqca qəliz məsələ olub. Ümumiyyətlə, hədiyyə almağı mənasız pul itkisi hesab edənlər də var, bayramı daha xoş qarşılamaq üçün ailə üzvlərinə, imkan olmadıqda körpələrinə hədiyyə alıb sevindirənlər də.

Fərqli dünya ölkələrində hədiyyə almaq adəti də fərqlidir. Məsələn, Avropa ölkəsi olan Fransada Şaxta baba Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə, bayram günü daha çox yeyib-içməyi sevirlər. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. Qadına ətir hədiyyə etmək evin böyüyünü alçaltmaq kimi bir hal hesab olunur.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapılar bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. Gələn qonaqlar isə hədiyyə olaraq özüylə viski, şirin çörək və kömür gətirməlidir.

İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Yaşından asılı olmayaraq, yumşaq oyuncaqlar hədiyyə etmək bu ölkə üçün ən gözəl hədiyyədir.

İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı ata zibil atmaq bəhanəsilə evdən çıxır və Şaxta baba obrazında qayıdıraq hədiyyələri paylayır.

Azərbaycanda isə hədiyyə almaq və ya vermək məsələsi qarışıqdır. Belə ki, insanların çoxu ümumiyyətlə, bir-birinə hədiyyə vermir. Mağaza və pərakəndə alış-veriş yerlərində alınan hədiyyələr ya uşaqlar, ya iş yoldaşları, ya da məktəb uşaqları üçün olur. Ailənin bir-birinə yeni illə bağlı hədiyyə vermək adəti isə ümumiyyətlə, yoxdur.

Bakı sakini Solmaz Quliyeva bu il aldığı bütün hədiyyələrin Yeni illə bağlı olduğunu deyir. Onun fikrincə, ailə üzvləri bir-birini daim gördüyü üçün hədiyyə almağın elə də bir önəmi yoxdur. Əvəzində isə daha az gördüyün insanlara hədiyyə vermək lazımdır ki, tez-tez xatırlanasan: "At suvenirlərinə üstünlük verirəm. Yumşaq atlar atdan başqa bütün heyvanlara oxşayır. Onları almaq belə istəmirəm, çünki hədiyyə olması yaddan çıxır, gülüş hədəfinə oxşayır. Dostlarıma, yaxınlarıma hədiyyə almışam. Evdəkilərə almıram, onları hər gün görürəm, düşünürəm ki, elə özüm onlara hədiyyəyəm".

Metronun "28 May" stansiyası yaxınlığında yerləşən hədiyyə və parfümeriya mağazasında satıcı işləyən Ayan Məlikova deyir ki, hər il olduğu kimi, ilin rəmzi olan atla bağlı hədiyyələrə üstünlük verilir. Ən çox satılanlar isə üzərində at işləməsi olan alışqanlar və yumşaq at fiqurlarıdır: "Hədiyyə seçimi çoxdur. Tərəfdarı deyiləm ki, mütləq hədiyyə olaraq ilin rəmzi olan hədiyyə alınsın. Fərqli hədiyyələr də almaq olar. Niyə hər zaman hədiyyə deyən kimi ağıla suvenir gəlir? Bu günə kimi ən çox kişi üçün alınan hədiyyə alışqan naboru, qadın üçün isə yumşaq oyuncaq və ətir olub. Mağazaya girən hədiyyə seçimi etmək arzusunda olan şəxs elə birinci bunlara bamaq istəyir. Yeni ilin marağı ondadır ki, qutudan nə çıxacağını bilməyib, təəccüblənəsən. Yoxsa mən artıq növbəti 5 il mənə nə hədiyyə ala bilərlər, onu da bilirəm".

Nə hədiyyə alınmasına gəlincə, psixoloqlar bu fikirdədir ki, insan ən kiçik hədiyyələrdən də xoşbəxt olmağı bacarır, yetər ki, bu kiçik hədiyyə onun ağlına gəlməyəcək bir şey olsun. Hədiyyə alacağınız insandan nə istədiyini soruşmaq isə ümumiyyətlə, hədiyyəyə marağı öldürür. Hədiyyədən çox onu təqdim edilmə yolu da insan üçün hədiyyənin qiymətini birə-beş artırır. Yeni il axşamı üçün nəzərdə tutulan hədiyyəni gizlətmək, eyni zamanda hədiyyə almamış kimi davranmaq da hədiyyənin təsir etmə qüvvəsini artıra bilir. Gözü yoran, alışılmış hədiyyələrdən ümumiyyətlə, imtina etmək lazımdır. Axtarışda olmaq, özünüzün də təəccübləndiyiniz hədiyyələri seçmək lazımdır. Ən pis halda isə hədiyyənin nə olmasından asılı olmayaraq hədiyyə üzərinə qeyd kağızı yapışdırıb, kiçik qeydlər etmək hədiyyəni alan insana da xoş hisslər bağışlayacaq.

Bayram axşamı sevdiklərinizlə birlikdə olmaq isə ən böyük hədiyyədir. İstənilən hədiyyə istər qadınlar, istər uşaqlar üçün dəyərlidir. Lakin qayğı və diqqət bütün hədiyyələrdən üstündür. Növbəti ili daha xoş qarşılamaq üçün isə ailə əhatəsində olmaq kifayətdir.

Ekspress.az