AFFA-nın qarşısında ağır qəza: 5 nəfər yaralandı - FOTO

22 Dekabr 2013 09:03

Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının binası yaxınlığında, prospekt boyunca hərəkət edən "Jeep" və "Mercedes Benz " markalı avtomaşınlar toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürətlə hərəkət edən "Jeep" qarşı yola çıxaraq əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra isə "Mercedes Benz"ə çırpılıb. Nəticədə "Jeep"də olan 3 nəfər və "Mercedes Benz"də olan 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xətai rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verdilən məlumata görə, qəzanın iştirakçısı olan "Jeep" markalı avtomaşın yolda nəqliyyatın hərəkətinə mane olduğu üçün dərhal hadisə yerindən evakuasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.