Azərbaycanda 22 GPS stansiya quraşdırılaraq istismara verildi
18 Dekabr 2013 18:17
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi-Texniki Şuranın iclası keçirilib.
Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli 2013-cü ildə Mərkəzdə görülən işlər və aparılan elmi tədqiqatlar nəticəsində əldə olunan yeniliklərdən danışıb. 2013-cü ildə Mərkəzin daha 4 peyk rabitəsi ilə işləyən seysmik stansiyasının açıldığını bildirən baş direktor, həmçinin 22 GPS stansiyanın da bu il quraşdırılaraq istismara verildiyini qeyd edib.
Q.Yetirmişli Mərkəzlə xarici ölkələr arasında olan əlaqələr haqqında danışarkən, 2013-cü ildə xarici tərəfdaşlarla əməkdaşlığın daha da yaxşılaşdığını və butun qarşılıqlı təcrübə mübadiləsi üçün səmərəli olduğunu deyib.
İclasda Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəisi S.İsmayılova, Zəlzələ ocaqlarının dinamikası və kinematikası şöbəsinin müdiri S.Kazımova, Seysmoloji materialların təhlili və təfsiri şöbəsinin müdiri R.Abdullayeva, Elmi məsələlər üzrə baş direktorun müavini A.Rzayev (geofizika bölməsi), Qravimetriya şöbəsinin müdiri E.Bağırov və Geokimya bölməsinin rəhbəri R.Kərəmova 2013-cü ildə aparılan işlər və onun nəticələrinə dair hesabatlarını təqdim ediblər. Daha sonra aparılmış tədqiqatlar ətrafında müzakirələr aparılıb və hesabat Elmi Şuranın üzvüləri tərəfindən müsbət qiymətləndirilib.
Milli.Az