İnternet istifadəçiləri nədən şikayətlənir?
13 Oktyabr 2010 14:12
İnternet istifadəçilərinin sayı artdıqca bu sahədə yaranan problemlər də artmaqdadır. Bu dəfə bəhs edəcəyimiz məsələ Ulduz Telekomla (ULTEL) bağlıdır.
"ULTEL" abonenti olan İradə Cavadova Milli.Az xəbər portalına şikayət məktubu yazaraq bildirib ki, uzun müdətdir həmin provayderin abonentidir. Lakin o, həmin şirkətin fəaliyyətindən narazıdır. Şikayətçi deyir ki, "ULTEL" şirkəti abonentlərə qarşı fırıldağa yol verir: "Şirkətlə müqavilə bağlayan zaman deyirlər ki, 15 gün ərzində internet açılacaq. Müqavilə bağlanarkən onlar səni qoşulmanın asan olduğuna və hər hansı abonent üçün heç bir çətinlik yaratmayacağına inandırırlar. Buna görə də, istifadəçi məcbur olub özü qoşula biləcəyi ilə razılaşır. Bu zaman şirkət tərəfindən abonentə müqavilədə özü tərəfindən qoşulma barədə xüsusi qeydin yazılmasını tələb edirlər. Lakin 15 gün ərzində ya internetə qoşulmaq mümkün olmur, və ya bəzi problemlər yaranır. Məcbur olub texnik çağırırsan. "ULTEL"də qoşulma pulsuzdur. Lakin usta çağıranda pul ödəməlisən. Eyni zamanda 15-20 gün internetə qoşula bilmədiyin bu müddət ərzində onun pulunu da ödəmiş olursan. Bu yolla istehlakçı hüquqları pozulur" - deyə istifadəçi şikayətində bildirir.
ULTEL-in satış direktoru İsmayıl Əfəndiyev Milli.Az xəbər portalına açıqlamasında şikayətçinin iradlarına aydınlıq gətirib. Şirkətin rəsmisi bildirdi ki, ULTEL vasitəsilə internetə qoşulma 2 gün ərzində həyata keçirilir və yaranmış hər hansı problem qısa zamanda həll edilir: ""ULTEL" telefon operatorudur və 40 mindən artıq abonenti var. Bizim vasitəmizlə internetə öz telefon operatorlarının, həmçinin digər ATS-lərin abonentləri qoşula bilər. Abonentlərimiz internetə 2 gun ərzində qoşulur. Yaranmış hər hansı problem qısa zamanda həllini tapır. Lakin bizim telefon operatoru olmayan abonentlərin bəzi problemləri yaranır. Bu problemin həlli isə bir az vaxt aparır. Bizim telefon operatorunun abonentlərində isə problem dərhal həll olunur".
İ.Əfəndiyev şirkət tərəfindən istehlakçı hüququnun pozulması barədə deyilənlərlə də razılaşmır: "Bizim operator tərəfindən internetə qoşulma haqqı pulsuzdur. Abonentə şəbəkəni yaratmaq üçün müvafiq göstərişlər verilir. Bu halda abonentin özü qoşulması barədə müqavilə bağlanarkən qeyd edilir. Lakin bəzi abonentlər özü qoşula bilmir. Texnik çağırdıqda isə bu xidmət pulludur. Bunun üçün abonent 5 manat pul ödəməlidir" - deyə şirkət rəsmisi açıqlama verdi.
Anar Məmmədov
Milli.Az