ТАР tikinti haqqında qətnamənin qəbul edildiyini təsdiqlədi

17 Dekabr 2013 18:03
Trans-Adriatik qaz kəməri (TAP) "Şahdəniz" konsorsiumunun yekun investisiya qərarından sonra boru kəmərinin tikintisi haqqında qətnamənin qəbul edildiyini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə layihənin rəsmi məlumatında deyilir.

Məlumatda bildirilir, Trans-Adriatik qaz kəmərinin səhmdarları (ARDNŞ, Statoil, BP, Fluxys, Total, E.ON və Axpo) bu gün TAP layihəsinin işlənməsi və həyata keçirilməsi çərçivəsində tikinti haqqında qətnaməyə dair razılığa gəliblər. Bu bəyanat "Şahdəniz" konsorsiumunun çərşənbə axşamı "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının qəbul edildiyini elan etməsindən sonra verilib.

Qeyd olunur ki, 2013-cü il iyun ayında "Şahdəniz" konsorsiumu tərəfindən "Şahdəniz" yatağından qazın Avropaya tədarükü qismində boru kəməri layihəsi kimi seçilən TAP üçün mühüm il olub.

TAP-ın icraçı direktoru Kyetil Tunqlandın sözlərinə görə, TAP səhmdarlarının imzaladıqları bugünkü saziş TAP və gələcəkdə layihənin kommersiya və texniki baxımdan məqsədəuyğunluğuna əminliyin nümayiş etdirilməsi üçün çox vacibdir.

Konsorsiumun "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarını şərh edən K.Tunqland qeyd edib ki, bu qərar "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında daha bir tarixi addımdır: "Şahdəniz-2" Avropaya qazın diversifikasiyası və təhlükəsiz tədarükünü təmin edəcək və onun marşrutu boyunca yerləşən ölkələrin strateji əhəmiyyətini artıracaq".

Milli.Az