Musa Manarov: "Kosmonavtlar üçün Azərbaycan musiqisini çaldırırdım" - VİDEO - FOTO

15 Dekabr 2013 13:24
Alfons Kuaronun açıq kosmosda qalan astronavtlar barədə çəkdiyi, Amerika kinoprokatının lideri olan "Qravitasiya"nı çoxları ötən ilin "ən yaxşısı" hesab edib.

Milli.Az bildirir ki, filmpro.ru saytı isə filmin nə qədər həqiqətə uyğun olub-olmadığını SSRİ qəhrəmanı, polkovnik, təyyarəçi-kosmonavt, kosmosda qalma rekordu vurmuş Musa Manarovla birlikdə araşdırıb, kosmonavt reallığı, kosmosda yaşadıqlarını filmdəkilərlə tutuşdurub. Manarov 1987-88-ci illərdə "Mir" kosmik stansiyasında 365 gün və 23 saat qalıb.

Filmi Manarov bəyənib, bildirib ki, ilk dəfə olaraq tamaşaçıya orbitdə olmaq duyğusu dolğun çatdırılıb: nə aşağı var, nə yuxarı, nə cazibə var, nə də yapışmağa bir şey.

Manarov deyib ki, Kuaronun filmindəki çəkisizlik həqiqətə çox uyğundur, yəni ən azından başqa filmlərdə olduğu kimi, yalançı olduğu heç sezilmir.

Yer planetinin görüntüləri də kosmonavtın xoşuna gəlib: gecə Qahirəsi, Siciliya, buludların kölgəsi, sanki orada oldum. Bircə məsələ ona qaranlıq qalıb: kosmonavtlar hansı istiqamətdə fırlanırdılar? Əslində qərbdən şərqə doğru olmalı idi, filmdə isə hər iki istiqamətdə hərəkət edirlər. 

Filmin süjeti rus peykinin partlaması, onun orbitdə yüksək sürətlə uçan qırıntılarının ölüm gətirməsi üzərində qurulub. Qəhrəmanların olduqları şattl qırıntılardan zədələnir və onlar kosmik stansiyaya pənah gətirirlər. Bəzi anlar Manarovu güldürür: kosmos, elə bil, şossedir, gedirsən, birdən-birə Makdonalds, KFC və s. peyda olur və s.

Manarov deyir ki, kosmonavt daim öz hərəkətlərinə nəzarət etməlidir, çünki kosmik texnika çox zərifdir, bilmədən onu korlaya bilər. Yaxud diqqətsizliyi ucbatından kosmosun ucsuz-bucaqsız dərinliyinə yuvarlana bilər. Üstəlik, kosmonavtın elə də geniş hərəkət imkanı yoxdur: qazla dolu skafandr imkan vermir, ovcu düyümləmək espanderi sıxmağa bərabərdir, belə əlcəklə başqa kosmonavtdan, yaxud dəmir məhəccərdən yapışmaq olduqca çətindir.

Açıq kosmosa çıxış şəhər kənarındakı gəzinti deyil. Çox çətin fiziki işdir. Belə çətin işdən sonra Rayan Stoun kosmik stansiyaya çatandan sonra, amerikan skafandrını soyunan kimi təravətli görünə bilməzdi. İstəyir o rolu Sandra Bullok oynasın, istəyir Ledi Qaqa, istəyir də Xloya Morets.

Kosmonavt təəccüblənir: o xanım heç tərləməmişdi də! Açıq kosmosdan qayıdan kosmonavt litrlərlə tərləyir. 6 saat işləyirsənsə, sənin mayeyığan cihazın dolur, üzün, skafandrın şüşəsi su olur, danışa da bilmirsən, çünki ağzın quruyur.

Bullokun saçını da Manarov bəyənmir: uzun saç çəkisizlikdə uçuşmalıdır, o isə sanki salondan indi çıxıb.

Kluninin qəhrəmanının (Mett Kovalski) bəzi hərəkətlərini kosmonavt bəyənmir: KHV (kosmonavtın hərəkət vasitəsi) ilə çıxardığı hoqqaları heç bir kosmonavt etməz, əyləncə üçün o qədər qaz sərf etmək ağlabatan deyil, kosmosa göndərilən qazın hər qramı böyük pullara başa gəlir. Odur ki, kosmosda əyləncəyə imkan da olmur.

"Ancaq musiqini dinləyirik. Bir dəfə biz "Mir"də fransız Jan-Lu Kretyenlə birlikdəydik. Mən açıq kosmosda işləyən kosmonavtlar üçün Azərbaycan instrumental musiqisini çaldırırdım. Amma stansiyada ikimiz olanda, birlikdə açıq kosmosa çıxanda musiqiyə vaxt qalmırdı".

Manarov deyir ki, KHV-dən fərqli olaraq skafandrda hava daha çox olur. Yəni oksigen çatışmazlığından daha çox, istivurmadan və susuzluqdan ölə bilərsən.  Deməli ki, filmi çəkənlər bu faktı nəzərə almayıblar.

"Qravitasiya"nın lyukları da ona təəccüblü gəlib. Onlar hamısı bayırdan açılır, xüsusi olaraq kosmonavtların içəriyə girmələri üçün. Əslində isə onlar içəridən açılmalıdırlar: "Yadımdadır, bir dəfə şlüzdə təxminən 100 mm təzyiq saxlanaraq açılan lyuku təmir edirdim. Lyuku sterjenlə birləşdirən oxun barmaq qalınlıqdakı oxu əməllicə əyilmişdi. İndi kosmonavtın halını təsəvvür edin". 

Manarov deyir ki, əgər Bullokun qəhrəmanı kosmonavtların yaşadığı təzyiqdə kameranın lyukunu açsaydı (yəni 7,5 dəfə çox), yəqin o, lyukla birbaşa uçub Aya düşərdi.

Kosmonavtın fikrincə, bu qadın heç düzgün ağlamır da. Bullokun qəhrəmanının göz yaşları gözəl su damcılarına çevrilib kabinada uçuşur. Əslində isə çəkisizlikdə maye adamın üzünə maska kimi yapışır. "Bilmirəm, bəlkə də, başı silkələyəndə damlalar uçuşar, amma mən orbitdə ağlamamışam, dəqiq deyə bilmərəm".

Amma yanan qaz kürələrinin stansiyada uçuşunu o, həqiqətəuyğun sayır. Qaz çəkisizlikdə məhz belə uçuşur, hətta kibritin alovu da kürəyə oxşayır.

Bir sözlə, texniki dəqiqsizlik və sadəcə fantastik yeniliklər çox olsa da, filmi kosmonavt pis hesab etmir. Deyir ki, Kuaronadək kosmosu bu qədər gözəl kimsə göstərməmişdi, o, tamaşaçıya vizual təcrübə verir. Həmçinin qeyri-dəqiqlikləri çox az adi adam ilk baxışdan görə bilər - bir neçə yüz kosmonavt, bir neçə min alim və hərbçi. Bəlkə, ona görə Manarov filmi könülsüz şərh elədi: filmi çox bəyəndiyi açıq-aşkar görünürdü.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.