Dell və HP onlardan imtina etməyəcək

14 Dekabr 2013 20:56
Dünyanın nəhəng fərdi kompüter istehsalçıları Dell və HP fərdi kompüterlərin satış həcminin azalmasından daha çox ziyan çəksələr də, hər iki şirkətin rəhbəri gələcəkdə bu məhsulun onların biznesində əsas rol oynamaqda davam edəcəyini bildirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Dell şirkətinin yaradıcısı Maykl Dell Dell World 2013 tədbirində qeyd edib ki, tədarük həcminin azalmasına baxmayaraq hər il dünyada yarım milyardadək fərdi kompüter satılır.

Fərdi kompüterlər əvvəlki kimi istifadəçilər üçün əhəmiyyət kəsb edir və Dellin strategiyasının əsasını təşkil edir, - deyə o vurğulayıb.

HP rəhbəri Meq Uitman Barselonada keçirilən HP Discover 2013 konfransında çıxışı zamanı şirkətinin kommersiya və istehlak məhsullarının inkişafına vəsaitlər yatırmaqda davam edəcəyini bəyan edərək qeyd edib ki, bazarda baş verən dəyişikliklərə baxmayaraq Hewlett-Packard öz rəqabət qabiliyyətini saxlayacağına ümid edir.

HP, Dell və fərdi kompüter sahəsinin digər nəhəng istehsalçıları, o cümlədən prosessor istehsalçısı Intel ikisi birində hibrid qurğular (həm noutbuk, həm də planşet kimi istifadə etmək mümkündür) kimi yeni form-faktorlar sayəsində satış həcminin azalması ilə mübarizə aparmaq iqtidarında olacaqlarını güman edirlər.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda IDC analitik şirkətinin mütəxəssisləri fərdi kompüterlər bazarı üzrə bədbin proqnoz verərək bildiriblər ki, 2013-cü ildə fərdi kompüterlərin tədarük həcmi 10,1 faiz azalacaq, halbuki əvvəllər illik azalmanın 9,7 faiz səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Milli.Az