Gülüstan Əliyeva: «Restoran müdiri ilə aramda eşq macərası olub»

10 Fevral 2010 10:56
Hər zaman "ağır oturub, batman gələn" əməkdar artist Gülüstan Əliyeva da dilə gəldi. Xanəndə-müğənni şou-biznes əhlinin bəzi hərəkətlərinə etirazını bildirdi. O, hətta yerli telekanallara da iradlarını dilə gətirdi.

- Axır vaxtlar məndən efirdə görünməməyimin səbəbini soruşurlar. Nə qədər dəvət alıramsa, o qədər də efirlərdə görünürəm. Mən müəyyən mərhələni keçmiş sənətkarlardanam. Kiməsə deyə bilmərəm ki, məni efirlərə dəvət eləsin. Bir məsələ də var ki, bu gün televiziyanın tələbləri dəyişib, bayağılaşıb.

- Bəs ölkədə baş verən ictimai-siyasi proseslərdən nə qədər xəbərdarsız?
    
- Bütün proseslərdən xəbərdar olmağa çalışıram - istər mədəni, istər iqtisadi sahədə baş verənlərdən xəbərdaram. Şükükrlər olsun, bu gün ölkəmizdə vəziyyət stabildir. İnsanlar daha gözləl yaşamağa yönləndirilib. Azərbaycanın iqtisadiyyatı MDB ölkələri arasında ön sıralardadır.

- İqtisadiyyatdan söz düşmüşkən, dükan-bazara gedirsiz?

- Hərdən gedirəm.

- Qiymətlər sizi qane edirmi?

- Bizdə ətin və ya çörəyin qiyməti elə Fransadakı kimidir. Ölkəmiz digər xarici ölkələrdən heç nəylə geri qalmır.

- Gülüstan xanım, aylıq gəliriniz nə qədərdir?

- Məsəl var, aşıq eldən dolanar. Toylardan qazanıram. Opera və Balet Teatrından 231 manat, Milli Konsevatoriyadan isə 137 manat məvacib alıram. İki iş yerimdən aldığım maaşım yalnız maşınımın benzin puluna bəs eləyir. Hətta 20 qəpik artıq qalır... Hər ay avtomobilimin yanacağına 350 manat xərcləməli oluram. Oğlumla mənim aylıq xərcimiz 3931 manatdır.

- İndiki toylarda içki məclislərində özünüzü necə hiss edirsiniz?

- Niyə yalan deyim, elə də yaxşı hiss etmirəm. Eşitmişəm ki, toylarda bəzi müğənnilərimizi təhqir eləmək bir yana, hətta döyüblər də. Hər bir müğənni bilməlidir ki, hansı səviyyəli toya gedir. Toya gələnlərin arasında hər cür xarakterli insanlar var. Düzdür, bəzən mahnı oxuduğum yerdə gəlib, ifamı yarımçıq kəsirlər. Sərxoş adam deyir ki, başqa mahnı oxu. Beş yüz nəfərlik toyda elə o qədər də zövq olur. Amma toy yiyəsi bilir ki, Gülüstan Əliyeva nə oxuyacaq, Röya nə oxuyacaq.

- Vergi ödəyirsiniz?

- Yox. Bu günə qədər 3-4 şadlıq sarayında vergi ödəyicisi kimi sənəd imzalamışam. Toylara baha qiymətə gedən müğənnilərimiz barmaqla sayılacaq qədərdi. Məndə vəziyyət tamam başqadır. Vergilər Nazirliyi bunu bilir. Toylara baha gedən müğənnilərlə Vergilər Nazirliyi arasında ciddi probləmlər də olur. Mən hələ ki, belə problemlərlə qarşılaşmamışam. Bəzən elə olur ki, ay ərzində 10-15 min manat qazanıram. Bəzən isə 5 min manat gəlirim olur.

- Necə düşünürsünüz, sənət adamı şəxsi həyatı ilə gündəmə gəlməlidir?

- Şəxsi həyatın gündəmdə olmağının əleyhinəyəm. Ciddi sənətlə məşğul olan insanların həyatı gündəmdə olmur. Bəzi müğənnilər ğzləri şəxsi həyatlarının gündəmə gəlməsinin marağındadırlar. Estrada və ya xalq mahnilarının ifaçısı, fərq eləməz - əgər müğənnisənsə sənətinlə gündəmə gəlməlisən. Sənəti olmayan müğənnilər hər yolla - ailə-məişət fonunda efirlərdə görünür. Yaxud da sevgilisini kameralar önünə çıxarır, özlərinə reklam qazanırlar.

- Bir zamanlar sizin də adınız xoşagəlməz olayda hallanmışdı...

- Bilirsiz, həmin məkanda başqa müğənnilər olduğu halda mənim haqqımda danışdılar, yazdılar. Mən necə insan olduğumu yaxşı bilirəm. Bu kimi söhbətlər mütləq faktlara söykənməlidir. Hətta indi də dostlarımla zarafatlaşırıq: bir nəfər restoran müdiriylə aramda eşq macərası olub... Biz buna yalnız gülürük.

- Niyə ailə həyatı qurmursunuz?

- Hər bir insanın həyatında enişlər-yoxuşlar olur. Hətta elə mərhələlər var ki, onları arxada qoymaq mümkünsüzləşir. Bilirsiz ki, 1991-ci il Qarabağ müharibəsində həyat yoldaşım şəhid oldu. Ardınca isə qardaşımı itirdim. Mənim üçün bu həyatda hər şey bitib. Mən ondan boşanmış olsaydım, ikinci dəfə ailə həyatı qurmaq haqda düşünərdim. Yoldaşım dünyasını dəyişəndən sonra mənə çox elçilər düşdü. Ciddi, qeyri-ciddi təkliflər çox oldu. Bilirsiz, bəzi müğənnilər kimlərləsə qeyri-rəsmi nikahda yaşayır. Amma efirə çıxıb deyir ki, filankəs mənim ərimdi. Bu maddi çatışmazlıqlarla bağlıdır. Xaricdə müğənnilər konsertlərindən, disk və albomlarından xeyli pul qazanıb, maddi rifah-halını düzəldir. Bizdə isə vəziyyət tamam başqadır. Bizdə sənətləri sayəsində çətinliklərə sinə gərən sənət adamları azdır. Lakin uğuru, pulu, şan-şöhrəti birə-beş əldə etmək istəyən "müğənniciklər"də var. Təbii ki, bir şeyi əldə etmək üçün nəyisə qurban verməli olursan...

Aytən
Milli.Az