Dünyanın ən yaşlı insanları arasında azərbaycanlı da var - FOTOSESSİYA

10 Fevral 2010 11:48
Bəzi insanlar təbii qidalara üstünlük verdikləri, həmişə  açıq havada işlədikləri üçün uzunömürlü olublar. Bəziləri isə pis və qeyri-sağlam həyat tərzi keçirdiklərinə görə həyatla tez vidalaşıblar.

Bəs dünyanın ən yaşlı insanları kimlər olub?
100 ildən çox yaşayan insanların siyahısında 168 yaşla ön sıralarda olan azərbaycanlı da var. Şirəli Müslimov 1805-ci ildə doğulub, 1973-cü ildə vəfat edib. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Amma bir çoxları onun yaşına şübhə ilə yanaşır.

Dünyanın ən uzunömürlü sakinlərinin ilk onluğu:

1. Jeanne Calment, 21 fevral 1875 - 4 avqust 1997 (122 il 164 gün yaşayıb).

Dünyada ən uzun yaşamış insan adını alan Jeanne Calment ölənə qədər siqaret və içkidən istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.

2. Shigechiyo İzumi, 29 iyul 1865 - 21 fevral 1986 (120 il 237 gün yaşayıb).
İzumi dünyanın ən çox yaşamış kişisidir. İzumi həm də dünyanın ən çox işləyən insanı adını daşıyır. O, 98 il işləyib. 1986-ci ildə sətəlcəm xəstəliyindən ölüb.

3. Sarah Knauss, 24 sentyabr 1880 - 30 dekabr 1999 (119 il 97 gün).
Amerikada yaşayan ən yaşlı insan olan Knauss, 33 saat da bu dünyada qala bilsəydi, 3 əsrin sakini adını alacaqdı. 1999-cu ilin 30 dekabrında otağında səssizcə ölüb. Həkimlər ölmədən  əvvəl səhhətində heç bir problemin olmadığını açıqlamışdılar.

4. Lucy Hannah, 16 iyul 1875 - 21 mart 1993 (117 il 248 gün).
Ən çox yaşayan afrikan-amerikalı olan Hannah dünyanın ən yaşlı sakini adını ala bilməyib. Çünki onunla eyni dövrdə yaşayan Jeanne Calment bu adı götürmüşdü.

5. Marie-Louise Meilleur, 29 avqust 1880 - 16 aprel 1998 (117 il 230 gün).
Fransız əsilli kanadalı olan Meilleuru siqaret narkomanı adlandırırmışlar. Vegeteriyan olan Meilleur 1998-ci ildə qan laxtalanmasından dünyasını dəyişib.

6. Maria Esther Heredia da Capovilla, 14 sentyabr 1889 - 27 avqust 2006 (116 il 347 gün).
Ekvadorda anadan olan Capovilla 2006-ci ildə ölümünə qədər dünyanın ən yaşlı insanı kimi tanınırdı. Üç əsrə şahid olmuş ən yaşlı insan kimi sənədləşdirilmişdi. Siyahıdakı digər insanların əksinə olaraq, həyatı boyunca heç vaxt siqaret və spirtli içki qəbul etməyən Copavilla, 116 yaşına qədər sağlam həyat tərzi keçirib. Amma 2006-cı ildə səhhətində problem yaranıb. 117 yaşını qeyd etməsinə 18 gün qalmış sətəlcəmdən ölüb.

7. Tane Ikai, 18 yanvar 1879 - 12 iyul 1995 (116 il 175 gün).
Tane İkai Yaponiyanın ən yaşlı qadını olub. Onun 99 və 113 yaşında səhhətində problemlər yaranıb. Lakin hər dəfə də düyü şorbası dietası ilə yaşamağa yenidən davam edib. 116 yaşında böyrək çatışmazlığından vəfat edib. Tane İkai cəsədi yarılmış ilk yaşlı insandır.

8. Elizabeth Boldan, 15 avqust 1890 - 11 dekabr 2006 (116 il 118 gün).
Amerika Birləşmiş Ştatlarında yaşayıb. 116 yaşına qədər dünyada yaşayan yeddi insandan biri olub.

9. Carrie C.White, 18 noyabr 1874 - 14 fevral 1991 (116 il 88 gün).
Carrie C.White 114 yaşını qeyd etdiyi 1988-ci ildə dünyanın ən yaşlı insanı kimi Ginnesin  Rekordlar Kitabına düşüb. White Floridada qocalar evində yaşayıb. O, qocalar evinə 1909-cu ildə, 35 yaşında sinir xəstəliyi keçirdikdən sonra düşüb. Ginnesin Rekordlar Kitabına düşməsinə baxmayaraq, yaşı mübahisəli olub.

10. Kamato Hongo, 16 sentyabr 1887 - 31 oktyabr 2003 (116 il 45 gün).
Kamato Hongo, 2002-ci ilin martından 2003-cü ilin oktyabrına qədər dünyanın yaşayan ən yaşlı insanı idi. O, sətəlcəm xəstəliyindən dünyasını dəyişib. Yaponiyalı qadın Kagoshimada yaşayıb və ölmədən 1 ay əvvəl 116 yaşını qeyd edib.
                                                                                                   
Vüsalə
Milli.Az




--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------