"Azərbaycanda ali məktəb müəllimlərinin əməyi və səviyyəsi fərqləndirilməlidir" - bu sözləri Trend-ə açıqlamasında təhsil nazirinin müşaviri Elxan Hüseynov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2012-ci ilin sonunda "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra ali məktəblərdə işçilərin əmək haqlarının yenidən müəyyənləşdirilməsi istiqamətində işlər görülüb, professor-müəllim heyətinin maaşları fərqləndirmə prinsipi ilə müəyyənləşdirilir. Bəzi müəllimlərin maaşı 800-1000 manata çatıb: "Ancaq hələ ki işində innovativ texnologiyalardan kifayət qədər istifadə etməyən müəllimlər onlardan 20 faiz, hətta daha az əməkhaqqı alırlar. Deməzdim ki, bütün ali məktəblər bu qərarın icrası ilə bağlı məsələləri eyni səviyyədə həll edə biliblər. Az bir müddətdə bu sahədə iş görülsə də, bu işlər davam etməlidir. Hesab edirəm ki, yaxın zamanda bu sistemin tamamilə tətbiqi mümkün olacaq". Nazir müşaviri bildirib ki, fərqləndirmə və stimullaşdırma prinsipi müəllimlər arasında rəqabəti artırar və son nəticə olaraq təhsilin keyfiyyətinə ciddi təsir göstərər.Ekspertlər hesab edirlər ki, ali məktəbdə çalışan bütün müəllimlərə eyni maaş verilməsi düzgün deyil