Android istifadəçiləri iPad alırlar

4 Dekabr 2013 20:36
InfoScout analitik şirkəti ABŞ-da ötən həftənin cümə günü Yeni il satışlarına başlanandan sonra araşdırma apararaq alıcıların fəallığını qiymətləndirib. Araşdırma nəticəsində müəyyən edilib ki, yerli əhali arasında ən çox tələbat müxtəlif modifikasiyalı iPad planşet kompüterlərinə olub (Walmart, Target və Best Buy kimi 3 iri pərakəndə satış şirkətində).

Milli.Az ICTnews-a istinadən bildirir ki, yalnız Best Buy şirkətində liderlik Microsoft Surface planşetlərinə məxsus olub, digər iki mağaza şəbəkəsində isə iPad mini və iPad Air ən çox satılan qurğular kimi qeydə alınıb.

InfoScout-un məlumatına görə, Apple planşeti alıcılarının təxminən 40 faizi Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon sahibləridir. Analitiklər bildiriblər ki, bu onu göstərir ki, Google mobil əməliyyat sistemləri bazarında yekdil qalib olduğunu bəyan edə bilməz və onu uzun rəqabət gözləyir.

Bir müddət əvvəl InfoScout oyun konsollarının satışı üzrə məlumatları dərc edib. Xbox One və Xbox 360 oyun qurğularının bayram satışları ərzində satılan qurğularda payı təxminən 30 faiz, Sony PlayStation 3 və PlayStation 4 konsollarının 15 faiz (Walmart və Target mağazalarında ) təşkil edib.

Milli.Az