Windows 8.2 yenə yenilənir

2 Dekabr 2013 20:02
Bir ay əvvəl Microsoft şirkəti Windows 8.1 yeni əməliyyat sisteminin yekun versiyasını çıxarıb. Hazırda ən böyük proqram təminatı istehsalçısının komandası növbəti yeniləmə üzərində işləyir.

Əgər insayderlərin məlumatına inansaq, Microsoft hazırda növbəti qlobal yeniləmə üzərində işləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yenilənmiş versiyada Başlat menyusu daha çox funksiya icra edəcək.

Həmçinin Bələdçinin (File Explorer) xarici görünüşü dəyişdiriləcək. Bundan əlavə, Internet Explorer 11 brauzerində səhifələrin yüklənmə sürəti artırılacaq.

Qeyri-rəsmi informasiyaya görə, Windows 8.2 2014-cü ilin əvvəlində təqdim ediləcək. Windows 8 və Windows 8.1 istifadəçiləri öz qurğularına yeni versiyanı tamamilə ödənişsiz yükləyə biləcəklər. Başqa istifadəçilər üçün isə yenilənmiş platforma ödənişli olacaq.

Milli.Az