Həm Android, həm Firefox-la işləyən smartfon

1 Dekabr 2013 18:11
Firefox OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istehsalı ilə məşğul olan İspaniyanın Geeksphone şirkəti Revolution adlı yeni smartfon modelini nümayiş etdirib. Smartfon yüksək məhsuldarlığa malik prosessorla təchiz edilib, eləcə də Android əməliyyat sistemi ilə yüklənə bilir.

Şirkət qurğunun dizaynı, tədarük tarixi, qiyməti haqqında məlumatları açıqlamayıb. Biz əminik ki, qurğunun sürəti hamını təəccübləndirəcək və qiymət çox rəqabətqabiliyyətli olacaq, - şirkətin həmtəsisçisi Havyer Aquera bildirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Geeksphone nümayəndələri həmçinin əlavə ediblər ki, Peak smartfonundan sonra buraxılması nəzərdə tutulan Peak+ modeli ilə bağlı planlar ləğv olunur. Qiyməti 203 dollar təşkil edən yeni qurğuya əvvəlcədən sifarişlər verən alıcılar pullarını geri ala və ya Revolution smartfonunu əlavə pul ödəmədən əldə edə bilərlər.

Gözlənildiyinə görə, Revolution Firefox OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən güclü qurğu olacaq. Cari ilin aprelindən Geeksphone iki model təqdim edib. Bunlar Keon (3,5 düymlü ekran, 1 giqahersli Snapdragon S1çipi, 4 giqabaytlıq fləş-yaddaş, 3 meqapikselli kamera) və Peak (4,3 düymlü qHD-displey, 2 nüvəli çip, 8 meqapikselli kamera, 4 giqabaytlıq operativ yaddaş) modelləridir.

Bu günlərdə Firefox OS sistemli qurğuların satışı ilə bağlı planlarını Asiya və Şərqi Avropa bazarında iştirak edən Norveçin Telenor operatoru açıqlayıb. Operator bu qurğuları Serbiya, Macarıstan və Monteneqro bazarlarında satmağı düşünür.

Qeyd edək ki, Firefox OS Mozilla şirkəti tərəfindən hazırlanan mobil əməliyyat sistemidir. Sistem HTML, CSS və JavaScript açıq standartlarına əsaslanır ki, bu da ona əksər veb-əlavələrlə uyğunluğa imkan verir.

Milli.Az