Lenovo 100 milyon dollar sərmayə yatıracaq

30 Noyabr 2013 22:46
Çinin Lenovo şirkəti Enterprise Product Group Lenovo bölməsi və şəbəkə məlumatlarının saxlanılması həlləri sahəsində fəaliyyət göstərən LenovoEMC müəssisəsi üçün proqram təminatı tədqiqatları və işləmələri mərkəzinə 100 milyon dollar məbləğində investisiya yatırmaq niyyətində olduğunu bəyan edib.

Elmi-tədqiqat kompleksi San-Paulu şəhərinin təxminən 100 kilometrliyində yerləşən Kampinas Dövlət Universitetinin bazasında Unicamp texnoloji parkında inşa olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mərkəzin fəaliyyətində əsas hədəf proqram təminatı sahəsində innovasiyalı texnoloji həllərin, yüksək məhsuldarlığa malik serverlərin, məlumatların saxlanılması sistemlərinin və korporativ sektor üçün bulud platformalarının yaradılması olacaq. Lenovo nümayəndələri bildiriblər ki, mərkəzin məhsulları şirkətə bazarda qlobal iştirakını genişləndirməyə və biznes auditoriyasına yeni proqram məhsulları və xidmətləri təklif etməyə imkan verəcək.

Yaxın bir neçə il ərzində mərkəzdə Braziliyanın İT mütəxəssisləri üçün təxminən 220 iş yeri açıla bilər. Layihə hökumət tərəfindən regiona investisiyaların stimullaşdırılması məqsədilə yaradılan Investe São Paulo agentliyi tərəfindən bəyənilib və dəstəklənib. Elmi-tədqiqat mərkəzinin artıq gələn ilin yanvarından fəaliyyətə başlayacağı gözlənilir.

Milli.Az