HKM Qoşunları komandanı: "Rusiya hava-kosmik müdafiə qüvvələrini Arktikada yerləşdirməyə başlayıb"

28 Noyabr 2013 13:12
"Rusiya Hava-Kosmik Müdafiə (HKM) Qoşunları bölmələrinin Arktikada yerləşdirilməsinə və Uzaq Şimalda raket hücumundan xəbərdarlıq sisteminin radiolokasiya stansiyasının (RLS) tikintisinə başlayıb".

Trend-in məlumatına görə, bunu HKM Qoşunları komandanı general-mayor Aleksandr Qolovko RİA Novosti-yə müsahibəsində deyib.

A.Qolovko bildirib: "İrkutskda və Kalininqradda yeni RLS-lərin tikintisi başa çatıb, Yenisey, Orsk, Barnaul və Vorkuta şəhərlərində RLS-lərin yaradılmasına başlanılıb".

Komandan xatırladıb ki, cari ildə Armavirdə (Kuban) Azərbaycanda Qəbələ RLS-in istismarının dayandırılmasını tamamilə kompensasiya edən yüksək zavod hazırlıqlı RLS döyüş növbəsinə qoyulub: "İşimizdə mühüm istiqamət radiolokasiya sahəsinin inkişafıdır. Bu, xüsusilə şimal istiqamətinə aiddir. Artıq Arktika zonasında radiotexniki bölmələrin yerləşdirilməsinə başlanılıb".

Milli.Az