Malayziya İranın xahişini rədd etdi, iki nəfər edam olundu

26 Noyabr 2013 20:43
Malayziya Ali Məhkəməsi İranın daha iki vətəndaşını narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə edam cəzasına məhkum edib.
 
APA-nın Malayziyanın "Bernama" dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, 33 yaşlı Kazım adlı şəxs 2011-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpur beynəlxalq hava limanında üzərində 330 qram metamfetamin (şişə) narkotik maddəsi ilə evdar həyat yoldaşı Sürəyya ilə birlikdə həbs edilib. Ancaq dəlil yetərsizliyi səbəbindən 32 yaşlı qadına 16 il həbs cəzası kəsilib. 39 yaşlı taksi sürücüsü Mikayıl isə 2010-cu il noyabrın 15-də üzərində 752 qram metamfetamin (şişə) narkotik maddəsi ilə tutulub.
 
Qeyd edək ki, hazırda Malayziya həbsxanalarında 222 İran vətəndaşı narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə həbsdədir və bu ölkədə üzərində 50 qramdan çox nakotik maddə tutulan şəxs barəsində edam cəzası çıxarılır. İndiyədək Cənub-Şərqi Asiya ölkəsində 76 İran vətəndaşına ölüm cəzası kəsilib. İran səfirliyi Malayziya Krallıq Administrasiyasına müraciət edərək bir çox iranlının əfv olunmasını istəyib. Bundan başqa, Malayziya Xarici İşlər Nazirliyi də bu ölkədə iki iranlı qadına - 31 yaşlı Şəhrzad Mənsur və 26 yaşlı Neda Mustafayiyə çıxarılan ölüm hökmünün dayandırılması ilə bağlı İranın xahişini rədd edib.

Milli.Az