Foxconn 500 iş yeri açacaq

26 Noyabr 2013 19:17
Hon Hai Precision Industry Co şirkəti (Foxconn brendi) kontrakt biznesinin şaxələndirilməsi proqramının həyata keçirilməsi çərçivəsində ABŞ-da istehsal xəttinin inkişafına 40 milyon dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb.

Təxminən 30 milyon dollarlıq vəsaitin 2 il ərzində Harrisberq şəhərində (Pensilvaniya ştatı) 500 iş yerinin yaradılmasına xərclənməsi nəzərdə tutulur. Daha 10 milyon dolların istehsalın robotlaşdırılması üzrə Karneqi-Mellon Universitetinin alimləri ilə birgə həyata keçiriləcək elmi tədqiqat işlərinin aparılmasına yönəldiləcəyi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Tayvan ticarət nümayəndə heyəti ilə birlikdə ABŞ-da rəsmi səfərdə olan Hon Hai Group sədri və prezidenti Terri Qou bildirib ki, ABŞ-da yatırılacaq investisiyalar brend qurğuların istehsalı üçün nəzərdə tutulmayıb.

Biz Çində fəaliyyət göstərən istehsal xətlərini bura köçürmək fikrində deyilik. Bizim məqsədimiz ABŞ-da gələcək texnoloji yenilikləri həyata keçirmək üçün əlverişli maya dəyəri ilə yüksək dəqiqliyə və texnologiyaya malik istehsalın yaradılmasıdır, - T.Qou qeyd edib.

O, həmçinin vurğulayıb ki, Apple şirkətinin müqavilə əsasında nəhəng tərəfdaşı olmaqla fəaliyyət göstərən Foxconnun planları ABŞ hökumətinin ölkənin istehsal sektorunun bərpası ilə bağlı proqramına tam uyğundur.

Milli.Az