Azərbaycan metropolitenin inkişafı sahəsində Fransa ilə əməkdaşlıq edə bilər

26 Noyabr 2013 14:11
"Azərbaycan Fransanın maliyyə institutlarının iri layihələrin maliyyələşdirilməsindəki rolunu yüksək qiymətləndirir". Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Fransa iqtisadi komissiyasının yeddinci iclasında bildirib.

Şərifov deyib ki, Fransa bankları ölkəmizdə iri investisiya layihələrini maliyyələşdirirlər: "Mən "Societe General" və "BNP Paribas"ı qeyd etmək istəyirəm. Hesab edirik ki, bu əməkdaşlığı inkişaf etdirmək vacibdir".

Nazirin sözlərinə görə, gələcək əməkdaşlığın istiqamətləri arasında avtomobilqayırma və ictimai nəqliyyat sahələrini seçmək olar: "Məlum olduğu kimi, şəhərin gələcək inkişaf istiqamətlərini müəyyən edən Böyük Bakının İnkişaf Planı qəbul edilib. Belə mühüm istiqamətlərdən biri metropolitenin inkişafıdır. Bakı metrosunun inkişaf sxemi mövcuddur və hesab edirik ki, bu sahədə Fransa şirkətləri ilə əməkdaşlıq üçün potensial var. Metronun inkişafı təkcə yeni xətlərin çəkilməsi və yeni stansiyaların inşası deyil. Hesab edirəm ki, fransalı tərəfdaşlar Azərbaycanla bu sahədə və metropoliten üçün texniki avadanlıqların çatdırılması, həmçinin elektrik qatarları parkının yenilənməsi sahəsində də əməkdaşlıq edə bilərlər".
 

Nazir qeyd edib ki, Bakı Metropoliteninin inkişafına digər dövlətlər də maraq göstərirlər: "Bundan başqa, ölkələrimiz meliorasiya təsərrüfatı və yol tikintisi, eləcə də digər infrastruktur sahələr üzrə də əməkdaşlıq edə bilərlər".

Milli.Az