Kənan MM barədə yazıldı: "Qaqaş oğlanların kumiri olmaq sənə bəs edirsə" - FOTO

4 Aprel 2015 19:42

Milli.Az "Azadlıq Radiosu"-na istinadən Günel Mövludun yazısını təqdim edir

Rejissor Kənan Mahmudovu universitet illərindən tanıyıram.

Rejissorluq fakültəsində oxuyurdu. Heç bir pis hərəkətini, şitliyini, kobudluğunu görməmişəm o illər ərzində.

İşlədiyim qəzetlərdə şou, mədəniyyət adamları ilə müsahibələr lazım olanda, dəvət etmişəm, sağ olsun, ədəb-ərkanla, hörmət hissi ilə gəlib, danışıb, gedib.

Şəxsi tanışlığımız çox sıx olmasa da, nə vaxt, nə zaman nə sualım, sözüm olsa, rahatca zəng etmişəm, həmişə də ancaq və ancaq hörmət görmüşəm.

Uzun illər onun barəsində gələcəyi olan, istedadlı, maraqlı rejissor kimi düşünmüşəm, düşünmüşəm ki, bir neçə il gözünün qurdunu kliplə, şou ilə öldürəndən, beş-on manat qazanandan sonra ciddi işə başlayacaq, kino çəkəcək, uğur qazanacaq.

Bunu ona görə düşünürdüm ki, bir neçə dəfə söhbət eləmək imkanımız olanda, Kənan kinodan, sənətdən həvəslə danışırdı, hiss olunurdu ki, onun içində əsl kino vurğunu var.

Kənanın ilk işlərində, çəkdiyi kliplərdə dominantlıq edən mafiya adamı, kriminal dünyaya məxsus, qeyrətli, ciddi, güclü, idmançı oğlan obrazlarını təbəssümlə qarşılamışam, fikirləşmişəm ki, müvəqqəti həvəsdir.

Hamımızın bir belə dəli-dolu, vurub-yıxan oğlanları xoşlayan, rəğbət bəsləyən vaxtımız olur, sonra yaş keçir, zövq formalaşır, biz ciddiləşirik.

Amma illər keçdi, Kənanın yaşının üstünə yaş gəldi. Sonra yenə yaşın üstünə yaş gəldi. Bu adam bir addım da olsun irəliləmədi, böyümədi, müdrikləşmədi, ciddiləşmədi. Kliplərindəki mafioz, idmançı, qarakurtkalı, vurub-yıxan, qeyrətli, bəzən oğru, bəzən killer oğlan ildən-ilə daha çox meydan suladı. Ildən-ilə başa düşdüm ki, bu kriminal, idmançı, vurub-yıxan, killer oğlan, o oğlanın həyatı, davranışları Kənanın arzularıdır.
 

O, kilplərin birində adam öldürməklə, birində kimisə sındırmaqla, birində dəstə yığıb, kimisə xilas etməklə, bir təpiyə beş adamı yerə uzatmaqla əslində, öz arzularını həyata keçirir. Onun bütün qəhrəmanları, əslində, özünün alter-eqosudur.

Bunu onun sosial şəbəkələrdə gündə on dənəsini paylaşdığı şəkilləri, duruşu, hərəkətləri, atributları da deyirdi.

Paylaşdığı ərgən aforizmlər, on, on beş il əvvəldə qalmış duzsuz, "vorovskoy", "yaxşı oğlan" zarafatları, təsbeh, dini motivli üzük, beşbarmaq, qatlanan bıçaq, qara kurtka, boks əlcəyi şəkillərini gördükcə heyrətə gəlirdim: ilahi, incəsənət universitetini, rejissorluq fakültəsini bitirmiş, ciddi kinodan azdan-çoxdan xəbəri olan (görəsən, Kurasava, Fellini, Pazolini, Viskonti, Qodar barədə oxuduqlarından, ya da heç olmasa, eşitdiklərindən ayıb eləmirmi? ) bir adam belə ucuz, bayağı şeyləri özünə necə yaraşdıra bilir?
 

Əlbəttə, Kənan bu söhbətdə adamı çox pis sındıra bilər. Deyər ki, yaxşı, mən qaqaşam, ərgənəm, qarakurtkalıyam, zövqsüzəmsə, mən ucuzluq, bayağılıq edirəmsə, bəs onda mənim fanatlarım kimlərdi? On minlərlə gənc oğlan, qız məni özünə kumir seçiblərsə, yaratdığım qarakurtkalı, idmançı, mafioz obraza vurulublarsa, tamaşaçı bunu istəyirsə, mən neyləməliyəm?
 

Deyər, gör tamaşaçı nə gündədi ki, on ildir istismar elədiyim mafioz, idmançı oğlanın "adam sındırmağına", "razborkalardan" "cool" çıxmağına heyran olur, vəcdə gəlir? Deyər ki, paylaşdığım təsbehli, beşbarmaqlı, qatlanan bıçaqlı, boks əlcəkli şəkilləri on minlər bəyənirsə, onlar məhz bunu istəyirsə, ciddi kino, ciddi sənət vecinə alan yoxdusa, mən neyləməliyəm? Deyər ki, zövqsüzlük, bayağılıq, yüngüllük sizin ölkənizdə sifarişdir, tələbatdır, tamaşaçının səviyyəsi budur, mən nə edim?!
 

O bunları deyə bilər. Və haqlı olaraq, deyə bilər. Amma ciddi iş görmək istəyən, içində əsl sənət yanğısı olan adamın belə bəhanələri ola bilməz. Cek Londonun qəhrəmanı Martin İden qorxur ki, müxbirlik, publisistika onun yazıçı üslubunu öldürəcək, buna görə də, qəzetlərdə işləməkdən imtina edir, illərlə ac-yalavac yaşayır.

Amerikalı rejissor Darren Aranofski film çəkmək üçün ona lazım olan pulu sözün həqiqi mənasında dilənərək yığır. Ciddi sənət bəzən məhrumiyyətlər, kasıblıq, illərlə sürən uğursuzluq tələb edir. Sənin içində doğrudan da sənət yanğısı varsa, bunu edə biləcəksən.

Yox, sənə yelbeyin qızların heyranlığı lazımdısa, ömründə əlinə kitab almayan, qəpiklik sənət zövqü olmayan qaqaş oğlanların kumiri olmaq sənə bəs edirsə, onda elə otuz il də mafioz, idmançı, vurub-yıxan, adam sındıran, razborka aparan oğlan obrazı ilə baş girləyə bilərsən. Bir də gözünü açacaqsan ki, 50-60 yaşın var, saçın ağarıb, üzün qırışıb, sənsə hələ də klipdə kiməsə təpik atırsan, kiməsə kəllə vurursan, kiməsə güllə sıxırsan, kameranın arxasında isə operator, assistent, işıqçı, qrimçi sənə gülür...
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin