Azərbaycanda yığılmış 2013-cü il buraxılışı "ZAPI" - REPORTAJ - VİDEO

23 Noyabr 2013 11:02

Nə zamansa bu maşını şəhərdə görsəniz, təəccüblənməyin

Yox, düşünməyin ki, bu uşaqlar üçün olan oyuncaq maşındır və paytaxt küçələrində təsadüfən şütüyür. Əsla belə deyil.

APA TV-nin məlumatına görə, Azad Dadaşovun bir neçə köhnə maşından yığdığı bu avtomobil tam işlək haldadır. Usta deyir ki, ömrünün 30 ili bu cür maşınları düzəltməklə keçib. Qazandığı uğur isə göz önündədir: "Bu maşın "Zaporojets" maşını əsasında düzəlib. Maşını aparan təkərlər arxa təkərlərdir. Buna rusca "zadimatornı" deyirlər. Bu maşının üstünlüyü o birilərdən ona görə yaxşıdır ki, yola daha rahat oturur. Çala-çuxurdan yaxşı keçir. Çox qənaətcil maşındır. Arxa təkərləri işlək olduğundan təkərlər yola daha yaxşı oturur və davamlıdır. Qarda da bu maşını sürmək rahat olar, amma heyf ki, üstü açıqdır. Bu maşın daha çox yayda gəzinti üçün nəzərdə tutulur".

Düzəltdiyi maşınların xüsusi bir özəlliyi olduğunu deyir, usta. İlk dəfə 15 il əvvəl müxtəlif avtomaşınların kompleksindən yeni "Jeep" yaradıb ki, həmin maşının sözü-söhbəti hələ də görənlərin dilindən düşmür. Yaradılan maşınların özəlliyinə gəlincə, belə deyir: "Bu maşının bir cəhəti var ki, qapı yoxdur. Bunun ban hissəsi çox möhkəmdir. Əriməyə qarşı davamlıdır. Rolu eyni "Zaporojets" roludur. Adi qaydada sürət qutusu ortadadır. Mühərrik hava ilə sorulur".

Müsahibimlə söhbət zamanı bizə maraqlı gələn daha bir məqam oldu. Yaxşı, bu avtomaşınlar hazırlanmağına hazırlanır, bəs, onları şəhərdə idarə etməyə yol polisi icazə verirmi? Usta deyir ki, vaxtilə sovetlər dönəmində belə bir problemlə qarşılaşmasalar da, indiki durum bir qədər fərqlidir. O zamanlar nəinki kustar üsulla yığılan avtomobilləri şəhərdə idarə etməyə icazə verilirdi, hətta həmin avtomobillərə dövlət nömrə nişanı da almaq olurdu. Bu da yeni ixtiraçıları bir qədər ruhlandırırdı: "Elə gün olur ki, səhərdən axşama kimi işləyirik. Elə gün də olur ki, heç işləmirik. İnsanın beyni dolur, yorulur. İnsana bir həvəs gəlməlidir, o olmayanda işləmək olmur. Bu iş elədir ki, burda gərək ideya, fikir gəlsin ki, sən nə isə yarada biləsən".

Bu illərdə Azad usta əməyini də boşa xərcləməyib. Onun yetişdirdiyi onlarla tələbəsi ustadın yolunu davam etdirir: "Maşının bu hissəsini İlham tələbəmlə işləmişik. Baxın burda İlhamın ideyasına görə, bu qapağı tordan qoyub ki, tez soyutsun və mühərrik qızmasın. Fikrimiz var ki, bunu bir az da müasirləşdirək".

İxtiraçı ustanın indi tək bir arzusu var. Neçə illərdi hobbi kimi baxdığı sənətini bir qədər də genişləndirib, yaşatmaq. Eyni zamanda hazırlayacağı yeni maşınları daha müasir texnologiyalarla yeni standartların tələbinə uyğun hazırlamaq.

Milli.Az