Radikallar xaricdən gələcək pullar uğrunda mübarizə aparırlar?
22 Noyabr 2013 00:30
Bu günlərdə radikal müxalifət cəbhəsində ən çox müzakirə olunan məsələ Milli Şuraya təyin olunacaq rəhbərin və ya həmsədrin kimliyidir. Artıq seçkilərin başa çatmasına və Milli Şuranın uduzmasına baxmayaraq, məğlub birliyin sədrliyi uğrunda vəzifə müxalifətin nəyinə gərəkdir?
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Milli Şuranın nüfuz sahibi olmayacağı əvvəldən də gün kimi aydın idi. Bununla belə, Milli Şura sayəsində uzun müddətdən sonra bir-biri ilə rəqabət aparan radikal müxalifət partiyalarını azacıq da olsa, bir çətir altına yığmaq mümkün olmuşdu. Hazırda isə daima digərinin sosial bazasını özünə tərəf çəkmək istəyən qüvvələr bu gün Milli Şura vasitəsi ilə əvvəlki arzularını həyata keçirməyə çalışırlar.
"Söhbət heç də həmsədrlikdən getmir. Bu gün həmin quruma daxil olan hər bir partiya hesab edir ki, onun nümayəndəsi Milli Şuraya sədr seçilərsə, onun vasitəsi ilə digər partiyaların elektoratını öz tərəfinə çəkmək və özünü bir qüvvə kimi göstərmək mümkün olacaq", - Mirzəzadə Milli.Az-a açıqlamasında deyib.
Millət vəkili hesab edir ki, radikal müxalifətə xaricdən maliyyə dəstəyi söz veriblər. Perspektivdə görünən maliyyə dəstəyinə sahib olmağın özü də balaca məsələ deyil.
"Radikal müxalifət partiyalarının gəlir mənbələri məlum deyil. Bununla belə, onlar böyük aparat saxlayırlar, qəzet buraxdırırlar. Özlərinin xarici səfərlərini həyata keçirirlər. Bu maliyyənin xaricdən gəldiyi ilə bağlı deyilənlər heç də əsassız deyil. Əgər Milli Şura özünün kövrək birliyini qoruya bilərsə, onda xaricdən ayrılacaq vasitə quruma rəhbərlik edəcək partiyaya gedəcək", - o vurğulayıb.
Teymur Hacıyev
Milli.Az