Azərbaycanlı milyoner: "Lazım gəlsə, İbrahimoviçi də alarıq"

21 Noyabr 2013 18:00
"Bakı" klubunun prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa "Lans"ının hədəfləri barədə danışıb. Lent.az-ın məlumatına görə, azərbaycanlı iş adamı "Canal+"ə müsahibəsində "Lans"ı I Liqa adlanan yüksək liqaya qaytarmaq niyyətində olduğunu bildirib.

"Bakı"nın prezidenti "Lans"a hələlik 20 milyon avro investisiya qoyub. Lakin o, öz məqsədinə çatmaq üçün "pul kisəsinin ağzını daha geniş açmağa" hazırdır:

"Biz Fransanın elit liqasına qayıtmalıyıq. Ən yaxşı olmağa can atırıq. Bu səbəbdən, "Lans"a sərmayə qoymalıyıq. Necə lazımdırsa, klubu maliyyələşdiririk".

Hazırda Fransada PSJ və "Monako" klubları da əcnəbi iş adamları tərəfindən maliyyələşdirilir. Dünyanın ən güclü futbolçularından Zlatan İbrahimoviç PSJ, Radamel Falkao isə "Monako"da çıxış edir.

Məmmədov da supertransferlər etməyə hazır olduğunu bildirib: "Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq".

Qeyd edək ki, "Lans" Fransa çempionatının II Liqasında 14 turdan sonra 3-cü pillədə qərarlaşıb və lider "Mets"dən cəmi 4 xal geri qalır.

Milli.Az