ARDNŞ Xəzərdəki iri yataqda hasilatın artırılması üzrə işlər aparır
21 Noyabr 2013 14:31
2013-2015-ci illərdə neft hasilatının stabilləşdirilməsi və artırılması üçün ARDNŞ tərəfindən "Neftqaztikinti" trestinin qarşısına qoyulan əsas tələblərdən biri "Günəşli" yatağında infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsidir.
Trend-in ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ölkənin neft-qaz sənayesinin infrastruktur imkanlarının artırılmasına xidmət edən bu layihələrin icrası sürətlə davam etdirilir. "Günəşli" yatağı üzrə layihə smeta sənədləri əsasında ümumilikdə 20 yeni quyunun qazılması planlaşdırılıb.
Həmin quyuların altısı artıq istismara, beşi qazmaya təhvil verilib, qalan quyuların qazılması üçün isə tikinti-quraşdırma işləri davam etdirilir.
Yataqdakı 6 saylı dərin dəniz özülü əlavə 1 quyunun qazılması üçün trest tərəfindən yenidən qurulub və quyu istismara təhvil verilib, 8 saylı dərin dəniz özülündə əlavə 2 quyunun qazılması üçün yenidənqurma işləri başa çatdırılmaq üzrədir. 11 saylı dərin dəniz özülünün əlavə 6 quyunun qazılması üçün nəzərdə tutulmuş genişləndirilmiş hissəsində 3 quyu istismara və 1 quyu qazmaya təhvil verilib, digər quyularda isə işlər başa çatdırılmaq üzrədir.
Eyni zamanda 13 saylı dərin dəniz özülü əlavə 4 quyunun qazılması üçün yenidən qurulub, buradakı 2 quyu istismara təhvil verilib və digər quyularda işlərin yekunlaşdırılması istiqamətində hazırlıq görülür. 14 saylı dərin dəniz özülünün genişləndirilmiş hissəsində 3 quyu istismara və 1 quyu qazmaya təhvil verilib, digər quyuların qazmaya təhvil verilməsi üçün hazırlıq işləri aparılır. Bundan əlavə 19 saylı dərin dəniz özülündə 1 quyunun qazılması üçün də hazırlıq işləri görülür.
"Neftqaztikinti" tresti tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işləri yatağın neftvermə əmsalının artırılmasına xidmət edir. Ötən müddətdə neft-qaz sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi sahəsində yüksək uğurlara imza atmış trestin əmək kollektivi əldə olunan nailiyyətləri ilin sonuna kimi daha da artırmaq, tikinti-quraşdırma işlərini daha keyfiyyətlə, ətraf mühitə ziyan vurmadan vaxtında təhvil verilməsinə nail olmaq məqsədi ilə əzmlə çalışır.
Qeyd edək ki, neft sənayesinin infrastruktur imkanları ildən-ilə genişləndirilir, dənizdə və quruda yeni-yeni sosial və istehsal təyinatlı obyektlər inşa olunur. Neft-qaz sənayesi üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ARDNŞ-nin "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir.
Milli.Az