Türkiyədə yeni konteyner limanının tikintisi regionun inkişafına yardım edəcək

20 Noyabr 2013 19:06
"Hazırda "Petkim" konteyner limanının infrastrukturunun təqribən 42 faizinin tikintisi başa çatıb, habelə torpaq işlərinin 82 faizə yaxını görülüb". Trend-in məlumatına görə, bunu jurnalistlərə "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin sədri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, limanın tikintisinin 2015-ci ildə başa çatacağı, tikinti layihəsinin dəyərinin isə 400 milyon dollar təşkil edəcəyi gözlənilir: "APM Terminals"ın gücü Aslancaq limanının gücünü təqribən 50 faiz üstələyəcək".

K.Yavuz bildirib ki, konteyner limanının tikintisi regionun inkişafına yardım edəcək və liman uzunluğu 300 metrədək konteynerləri qəbul edə biləcək: "Yeni limanın intensiv tikilməsi "SOCAR Turkey Enerji"nin sərmayələri sayəsində mümkün olur. Hazırda "SOCAR Turkey Enerji" Türkiyədə çox sərfəli enerji layihələri həyata keçirir".

O vurğulayıb ki, "SOCAR Turkey Enerji" "Petkim" şirkətini əldə etdikdən sonra daha aktiv inkişaf etməyə başladı və hazırda həyata keçirilən layihələr bunu sübut edir: ""Petkim" şirkəti 19 il özəlləşdirmə mərhələsində olub".

"SOCAR Turkey Enerji"nin Türkiyəyə yatırdığı sərmayələr Türkiyə-Azərbaycan dostluq əlaqələrinin bariz nümunəsidir.

İdarə heyətinin sədri deyib ki, "Petkim" şirkəti hazırda Türkiyənin neft-kimya sahəsinin 25 faizinə nəzarət edir: "Petkim"in gəlirləri 9 ay ərzində xeyli artıb və bu göstərici gələcəkdə də artacaq".

"SOCAR Turkey Enerji" Türkiyənin sənaye istehsalı sahəsində ikinci yeri tutur.

Milli.Az