Sentyabrın sonlarında transsərhəd çaylarında çirklənmə səviyyəsi normadan dəfələrlə çox olub

5 Oktyabr 2010 13:22
Nazirliyin mətbuatxidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, sentyabrın III ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 4 m3/san artaraq 117 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4,  mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3,  Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 3,21 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə YVQH keçib.
 
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,35-6,80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az