Əgər uşaq oğurluq edirsə...

15 Noyabr 2013 17:11
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaqların Müdafiəsi Proqramının rəhbəri Ramiz Behbudovun Trend-ə müsahibəsi.

- Yuvenal ədliyyə sahəsində UNICEF-in gordüyü son işlər nələrdən ibarətdir?

- UNICEF 2007-ci ildən həm hökumət, həm də qeyri-hökumət tərəfdaşları ilə birgə yuvenal ədliyyə sahəsində fəaliyyətlər icra etməkdədir. Bu işlərin nəticəsi olaraq, "Yuvenal ədliyyə haqqında" qanun layihəsi, peşəkarlar üçün təlim paketləri hazırlanıb və xüsusi treninqlər keçirilib. Eləcə də xüsusi polis və məhkəmə otaqlarına dair qaydaların layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Müsbət irəliləyişlərdən biri də budur ki, UNICEF, ATƏT və Böyük Britaniya səfirliyinin dəstəyi ilə 2007-ci ildən fəaliyyət göstərən alternativ xidmətlər 2013-cü ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tam maliyyələşdirilir. Bu işlərin hamısı UNICEF-in Azərbaycan hökuməti ilə yüksək əməkdaşlıq fəaliyyətinin, partnyorları ilə birgə apardığı vəkillik və texniki yardım işlərinin nəticəsidir.

- "Yuvenal ədliyyə haqqında" qanun layihəsinin nə zaman qəbul ediləcəyi gözlənilir?

- Ümid edirik ki, qanun layihəsi gələn ilin əvvəlində parlamentin müzakirəsinə çıxarılacaq. Biz bu layihənin müzakirəsi və qəbulu üçün Milli Məclisin Hüquq siyasəti komitəsi, eləcə də Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə yaxından işləyirik.

- Yeni sistem ixtisaslaşmış yuvenal ədliyyə məhkəməsinin yaradılmasını nəzərdə tuturmu?

- Bəli. Amma bu o demək deyil ki, haradasa yeni məhkəmə binası olacaq. Sadəcə olaraq, məhkəmələrdə yuvenal ədliyyə üzrə ixtisaslaşmış hakimlərin (və ya kollegiya) təyin edilməsi də mümkündür.

- Azərbaycanda uşaqlar daha çox hansı səbəblərə görə qanun pozuntularına yol verirlər?

- Səbəblər müxtəlif olur. Amma bu, əksər hallarda uşaqların sosial iqtisadi vəziyyəti, ailə vəziyyəti və təhsil problemləri ilə bağlıdır. Bir sözlə, belə halların baş verməsində ətraf mühit son dərəcə mühüm rol oynayır. Əgər uşaq oğurluq edirsə, bunun səbəbi daha çox onu buna vadar edən mühitdədir. Ehtiyac və ya dostlar, böyüklər, valideynlər tərəfindən buna məcbur edilmə belə halların baş verməsində daha çox rol oynayır. Ona görə də, əgər uşaq qanuna zidd hərəkət edibsə, onu cinayətkar adlandırmazdan öncə buna səbəb olan faktorları araşdırmaq və uşağa dəstək mexanizmləri tətbiq etmək lazımdır. Həbs ən son tədbir olmalıdır. Bu barədə daha müfəssəl məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən toplanır və təhlil edilir. Həmçinin, "Ümidli Gələcək" Gənclər Təşkilatı bu sahədə ixtisaslaşıb və daha geniş məlumat və təhlil aparır. Bu hesabatları www.stat.gov.az səhifəsindən əldə etmək olar.

Milli.Az