Rusiyanın pravoslav gücü - ARAŞDIRMA

4 Aprel 2015 21:01
"Rhode Island" Universitetinin politologiya müəllimi Nikolay Petronun qeydi:

Qısa məzmun

Bir çox analitiklər üçün "rus dünyası" anlayışı Rusiyanın ekspansionist xarici siyasətini, Rusiyada dövlətlə Rus Pravoslav Kilsəsinin maraqlarının toqquşmasını təcəssüm etdirir.

Çox vaxt qeyd olunmur ki, bu anlayış hər iki tərəf üçün fərqli məna kəsb edir. Bu, dövlət üçün Rusiyanın mədəni və siyasi nüfuzunu genişləndirmək üçün bir vasitə, Rus Pravoslav Kilsəsi üçün isə rusların xristianlığı qəbul etmələri ilə tanrının onlara Müqəddəs Rusiyanı qurmaq tapşırığı verdiyini xatırladan dini bir anlayışdır. Rusiyada Pravoslav Kilsəsi ilə dövlət arasındakı bu sıx simfonik əlaqə xarici siyasətdə, çox güman ki, gələcəkdə də ölkənin strategiyalarını formalaşdırmağa davam edəcəkmənəvi əsas yaradır.

"Bizim üçün Rusiyanın dirçəlişi dini yenilənmə ilə sıx bağlıdır və əgər Rusiya ən böyük pravoslav gücünə malikdirsə, Yunanıstan və Afon bu gücün mənbəyidir" - Vladimir Putinin 2005-ci ilin sentyabr ayında Afon dağına rəsmi səfəri zamanı dediyi sözlər.

Xarici siyasət maraq və dəyərlərlə bağlıdır. Rusiyanın maraqları tez-tez müzakirə mövzusu olsa da, ya dəyərlərinin çox vaxt üstündən keçilir, ya da Qərb dəyərlərinin əksi kimi qiymətləndirilir. Ancaq professor Andrey Sıqankovun "Aleksandrdan Putinə qədər Rusiya və Qərb" ("Russia and West from Alexander to Putin") adlı kitabında göstərdiyi kimi, Rusiyanın Qərblə əlaqələri şərəf anlayışını əks etdirən dövrlərdən keçir. Müəllif burda şərəf sözü ilə xalq arasında tez-tez qeyd edilən və başqa ölkələrlə münasibətdə məqsədin nə olduğunu bildiriən əsas mənəvi prinsipləri nəzərdə tutur.

Ötən iki əsr ərzində Avropadakı qonşuları Rusiyanı Qərbin bir hissəsi hesab etdikdə onlarla əməkdaşlıq edən ölkə təcrid edildikdə və şərəf hissinə açıq düşmənçilik hiss etdikdə isə müdafiəyə keçib və inadla qarşılıq verib.

Bəzən bir ölkənin şərəf hissi müasir maraqlarla üst-üstə düşür, ancaq bunu təkcə milli maraqla məhdudlaşdırmaq olmaz, çünki siyasi liderlər mədəni cəhətdən yerləşmiş istək və ideallara da laqeyd yanaşmamalıdırlar. Ona görə də, bir ölkənin şərəf hissi uzunmüddətli milli marağın əsası rolunu oynayır.

Sıqankovun fikrinə görə, Rusiyanın nümunəsində uzunmüddətli milli maraq üç sabit amil ətrafında dövr edir: birincisi, "mənəvi azadlıq"; ikincisi, buazadlığı müdafiə qabiliyyəti olan güclü bir dövlət; üçüncüsü isə harda olmalarından asılı olmayaraq, Rusiyanın şərəf hissini bölüşən tərəflərə mədəni sadiqlik. Bu amillərin üçü də bu və ya digər dərəcədə Pravoslavlığın, Rus Pravoslav Kilsəsinin və dünyanın digər yerlərindəki pravoslav xristianların müdafiəsini özündə ehtiva edir.

Rusiya Prezidenti Vladimir Putin 2005-ci ildə Afon dağına rəsmi səfərində Rusiyanın pravoslav gücü olduğunu bildirərək ölkənin şərəf hissini qısa şəkildə izah etdi.

Qərbdə Mənəvi Böhranla əlaqədar Putinin Fikirləri

Qərb analitikləri Rusiyanın xarici siyasətdə iddialı olmasını ilk dəfə 2007-ci ilin fevral ayında,Putinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışından sonra hiss etdilər. O vaxtdan bəri Putin tez-tez Amerikanın birtərəflilik siyasətinin yaratdığı təhlükələrə qayıdıb və hətta "Amerika istisnalılığı" anlayışını tənqid edib. Ancaq Putin 2013-cü ildə "Valday" klubunun iclasındakı çıxışına qədər heç vaxt açıq şəkildə Rusiyanın arxasında durduğu dəyərlərdən danışmamışdı. Putin Rusiyanın XXI əsrdə bir pravoslav ölkəsi kimi missiyası haqqında fikirləri haqqında ilk dəfə bu iclasda danışdı.

Putin öz nitqinə bunu qeyd edərək başladı ki, artıq ləyaqət hissinə nadir hallarda rast gəlinir. Ona görə də bütün ölkələr öz kimlik və dəyərlərini qorumaq üçün əllərindən gələn hər şeyi etməlidirlər, çünki mənəvi, mədəni və milli özünüdərk olmadan qlobal səviyyədə də uğur qazanmaq olmaz.

O bildirdi ki, heç şübhəsiz, bir ölkənin müvəffəqiyyətinin ən önəmli hissəsi onun xalqının intellektual, mənəvi və əxlaqi keyfiyyətləridir. İqtisadi inkişaf və geosiyasi nüfuz daha çox ölkənin vətəndaşlarının özlərini ortaq bir tarixi, dəyərləri və ənənələri bölüşən vahid bir xalq kimi hiss edib-etməmələrindən asılıdır. Bütün bunlar ölkənin özünüqiymətləndirməsinə, onun milli idealına öz töhfəsini verir. Putinin sözlərinə görə, Rusiya keçmişin ən yaxşı nümunələrini götürüb onları özünün zəngin mədəni, mənəvi və siyasi perspektivləri ilə süzgəcdən keçirməlidir. Rusiya çoxmillətli və çoxkonfessiyalı bir dövlət olaraq yarandığına və bu gün də belə olduğuna görə, onun üçün perspektivlərin müxtəlifliyi xüsusi əhəmiyyət daşıyır.

Həqiqətən də, Rusiyanın qlobal inkişafa verdiyi əsas töhfələrdən biri çoxmədəniyyətlilikdir. "Biz müxtəlif mədəniyyətlərlə bir-birimizi qarşılıqlı zənginləşdirərək və hörmət göstərərək qarşılıqlı əlaqələrdə bənzərsiz təcrübə qazanmışıq. Çoxmədəniyyətlilik və polietniklik bizim şüurumuzda, ruhumuzda, tarixi DNT-mizdədir."

Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan və Putinin də dəstəklədiyi Avrasiya Birliyinin arxasında duran hərəkətverici amillərdən biri də çoxmədəniyyətlilikdir. Putin bildirir ki, Avrasiyanı qlobal inkişafın mərkəzinə gətirmək üçün təsis edilmiş bu birlik yalnız o zaman uğurlu ola bilər ki, hər bir ölkə öz kimliyini saxlasın və bütövlükdə Avrasiya regionunun kimliyi ilə birgə irəli aparsın. Bu regionda müxtəliflik içində vahid mədəniyyətin yaradılması beynəlxalq məsələlərdə həm plüralizm, həm də stabilliyə öz töhfəsini verəcək.

Putin onu da qeyd edir ki, çoxmədəniyyətliliyin bəzi aspektləri artıq Qərbdə yaxşı qəbul edilmir. Bir vaxtlar Qərb sivilizasiyasının əsasını təşkil edən ənənəvi xristianlıq dəyərləri artıq tənqid olunur, qərbli liderlər artıq bu dəyərlərin yerinə birqütblü və vahid dünyagörüşünü təşviq edir. Putinin fikrincə, bu, tanrının verdiyi təbii müxtəlifliyin inkar edilməsidir. Xristianlıq və digər dünya dinlərinin dəyərləri, min illər ərzində formalaşmış əxlaq normaları olmadan insanların ləyaqətlərini itirməsi labüddür.

Xristianlıq dininin ənənəvi dəyərlərindən imtina edilməsi Qərbdə mənəvi böhrana gətirib çıxarıb. Putinin sözlərinə görə, Rusiyanın məqsədi ölkə daxilində və xaricində xristianlığın mənəvi prinsiplərini müdafiə etməklə bu tendensiyaya qarşı çıxmaqdır.

Ənənəvi mədəni və dini kimliklərə daha böyük hörmət göstərilməsi üçün Putinin çağırışına Qərb ölkələri məhəl qoymayıb. Bunun bir səbəbi o ola bilər ki, bu çağırış Qərb elitalarının artıq istifadə etmədiyi bir "dil"-də ifadə edilib.

Demək olar ki, bütün XX əsr boyu Qərbdə sosial elmlər müasirləşmə ilə (modernizasiya) ənənəvi mədəni və dini dəyərlərin aktuallığını itirəcəyini təkid edib. Qabaqcıl politoloqlar Qabriel Almond və Sidni Verbanın "mülki mədəniyyət" adlandırdıqları müasir alnernativ model mədəni həmcinslik və dünyəviliyə meyllidir. Bu xüsusiyyətlər siyasi stabillik və iqtisadi tərəqqiyə gətirir. Politoloqların fikrincə, buna nümunə olaraq, Britaniya və ABŞ-da müasir cəmiyyətin ən yaxşı modelini formalaşdıran cəmiyyətləri göstərmək olar.

Yarım əsr sonra Çinin yüksəlişi və Sovet İttifaqının dağılması ilə artıq təkcə dünyəvilik və həmcinsliklə milli uğur əldə etmək mümkün görünmür. Alimlər müasirlik üçün hətta dinin canlanması da daxil olmaqla, çoxlu sayda yol göstərirlər.

Putinin çağırışına məhəl qoyulmamasının başqa bir səbəbi də, onun Qərbi Bizans irsi ilə birləşməyə çağırması idi. Qərb isə həmişə bu irsin özünə aid olmadığını bildirib. Putin Şərq xristianlığının yenidən Qərb sivilizasiyası ilə birləşdirilməsinin Rusiyanı Qərbin əsas tərkib hissəsi kimi ortaya çıxardığını və Qərb dəyərlərinin istənilən müzakirəsində Rusiyanın iştirakını tələb etdiyini düşünür.

Putin 2013-cü ildəki çıxışında Rusiyanın dəyərlərini iddialı və nikbin bir şəkildə bəyan etdi və niyə görə dünyada Rusiyanın nüfuzunun artmalı olduğunu düşünməsinin mədəni və mənəvi səbəblərini göstərdi. 2014-cü ilə qədər isə artıq dünyada vəziyyət dəyişmişdi. Bunun əsas səbəbi Ukrayna daxilindəki münaqişədir. Qərb bu münaqişənin dünya nizamına görə çıxdığını və Rusiya ilə Qərbin dəyərləri arasında böyük bir boşluğun olmasından irəli gəldiyini düşünür.

Rusiya isə əksinə Ukraynada təkcə mühüm strateji maraqları yox, eyni zamanda mənəvi azadlıq, mədəniyyətə sadiqlik və plüralizm kimi əsas dəyərlərini müdafiə etdiyini düşünür. Qərb üçün bu qəribə olsa da, Rusiyanın Ukrayna böhranındakı mövqeyi ona görə dəyişməzdir ki, o, bu münaqişədə mənəvi cəhətdən üstün olduğunu düşünür.

Rusiyanın əməllərinin Qərb tərəfindən mənəvi cəhətdən tənqid edilməsinin bir çox rusiyalı arasında qəbul edilməməsinin əsas səbəblərindən biri odur ki, Rus Pravoslav Kilsəsi ölkənin mənəvi düşüncəsini və şərəf hissini müəyyənləşdirən müəssisə kimi öz ənənəvi üstünlüyünü yenidən qazanıb. Rusiya sərhədlərindən kənarda bu düşüncə "Rus dünyası" olaraq bilinməyə başlayıb.

Rus Dünyası, yoxsa Tarixi Rus Birlikləri?

Dövlət və Rus Pravoslav Kilsəsinin bu anlayışdan necə istifadə etdiyini fərqləndirmək vacibdir.

Bu birləşmədən "vahid inancı və adət-ənənələri olan pravoslav xristianlar birliyi" kimi istifadə edilməsinin tarixi ən azı XIX əsrin başlanğıcına qədər gedib çıxır. Ancaq bu anlayışdan istifadənin məqsədi 1990-cı illərin əvvəlində mədəni simvolların siyasətdə rolu ilə maraqlanan nüfuzlu siyasi məsləhətçi Pyotr Şedrovitski tərəfindən yeniləndi. O, inanırdı ki, keçmiş Sovet ölkələrində hələ də rus dilində danışan və düşünən insanlar arasında - "rus dünyasında" - qarşılıqlı şəkildə bir-birini gücləndirən sosial strukturlar şəbəkəsinin yaradılması Rusiya üçün siyasi üstünlük yarada bilər. Rusiyanın xarici siyasətdə müraciəti ondan irəli gəlirdi ki, 300 milyona yaxın rusdilli vətəndaşın adından çıxış etdiyini iddia etməklə zəifləmiş Rusiya regionda dərhal əsas ölkəyə, eləcə də, keçmiş Sovet ölkələrində nüfuzlu siyasi qüvvəyə çevrilə bilərdi.

Bu ideya 1990-cı illərin ortalarında ölkəni möhkəmləndirmək və yeni demokratik uzlaşma təbliğ etmək üçün "Rusiya İdeyası" axtaran Yeltsin administrasiyasında da rəğbət qazandı. Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun üzvlərinə bu konsepsiya haqqında tədqiqat aparılması tapşırıldı, ancaq ideya 1996-cı ildə Rusiyanın xarici siyasət doktrinasına təsir göstərsə də, uğursuzluqla nəticələndi. Belə ki, seçimlər arasında çoxlu sayda "Rusiya İdeyaları" olmuş və hansı versiyanın dəstəklənməsi haqqında nə Fəlsəfə İnstitutunda, nə də prezident administrasiyasında razılıq əldə edilə bilmişdi.

Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril tərəfindən bu terminin istifadə edilməsinə qədər on ildən çox vaxt keçdi. 2009-cu ildə baş tutan Rus Dünyasının Üçüncü Assambleyasında Patriarx Kiril "Rus Dünyası" və ya "Müqəddəs Rusiyanın" qlobalizasiyanın çətinliklərinə qarşı hansı tədbirləri görməli olduğu haqda çıxış etdi və bildirdi ki, "rus" sözünü coğrafi və etnik anlayış kimi yox, Şərq Slavyanları - Kiyev Knyazlığının ilk sivilizasiyasına işarə edən mənəvi kimlik kimi istifadə edir.

Bu ümumi kimlik 988-ci ildə Kiyev knyazlığının Konstantinopoldan xristianlığı qəbul etməsi ilə yaradıldı. Həmin vaxt Şərq slavyanları vahid bir sivilizasiyada birləşdirilmiş və onlara "Müqəddəs Rusiya"-nın qurulması vəzifəsi verilmişdi. Bu missiya Çar Rusiyası və imperiya dövründə davam etdi. Sovet dövrünün təqiblərindən də sağ çıxan missiya bu gün Rusiyada davam etdirilir. Bu birliyin əsası Rusiya, Ukrayna və Belarusda qalır (Kiril bura Moldova və Qazaxıstanı da əlavə edib), ancaq bu, pravoslav inancını, rus dilini, ortaq tarixi yaddaşı və sosial inkişaf üzrə ortaq fikirləri bölüşən hamıya aid edilə bilər.

2007-ci ilin iyun ayında prezident Putin rus dilinin və mədəni irsinin bütün dünyada dəstəklənməsi üçün "Rus Dünyası" fondunu yaratdı. Aydındır ki, burda əsas məqsəd keçmiş Sovet İttifaqı ölkələrində rus dilindən istifadənin davam etdirilməsi və bununla da Rusiyanın imicinin təbliği idi. Ancaq "Rus dünyası" anlayışının dini və siyasi cəhətdən istifadəsi üst-üstə düşsə də, bir neçə mühüm fərqlər də var.

Bu birləşmə dövlət tərəfindən istifadə edildikdə, adətən, siyasi və ya mədəni cəhətdən götürülür, ölkənin daxili stabilliyini gücləndirmək, beynəlxalq məsələlərdə nüfuzunu bərpa etmək və qonşu dövlətlərə təsiri artırmaq üçün Rusiya hökuməti ilə çalışan qruplar tərəfindən hər iki mənada da işlədilir. Dövlət Rus Pravoslav Kilsəsinin bu məqsədlər üçün əlverişli vasitə ola biləcəyini düşünür.

Kilsə üçün isə "Rus dünyası" dini bir anlayış olub keçmiş Sovet İttifaqı ölkələrində cəmiyyətin dünyəviləşməsinin dayandırılması üçün mühüm əhəmiyyət daşıyır və Patriarx Kiril bu vəzifəni rusların "ikinci dəfə xristianlaşdırılması" adlandırıb. Beləliklə, Rus Pravoslav Kilsəsi də öz növbəsində Rusiya hökumətini və kilsəyə məxsus olduğu hesab edilən ərazidə istənilən hökuməti bu məqsəd üçün vasitə hesab edir.

Patriarxın, əsasən, Yeltsinin dövründə siyasi məzmunda işlənən "Rus dünyası" birləşməsindən istifadə etməsinə Rusiyanın həm daxilində, həm də xaricində qarışıq reaksiyalar verildi. Bu, Ukraynada mübahisəyə səbəb oldu və burda Yunan-Katolik kilsəsi və Kiyev Patriarxlığının Pravoslav Kilsəsi bunu birbaşa rədd etdi. Digər tərəfdən isə Ukraynadakı xristianların təxminən yarısına xidmət edən Moskva Patriarxlığının Pravoslav Kilsəsi bu məsələyə ehtiyatla yanaşaraq etiraz etməyib.

Bu mübahisəli vəziyyətdən sonra Kiril "Rus dünyası" anlayışının xüsusilə Ukrayna üçün nə mənaya gəldiyi haqqında fikirlərini aydınlaşdırmaq üçün 2010-cu ildə mövzuya bir də qayıtdı. O, bir daha qeyd etdi ki, Kiyev knyazlığının xristianlığı qəbul etməsi ilahi təqdirin bir nümunəsi idi. Rus Pravoslav Kilsəsi bu möcüzəvi hadisə ilə yaranmış dini və mədəni əlaqələri min ildən də uzun bir müddət ərzində qoruyub və qorumağa da davam edəcək.

Belarus, Rusiya və Ukrayna Kiyev knyazlığından qalan irsin bərabər davamçılarıdır, ona görə də, bu ölkələr "Rus dünyasının" inkişafı üçün birgə çalışmalıdırlar. Bu məqsədlə, Patriarx Kiril "sinod paytaxtları" ideyasını gətirdi və bu ideya ilə kilsənin əsas qərarverici orqanı Müqəddəs Sinodun görüşlərinin keçirələcəyi, Rus Pravoslavlığının tarixi mərkəzləri nəzərdə tutulurdu. Maraqlıdır ki, Ukraynada Moskva Patriarxlığının Pravoslav Kilsəsinin din xadimi, baş keşiş Yevgeni Maksimenko patriarxı növbəti məntiqi addım ataraq patriarxlığın mərkəzini Moskvadan Kiyevə köçürməyə çağırıb.

Patriarx bildirir ki, xristianlıq ölkələrin özünəməxsusluğunu məhv etməyə yox, yerli mədəniyyətləri bu dinə daha yüksək qiymət vermələri üçün həvəsləndirməyə çalışır. Uzun müddət əvvəl ideal pravoslav cəmiyyəti Bizans imperiyasında mövcud idi. Bu gün isə milli suverenlik baxımından pravoslavlıq özünü bu suverenliyi mənəvi cəhətdən tamamlayan və qloballaşan dünyada harmonizasiya yaradan bir vasitə kimi təqdim edir. Kiril bildirib ki, eyni prinsipi Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyində də görmək olar.

Ötən on il ərzində "Rus dünyasının" tamamilə praqmatik və dünyəvi versiyası Rusiyanın siyasi həyatında kilsənin artan təsirinə tədricən təslim olub. Buna bir çox misal göstərmək olar. Onlardan biri prezident Putinin 2013-cü ildə xristianlığın qəbul edilməsinin 1025-ci ildönümü münasibətilə Kiyevdəki çıxışıdır. Bu, həmçininn Putinin Ukraynaya ən son səfəri oldu. O həmin çıxışı ilə "Rus dünyasının" dini baxımdan hər bir motivini göstərdi: xristianlığın qəbul edilməsinin həlledici mənəvi və mədəni əhəmiyyəti; müasir dünyada pravoslav dəyərlərin unikallığı; Kiyevin tarixi əhəmiyyətinə ehtiram (o bildirirdi ki, inqilabdan əvvəl Kiyev Sankt-Peterburqdan sonra ikinci mədəniyyət və intellekt mərkəzi idi) və Ukraynanın ortaq tarixi keçmişi silməyəcək şəkildə istənilən siyasi seçim etmək hüququnun ictimai şəkildə tanınması.

Nəticələr və Proqnoz

"Rus dünyasının" təbliğ edilməsində Rusiya dövləti ilə Rus Pravoslav Kilsənin hədəfləri arasında fərqləri göstərərkən bu iki tərəfin münaqişədə olmadığını vurğulamaq lazımdır, yəni ən azından yaxın gələcəkdə belə bir şey gözlənilmir. Şərq pravoslav xristianlığı şəraitində kilsə-dövlət münasibətləri klassik olaraq, protestant qərbin separatçılıq məqsədi üzərində yox, harmoniya üzərində qurulub. Ona görə də, Rusiyada bir əsrdən də uzun bir müddət ərzində ilk dəfə kilsə və dövlət arasında uzlaşma və dəstək olmasının Rusiyanın siyasəti üçün də mühüm təsirləri var.

Birincisi odur ki, Vladimir Putinə yüksək rəğbət olması nə müvəqqətidir, nə də bunun şəxsi səbəbləri var. Bu, onun Rus Pravoslav Kilsəsi tərəfindən də bəyənilənsosial və siyasi fəaliyyətinə olan rəğbəti əks etdirir. Bir neçə il əvvəl prezident olan Medvedyev bu kilsənin müasir Rusiyada ən böyük və ən nüfuzlu sosial qurum olduğunu bildirmişdi. Bu dəyərləndirmə son vaxtlar aparılan sorğularla daha da gücləndi. Belə ki, bu sorğular göstərirdi ki, Patriarx Kiril çox vaxt bütün ölkənin dini lideri hesab olunur.

Beləliklə, Putin Planı, Putin Modeli və ya Putinizmin uğurlu olmasını izah etmək sadələşir. Rusiya hökuməti başa düşür ki, Rus Pravoslav Kilsəsinin dəstəklənməsindən böyük həcmdə ictimai kapital əldə edir. Rusiyada nümayəndəli demokratiya qaldığı müddətdə vəziyətin dəyişməsini gözləmək üçün heç bir əsas yoxdur.

Bununla belə, bəzi analitiklər belə düşünürlər ki, bu dəstək dövlət və digər dini qruplar arasında münaqişəyə səbəb ola bilər. Belə bir münaqişənin olması ehtimalı xüsusilə dini liderlər olmaqla, bir çoxları tərəfindən qəbul edildi və nəticədə 1998-ci ildə Rusiya Dinlərarası Şurası yaradıldı. Bu şuranın iki məqsədi var idi: birincisi, müxtəlif dini icmalar arasında münaqişə baş verməsinin qarşısını almaq. İkincisi isə, siyasətçilərə dini məsələlər üzrə vahid gündəlik təqdim etmək. Bu şura hər iki məsələdə olduqca müvəffəqiyyətli olub və hal-hazırda onun fəaliyyətləri təkcə Rusiyanı yox, bütün MDB ölkələrini əhatə edir.

Hazırkı rejimə rəğbətin arxasında dini dəstəyin olmasının əhəmiyyəti ilə bağlı dəyərləndirmə doğrudursa, "Rus dünyasının" birliyini dağıtmaq üçün göstəriləcək cəhdlər təkcə Rusiyada yox, bütün rus dünyasında əsas dəyərlərə hücum hesab ediləcək. İqtisadi, siyasi, mədəni və digər sanksiyalar bu təəssüratı gücləndirəcək və birlik daxilində Qərbə olan intellektual və emosional rəğbəti kəskin şəkildə sarsıdacaq. Bunlar keçici xarakter daşısa da, çox güman ki, Rusiya liderlərinin hazırkı nəslin Qərblə davamlı əməkdaşlıq qurmaq ümidləri çox azdır.

Bundan başqa, Rus Pravoslav Kilsəsi Rusiyanın xarici siyasətdə fəaliyyətini formalaşdırmağa hələ bir neçə yolla davam edəcək: birincisi, kilsə Rusiya vətəndaşı olmasalar belə, bütün dünyadakı pravoslav xristianların qayğıları üçün müdafiə rolunu oynamaq məqsədilə dövlətin nüfuzundan istifadə edəcək. Bu, Rus Pravoslav Kilsəsinin transmilli xarakterinə uyğun gəlir. İkincisi, kilsə ya özlüyündə, ya da başqa dinlərlə birlikdə xristianların mənəvi və sosial dəyərlərini beynəlxalq platformalarda təbliğ edəcək. Roma Katolik Kilsəsi, Misir və İranda müsəlman din xadimləri ilə bu məsələlərlə bağlı sıx əlaqələr yaradılıb. Bu tərəflərlə birbaşa əlaqə saxlaya bilmədikdə isə Rusiya mətbuatına müraciət ediləcək. Üçüncüsü isə, Rusiyanın dövlət və vətəndaş təşkilatlarının Rusiya mədəniyyəti və dilini harda təbliğ etmələrindən asılı olmayaraq, kilsə öz dini gündəmini araya salacaq. Dövlət Rusiya Federasiyasının milli maraqlarını təbliğ etdiyi halda, Rus Pravoslav Kilsəsi Kiyev knyazlığından miras qaldığını düşündüyü daha geniş milli kimliyi təşviq edəcək. Məsələn, kilsə Ukraynadakı münaqişəni Rus Dünyası daxilində vətəndaş müharibəsi hesab edir. Bu baxımdan yanaşdıqda, münaqişə Ukraynanın Rusiyadan təcrid edilməsi, bununla da Rus Dünyasının birliyinin dağılması və ya pravoslavlarla rusdilli vətəndaşların üstünlük təşkil etdiyi regionların məcburi ukraynalaşdırılması yolu ilə həll edilə bilməz. Ukraynada cəmiyyətin çoxmədəniyyətli olmasının hökumət tərəfindən təsdiqlənməsi və nəticədə, Ukraynanın Rus dünyasının tərkib hissəsi kimi tanınması yeganə həll yolu olur. Kilsə belə düşünür ki, Ukrayna əhalisi arasında uzlaşmaya, Rus dünyasında isə nizama nail olmağın yeganə yolu budur.

Son olaraq, "Rus dünyasının" yüksəlişi Rusiyanın digər ölkələrlə münasibətinə necə təsir göstərəcək? Müqəddəs Rusiya anlayışının tarixi mənası olmayan ölkələrdə ən yaxşı tanıdıqları məsələyə - soyuq müharibəyə qayıtmaq meyli olacaq - ABŞ-ın dövlət katibi Hillari Klintonun "regionun yenidən sovetləşdirilməsi" cəhdləri ilə bağlı xəbərdarlıq etməsi kimi. O bildirmişdir: "Bu, gömrük ittifaqı, Avrasiya Birliyi və s. ola bilər. Ancaq gəlin bu məsələ ilə bağlı səhvə yol verməyək. Biz məqsədin nə olduğunu bilirik və bu məqsədin qarşısını almaq üçün səmərəli yollar tapmağa çalışırıq."

"Rus dünyasına" rəğbət Rusiyanın ənənəvi xristianlıq və mühafizəkar dəyərlərin qlobal müdafiəçisi kimi çıxış edib-etməməsindən asılı olacaq. Rusiyaya cəza tədbirlərinin tətbiq edilməsinin əsaslandırılması üçün bəzi Qərb ölkələrinin dediyi kimi, dəyərlər arasında boşluq var, ancaq bu, məsələni tam göstərir demək deyil. Dəyərlər arasında həmin boşluq Qərbin öz daxilində də var. Rusiya son vaxtlar görür ki, mühafizəkar fəaliyyəti onu Avropadan uzaqlaşdırsa da, digərlərinə yaxınlaşdırır. İki il əvvəl Niksonun keçmiş köməkçisi və respublikaçılar arasından prezidentliyə namizəd olan Patrik Bükenen mühafizəkar siyasətçilərə Putinin dediklərində onu onlardan biri edən çox şey olduğunu deyərək bildirmişdi: "Amerika və Qərb mətbuatında bir çoxları Putini avtoritar və irticaçı kimi göstərsələr də, bəlkə də, o, gələcəyi amerikalılardan daha aydın görür. XX əsrin ikinci yarısında həlledici mübarizə Şərq və Qərb arasında gedirdisə, XXI əsrdə bu mübarizə hər bir ölkədə mühafizəkar və ənənəçilərin multikultural və transmilli elitanın hərbi məqsədlə dünyəvi olmasına qarşı çıxmaları ilə gedə bilər."

Bu mübarizədə Rus Pravoslav Kilsəsinin rolu həlledicidir, çünki kilsə Avropada xristianlıq üzrə ortaq dəyərlərin əsasının yaradılmasına çağırır. Rusiya dövləti isə bu çağırışları dəstəkləməkdən olduqca məmnundur, çünki Rusiya yalnız ortaq mədəni və dini kimlik kontekstində Qərbin tamhüquqlu siyasi tərkib hissəsinə çevrilə bilər. Ona görə də, Rus Pravoslav Kilsəsi və onun "Rus Dünyası" Rusiyanın yumşaq gücünün çatışmayan mənəvi və intellektual tərkib hissəsi kimi yaranıb.

Bəlkə də, nə vaxtsa, bu da ABŞ-ın insan hüquqları ilə bağlı siyasətinə bənzəyəcək - yöndəmsiz, lakin millik kimliyi müəyyənləşdirən aspekt kimi.
 

4nspace.com