İmam Hüseyn o şəhadəti ilə layiq olmayanların layiq olmadıqlarına can atmasının qarşısını aldı, hər kəsə göstərdi ki, İslam ətalət təlimi deyil, Haqq uğrunda cihad məktəbidir. Cihad insan həyatına kəsilmiş ən bahalı qiymət, ən xeyirli yol, şəhidlik bu yolun sonunda verilən misilsiz mükafatdır. Elə, ya belə, hər kəs ölüb Allah Dərgahına getməyəcəkmi? Su yolunda ölüb gedənlər var, oğurluq üstə yıxılıb boynu qırılanlar var, Allah üçün savaşa qalxıb şəhid olanlar var... Var da var, eləsi var, beləsi var... Şəhidlər öldüklərini belə bilməzlər. Qurani-Kərimdə bildirilir ki, onlara ölü deməyin, onlar ölü deyillər, Allah qatında hər cür naz-nemətə qonaq edilirlər.
***
Aşuradan danışanda deyirlər ki, bu gün Həzrəti Adəmin Yer üzünə endirildiyi, Həzrəti Nuhun gəmisinin quruya oturduğu, Həzrəti Yunusun balığın qarnından xilas olduğu, Həzrəti Musanın öz qövmünü Qırmızı dənizdən keçirdiyi gündür. Bilmirəm, bəlkə bu gün içində daha çox parlaq hadisələr var, amma etiraf edək ki, Aşura deyəndə ağlımıza gələn ilk hadisə Kərbəla vaqeəsidir, İmam Hüseyn şəhadətidir. O, Aşura qəhrəmanı, o, Kərbəla fatehidir.
Bir alim: "Gerçək mömin elə düşünər ki, Allah-Təala Qurani-Kərimi məhz onun üçün endirib" söyləyir. Həqiqətən də, əgər əlinə Quranı alan insan o kitabı Allah-Təaladan ona göndərilmiş bir əmrlər toplusu kimi qəbul etsə və onu həyatına köçürməyə çalışsa, əlbəttə, ziyana uğramaz. Bu mənada İmam Hüseyn fəlsəfəsini anlayan insan özünü o yoldan kənarda görə bilməz. İmam Hüseyn vaqeəsi hər birimiz üçün bir örnək, bir ibrət məktəbidir. Can dediyim bu matah nə qədər dəyərli oldu ki, Allah yolundan əsirgəyəsən? Qorxub bir addım geri çəkiləndə İmam Hüseyn adından utananlar var.
***
Xəms (ərəbcə) və ya Pənc (farsca) Ali-Əba ifadəsini, yəqin ki, eşitmisiniz: beş əba üzvü, yəni beş ailə üzvü mənasına gəlir. Bir dəfə Rəsulullah (s.ə.s.) Həzrət Əlinin evinə gəlir və Əlini, Fatiməni, Həsəni, Hüseyni (Allah onlardan razı olsun!) Özü ilə birlikdə bir əbanın altına alır və belə dua edir: Ey Rəbbim, Bunlar mənim ailə üzvlərimdir, Mən Bunları sevirəm, Sən də Bunları sev, Bunları sevənləri də sev!" Nə qədər məhzun, nə qədər duyğulu bir duadır, elə deyilmi?
Bir qədər irəlidə "Rəsulullah Özü və Soyu üçün dünya həyatında nəyinsə dəyişməsini istəmədi."- demişdik. İndi isə ailə üzvləri üçün dua etdiyini söyləyirik. Yəqin ki, təəccüblənənlər olacaq. Məsələ ondadır ki, Allah Rəsulu ailə üzvləri üçün istədiklərini əslində ümməti üçün istəyir. "Bunları sevənləri sev!"- duası ilə bizlərə həqiqətin ünvanı göstərilir. Yoxsa Allah Rəsulu "Allahım, mənim soyumdan gələnləri zalımın zülmündən qoru, onlara bu dünyada xoş həyat qismət elə!"- deyə dua eləsəydi, on iki imamın başı o məşəqqətləri çəkərdimi? Bu dünyanın zövqü ölümün o üzündən xəbərsizlər üçündür, Allah Rəsulu Allah-Təalanın lütfü, inayəti ilə Cənnəti də görmüşdü, Cəhənnəmi də. Məsələ bilirsinizmi nədədir?- biz Onun təfəkkür atmosferini təxmin edə bilməyəndə hər zaman çaşmaq ehtimalı ilə üz-üzə qalırıq.
Bir dəfə evində bardaş qurub oturmuşdu. Körpəcə reyhanları, Həsəni, Hüseyni gəlib boynuna sarıldılar, sonra da yerlərini rahatlayıb oturdular, biri sağ dizinin üstündə, biri sol dizinin. Baxdı, baxdı, onları bağrına basıb gül qoxularını ciyərlərinə çəkdi, sonra da Həsənin boynundan, Hüseynin başından öpdü. Kim bilir, bəlkə bu da bir əlamət, bir nişanəydi, amma kimsəyə bir şey söyləmədi.
***
Bəzən namaz qılanda gəlib belinə dırmaşardılar, başında oturardılar, eləcə də qalardı, gözləyərdi ki, reyhanları dursunlar, sonra başını səcdədən qaldırsın, yıxılmalarından qorxardı. Bütün dünya nurunu ondan alırdı, bəşəriyyət Onun üzü hörmətinə yaradılmışdı, amma evin içində uşaq kimi əllərini yerə qoyub körpə Həsənini, Hüseynini belinə mindirib gəzdirir, hələ bu da azmış kimi "Sizin nə gözəl atınız var"- deyərdi. Bu mənzərəni göz önündə canlandıra bilmirəm, çünki göz yaşları rəngləri yuyub bir-birinə qarışdırır. Bu qədər də təvazökarlıq, bu qədər də sadəlik olarmı, İlahi?! Saqqalından yapışıb dartardılar, dizinə baş qoyub yatardılar, bircə dəfə də hansınınsa xətrinə dəydiyini görən olmadı. Təkcə reyhanlarının deyil, kimsənin qəlbini qırmadı, iyirmi il yanında böyüyüb yetişən səhabələr Ondan bircə dəfə də olsun, sitəm görmədilər, acı söz eşitmədilər. O, bir başqa dünya, O, bir başqa insan idi, çünki Onu Allah tərbiyə eləmişdi, əxlaqı Quran əxlaqı idi.
***
Həsəni, Hüseyni bəzən boynuna mindirər, bəzən da qaldırıb üz-gözlərindən dönə-dönə öpərdi. Bir nəfər: "Mənim on uşağım var, birinin də üzündən öpməmişəm"- deyəndə Allah Rəsulu durdu, bir müddət ona baxdı və: "Allah sənin qəlbindən mərhəməti silmişsə, Mən neyləyə bilərəm?"- söylədi. Təkcə öz balalarını deyil, Mədinə küçələrində gördüyü hər uşağa nəvaziş göstərər, başını sığallayar, pay verər, üzündən öpərdi. O görünəndə vicdan sahiblərinin üzünə gün doğardı.
Bir məclisə dəvətli idi, istəyirdi ki, balaca Hüseyni də özüylə aparsın. Hüseynsə qarşıdakı meydanda tay-tuşları ilə oynayırdı. Allah Rəsulu evindən çıxdı və çağırdı sevimli reyhanını: "Gəl, ya Hüseyn!" Hüseyn gəlmədi, "Gəl, ya Hüseyn!" Hüseyn gəlmədi. Hüseyn anlamışdı babasının onu özü ilə harasa aparacağını və oyunundan, uşaqlardan ayrılmaq istəmirdi. "Hüseyn gəlmədimi-gəlməsin, onda qovub tutarıq". Mənzərəni təsəvvür edirsinizmi? Dörd-beş yaşlı Hüseyn sevinc dolu, coşqu dolu bir səslə hay-küy salaraq küçədə qaçır, Kainatın Əfəndisi, bütün yaradılmışların ən Xeyirlisi Onu qovur. Qaçan gah ayağının altına, gah da Qovana baxır, gülüşü, coşqusu aləmi başına götürür, Qovan da bir az asta qovur, guya çata bilmir. Bəlkə də, bilərəkdən bu xoş görüntünü, bu sevgi ovqatını uzadırdı ki, görənlər sadəliyin, insanlığın nə olduğunu anlasınlar. Axır ki çatır, yerdən "hopp" qaldırıb bağrına basır, üz-gözündən öpür və birlikdə məclisə gedirlər. Nə qədər möhtəşəm mənzərə!
***
O, yaradılmışların ən üstünü, insanlar arasında Allah-Təalanı ən çox tanıyan, Ona itaət və ibadət edən idi. O elə üstün şəxsiyyətdir ki, dünyanın harasından baxırsan-bax, zamanın hansı dilimindən boylanırsan-boylan, hər yerdə, hər zaman hər kəsdən daha yaxın, daha üstün görünür. Bütün bəşərin göz nuru, baş tacı olan bu Uca İnsan "bir cüt reyhanım" dediyi Həsənlə Hüseyni elə sevər, onlarla elə oynayardı ki, o sevgini, o ülfəti yaşamaq hər insana nəsib olmaz.
Əllərini yerə qoyar, sevimli balalarını belinə mindirər, "Sizin nə gözəl atınız var", - deyərdi. Sevginin və təvazönün zirvəsi. Sözün bitdiyi, könüllərin danışdığı yer.
Onlara kimsənin toxunmasını, əl qaldırmasını həzm edə bilməzdi. O saat inciyər, qəlbi qırılardı, "Amandır, onlara toxunmayın, mənim bir cüt reyhanıma əl uzatmayın!", - deyərdi.
Başqaları bilməzdi, yəni Onun nəvələrinə qarşı niyə bu qədər həssas olduğunu anlamazdılar. Amma Ona çox şey bildirilmişdi. Çox şeydən xəbərdar idi, xəbərdar olsa belə, bir dəfə də olsun, əllərini açıb: "Allahım, onları Mənə bağışla!" - deyə dua eləmədi. Çünki O, hər xeyirin Allahdan gəldiyinə, yəni Allahın təqdirinin xeyirdən başqa bir şey olmadığına bütün varlığı ilə əmin idi.
Ərəfə günüydü, hər kəs sabahkı bayrama hazırlaşırdı. Ev-eşik təmizlənir, həyət-bacaya əl gəzdirilir, təknədə olanlar süfrəyə hazırlanırdı. İslamın gəlişiylə Mədinə tamamən dəyişmiş, ən canlı, ən qaynar həyat qaynağına dönmüşdü. Rəsulullah Mədinəni də, mədinəliləri də sanki yenidən inşa edir, xarabalıqları, cəhaləti yıxıb küçələri, könülləri nura qovuşdurur, kəndir sallayıb qırx arşın quyudan qurtarırmış kimi insanları zülmətdən aydınlığa çıxarırdı.
Sabah bayram idi, bayramı da hər kəsdən daha çox uşaqlar sevərlər, ən azı ona görə ki, bir pay, bir hədiyyə gözləyərlər. Peyğəmbərin kürəkəni, Fatimənin başının tacı Əlinin evində Həsənə, Hüseynə hədiyyə almağa bir şey yoxuydu. Mələk üzlü o bir cüt insan düşündü ki, Həsəni, Hüseyni onlara "bir cüt reyhanım" deyən Babanın yanına ötürsünlər və beləcə, bir qayğının altından sıyrılsınlar. Elə də elədilər. Bəşər tarixinin ən gözəl iki Reyhanı - Həsən də, Hüseyn də Babanın dörd tərəfində hərlənirdilər. Bilirdilər ki, babaların ən gözəli, ən xeyirlisi onların Babasıdır və onları hədiyyəsiz qoymayacaq. Amma heç ağıllarına da gəlməzdi ki, Baba əlindəki pulun çatmayacağından ehtiyatlandığı üçün günün bir qədər irəliləməsini gözləyir, çünki günün sonlarına doğru dünyanın hər yerində olduğu kimi, Mədinə bazarında da qiymətlər xeyli ucuzlaşır. Reyhanlar belə şeyi düşünməzlər ki. Onlar təzə paltar istəyirdilər, vəssalam, özü də rəngli olsun, nə bilim, sarı, qırmızı, yaşıl, mavi, çəhrayı... Mədinə uşaqları rəngli paltarları sevərdilər, ona görə də ağ paltarlar digər rənglərə nisbətən xeyli ucuz olurdu.
Dünyanın ən xeyirli Babası Həsənini, Hüseynini götürüb Mədinə bazarına yollandı. Bazarı gəzdilər, dolaşdılar, axırda reyhanların hərəsinə bir dəst paltar alıb geri döndülər. Uşaqlar Babanı üzməmək üçün etiraz etmədilər, amma pərt olduqları açıq-aydın sezilirdi, çünki hər ikisinin paltarı ağappaq idi, qar kimi.
Baba iki ciyərparəsinin əlindən yapışıb evinin yolunu tutmuşdu, qarşılarına bir adam çıxdı. Salam verib görüşdülər, yad adam uşaqları süzdü və soruşdu ki, onların kefi niyə yoxdur. Baba da heç nəyi gizlətmədi, dedi ki, deyəsən, ağ paltarı xoşlamadılar, ondandır. Yad adam ovcunu açdı, su ilə dolu idi. Suya nəsə oxudu və Həsənin üstünə səpdi. Paltar dönüb sapsarı oldu və Həsən çox sevindi. Bu dəfə də Hüseyn qışqırmağa başladı: "Mən də rəngli paltar istəyirəm, mən də istəyirəm!" Yad adam bu dəfə də suyu Hüseynin üstünə səpdi, onun paltarı da qıpqırmızı oldu, qan qırmızısı. Uşaqlar çox sevindilər, amma Babanın və yad adamın gözləri dolmuşdu.
O yad adam əslində insan deyildi, mələklərin ən böyüyü Həzrəti-Cəbrayıl idi və rəngi dəyişən paltarlarla Uca Yaradan o reyhanların taleyini oxutmuşdu onlara. Rəsulullah da, Həzrəti-Cəbrayıl da artıq həqiqəti anlamışdılar. Ayrıldılar, uşaqlar sevincdən atılıb-düşürdülər, çünki başdan-ayağa ən çox sevdikləri rəngə bürünmüşdülər, Baba isə hələ neçə onillik sonra baş verəcəkləri gözü ilə görürmüş kimi kədər içində başını önə əyib onların yanınca addımlayırdı. Bəlkə də reyhanları görməsinlər deyə göz yaşlarını içinə axıdırdı.
***
Qeyb aləmini Allah-Təaladan başqa, kimsə bilməz, amma Allah-Təala istərsə, bəzi Peyğəmbərlərinə bəzi şeyləri də bildirər. Rəsulullah Allah-Təalanın həm də Həbibidir, yəni sevimlisidir. Görəsən ola bilərmi ki, O, bir şey istəsin, Allah verməsin? Əgər o istəsəydi, kim bilir, bəlkə də, Uca Yaradan onun istəyi üzərinə hər şeyi Onun istədiyi kimi dəyişərdi. Amma O istəmədi, O, öz muradını tərk eləmişdi, Onun muradı Allahın muradıydı. Əgər Allah-Təala Ona bir təklif göndərmişdisə, "başım-gözüm üstünə" deyib qəbul edərdi. Körpə-körpə övladlarını öz əliylə torpağa tapşırarkən göz yaşlarını tuta bilmir və "Allahın iradəsinə boyun əyməkdən başqa doğru yol yoxdur".- söyləyərdi. Bir dəfə yanına bir kor gəlmişdi: "Ey Allahın Rəsulu, dua et, Allah gözlərimə işıq versin",- demişdi. Onun duası ilə həmin adamın gözləri açılmışdı, amma dua etmədən öncə nə demişdi, bilirsinizmi? "Əgər bu halına şükür edərək səbir edərsənsə, bu sənin üçün daha xeyirlidir",- demişdi. Doğrudur, bu söhbət hər ağlın anlayıb haqq verəcəyi məsələ deyil, amma Onun ucalığını görmək də hər kəsin nəsibi deyil, görə bilənlər də pərvanə olub çevrəsindən ayrılmazlar, ha min dörd yüz il əvvəl, ha indi, ha əlli il sonra. Allah-Təala hər Peyğəmbərinə mütləq qəbul olunacaq bir dua haqqı verib, Peyğəmbərlər də o dua haqqını bu dünyada istifadə ediblər, Allah-Təaladan bir şey istəyib və alıblar. Həzrəti-Məhəmməd isə o duasını axirətə saxlayıb, saxlayıb ki, Ona ümmət olanları cəhənnəm alovundan qurtarmağı Aləmlərin Rəbbindən diləsin. Bu mənzərə də bəlkə kimlər üçünsə bir qədər mücərrəd, bir qədər anlamsız görünə bilər, amma... deməyə söz tapmıram, gerçəkləri Allah bilir.
Bəlkə qızı Fatimənin Ondan sonra bu dünyada cəmi altı ay qalacağını da Allah-Təala Ona bildirmişdi, bəlkə əlində-ovcunda böyütdüyü, "Mən kimin böyüyüyəmsə, Əli də onun böyüyüdür", "Mən elmin şəhəriyəm, Əli o şəhərin qapısıdır, elm istəyən qapıya gəlsin" dediyi Həzrəti-Əlinin namaz üstündə İbn Mülcəm adında bir xain tərəfindən necə xəncərləndiyini də göstərmişdi Ona, bəlkə kimlərin Həsəni necə zəhərləyəcəyini, kimlərin Kərbəla çölündə İmam Hüseynin başını necə kəsəcəyini gözləri önündə sərgiləmişdi Uca Yaradan (Allah üçün keçmiş və gələcək anlayışı yoxdur ki... Zaman Onun önündə yazılı kağız kimidir, bir az irəlisi, bir az gerisi var, hər zaman hər yeri görür və istədiyinə də göstərir)... Kim bilir, Allah Ona nələr göstərmiş, nələr bildirmişdi, amma O, bircə dəfə də İlahi iradənin dünya həyatında Onun və soyundan gələnlərin xeyrinə dəyişməsini istəməmişdi. Zatən hər şey Onun xeyrinəydi, övladları əlləri üstündə can versə də, yurdundan çıxarılsa da, sevimli reyhanlarının necə şəhid olacaqlarını görsə də. Qalib olmaq, ölmək və ya öldürməklə bağlı deyil ki. Əsl qaliblər son mənzildə məlum olacaq.
***
Hicri tarixi ilə 61-ci il başlamaqdaydı, miladi təqvimi ilə 680-ci il idi. Kufəlilərin israrlı istəyi ilə Həzrəti Hüseyn ən yaxınlarını götürüb yola çıxmışdı. Şamda səltənətini qurmuş, atasından səltənəti miras kimi almış Yezid bu gəlişin önünü kəsməsə, ciddi sıxıntılar yaşayacağını yaxşı bilirdi. Ona görə də, əvvəlcə, Kufədə ağır bir zülm tufanı əsdirdi, Həzrəti Hüseyn tərəfdarlarını öldürtdü, həbsə atdırdı, hər cür işgəncələrə məruz tutdu.
Mədinədən yola çıxmış yetmişə yaxın o insanın yolunu kəsmək üçün böyük bir ordu göndərdi. Yeni ilin ilk ayı olan məhərrəm İmam Hüseyn və tərəfdarlarının Kərbəla çölündə mühasirəsi ilə başladı. 9 gün mühasirədə qaldılar, körpələr aclıqdan, susuzluqdan fəryad edirdilər. Bulunduqları mövqe Fərat çayının lap yaxınlığında idi, amma bir damla suyu belə çox gördülər Peyğəmbər soyuna. Bir tərəfdə çağlayıb gedən Fəratın suyu, bir tərəfdə dodağı çat-çat olmuş Peyğəmbər soyu, ortada adını müsəlman ordusu qoymuş bir sürü, bir kütlə... Yezid ordusunun da başında kim olsa, yaxşıdır, - Ömər bin Sad, yəni hələ sağlığında Cənnətə girəcəyi ilə müjdələnmiş on səhabədən biri olan Sad bin əbi Vəqqasın oğlu. Atanın aqibətinə bax, oğulun əməlinə bax! İbrət dolu bir mənzərə!
İmam qarşı tərəfə düşmən gözü ilə baxmırdı, özü haqqında ölüm fərmanı verilmiş olsa belə, bu fərmanı icra etməyə gələnləri xətadan, günahdan qurtarmağa, kor gözləri açmağa çalışırdı. Yezid ordusundan Hür adlı bir komandan İmamın nitqindən təsirlənərək onun tərəfinə keçdi. Ömər bin Sad vəziyətin bu cür davam edəcəyi təqdirdə, ordunun əldən çıxacağından qorxdu və ilk oxu özü ataraq savaşı başlatdı. Əvvəlcə,təkbətək savaşdılar, əksər hallarda İmamın tərəfi qalib gəlirdi. Nəhayət, toplu halda İmamın üstünə hücum çəkdilər. Sinan bin Ənəs, bəzi mənbələrə görə isə, Şimr bin Ziil qılıncla İmamın boynunu vurdu. Onun mübarək başını nizəyə keçirdilər. 72 canı, Haqq yolunda savaşan mücahidi şəhid elədilər, əsir aldıqları qadınları və körpələri kölə kimi Şama apardılar.
***
Fərat hələ də çağlayır, amma Peyğəmbər övladının çat-çat olmuş dodaqlarına məlhəm olmayandan sonda dünyanı güllü-gülüstana çevirsə, nə mənası?!
O tarixdən sonra Kufə adı gələndə insan daha çox İmama verilən sözü, sonra da söz verənlərin əksəriyyətinin qaçıb bir tərəfdə gizlənməsini düşünür.
Kufəlilər varmı, o kufəlilər, ürəyi İmam Hüseynin, qılıncı Yezidin tərəfində olan kufəlilər...
"Zaman Azərbaycan"