12 yaşlı Lelia qorxur, amma şossenin kənarını tərk etmir.
Bu balaca qız ona pul verəcək yük maşını sürücülərindən birinə "xidmət" göstərməyə hazırdır.
Lelia şossenin kənarında duran minlərlə azyaşlı fahişədən biridir.
Braziliyanın San-Pauulu şəhərində başlayıb Fortaleza şəhərində bitən BR-116 şossesi ölkənin ən böyük avtomobil magistrallarından biridir.
Rio de Janeyru, Belu Orizonte, Qovernador Valadares, Padroe Paraiso, Medina, Kandido Sales, Vitoria de Konkista, Jequil, Salvador, Santo Estavao, Araki, Salqueyro, Renaforte şəhərlərindən keçən yolun kənarı azyaşlı qızlarla doludur.
Ən kiçiyi 8, ən böyüyü 14 yaşda olan bu qızlar bədənlərini satırlar.
Fahişəliyə cəlb edilmiş bu qızlar "müştəri"lərə bir gecəni 10 dollardan təklif edirlər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, BR-116 yolunda hər 5-10 kilometrdən bir duran azyaşlı fahişələrin sayı minlər, on minlərlədir.
YUNİSEF-in son hesabatında bildirilir ki, Braziliyada hazırda 250 min uşaq fahişəliyə cəlb olunub.
"Meninadanca" xeyriyyə təşkilatının rəhbəri, britaniyalı jurnalist Mett Roper Braziliyanı dolaşaraq azyaşlıların əxlaqsızlığa sürüklənməsinin miqyaslarını müəyyənləşdirməyə çalışıb.
O, 60 azyaşlı qızı sutenyorların cəngindən qurtararaq sığınacağa yerləşdirib.
Roperin sözlərinə görə, BR-116 şossesi ilə hərəkət edərkən yolun kənarında durmuş 2700 azyaşlı qız sayıb.
12 yaşlı Leila da bu binəvalardan biridir.
"Müştəri gözləyirəm və onlar yük maşınlarının sürücüləridir. Maşının kabinində cinsi əlaqədə olandan sonra məni aşağı atırlar. Bəzən aşağı düşməyimə mane olmurlar. Əksər hallarda isə qovurlar, vururlar, - Leila bədənindəki göyərmiş izləri, qollarındakı çapıqları göstərir. - Özümü qısa müddətə satmıram. Gecəm 25 realdır".
25 real 10 dollardır.
Roperin dediyinə görə, şosse ilə hərəkət edərkən yol kənarında durmuş azyaşlı qızları görəndə şoka düşüb. O, BR-116 yolunu "Cəhənnəm yolu" adlandırıb.
"12 yaşlı Lelia bu yolda tanış olduğum ilk qızdı. Dediyinə görə, atası ölüb, anası isə onu küçəyə atıb. Daha sonra qonşusu onu zorlayıb və fahişəliyə vadar edib. Müştərilərdən biri barda onu bıçaqlayıb. Lelia indi hamilədir", - Roper söyləyib.
Serrina şəhərindən olan 15 yaşlı Joselin və 16 yaşlı Mara da fahişəliyə vadar edilmiş qurbanlardır.
Maranın dediyinə görə, fahişəlikdən qurtulmaq istəyəndə sutenyor "sahib"i onu döyüb, sonra dəfələrlə zorlayıb: "Hamilə qaldım, abort etdirdim. Sonra məni yenə yola çıxmağa vadar etdilər".
Joselin isə evindən 1,5 km aralıda, yol kənarında duraraq bədənini satır.
Onun sözlərinə görə, "iş yoldaşları" arasında 8 yaşlılar da var.
"Bu qızların əksəriyyətini ailələri yola çıxarır. Qiymətimiz baha deyil. Gecəsi 10 dollar. Bizə sahib çıxan yoxdur", - Joselin söyləyib.
Mett Roperin sözlərinə görə, 2011-ci ildə Braziliyaya köçəndən sonra buradakı azyaşlıların fahişəliyə cəlb olunma miqyasını görəndə dəhşətə gəlib.
"Şoka düşdüm. Vəziyyəti araşdıranda isə dəhşətə gəldim. Eşitdiyim hər həyat hekayəsi əvvəlkindən qorxunc, tükürpədici idi. Onlar kimsəsiz, köməksiz, tənha, müdafiəsi olmayan zavallılardır. Ürəyim parçalandı. Sonra araşdırmalara başladım. Gördüm ki, BR-116 şossesində 262 yerdə azyaşlı fahişələr durur. Onlar hər 5-10 kilometrdən bir müştəri gözləyirlər", - Mett Roper deyir.
Daha sonra o, Medina şəhərində fəaliyyət göstərən uşaq hüquqları müdafiəçisi Rita Markeslə birlikdə problemin tədqiqatına başlayıb.
16 yaşlı Maranın həyat hekayəsi acınacaqlıdır.
İki qardaşı və anası ilə birlikdə Serrina şəhərində yaşayan Maranın 11 yaşında olanda onların kirayədə qaldıqları evin sahibi Yonas qızı zorlayıb, sonra fahişəliyə vadar edib.
"Anam işə gedəndə ac qalırdıq. Yonas izə yemək verirdi. Sonra "pulsuz yemək olmur" dedi və məni zorlamağa başladı. Hamilə qaldım. Paltar asılqanı vasitəsilə abort etdim. Yonas məni döyür, zorlayırdı. Məni yola çıxardı, kişilərə satmağa başladı. Anamı da zorladı", - Mara deyib.
Maranı iki il əvvəl narkotik maddələrə dadandırıblar. 16 yaşlı qız indi 35-40 yaşlı qadına bənzəyir.
13 yaşlı Mariana... Onun 11 yaşı olanda anası Mariya qızını fahişəliyə vadar edib.
"Müştərilərlə çox zaman anam sövdələşir. Qardaşım və atam isə bazar günləri yolda, məndən bir qədər kənarda dururlar. Müştəri olanda onlar danışırlar. Bu həyatdan qurtulmaq istəyirəm. Ölmək istəyirəm. Amma əvvəlcə anam, atam, qardaşlarımın ölməsini istəyirəm. Çünki anamın yanında atam məni zorlayanda susdu. Sonra qardaşlarım məni zorlayanda atam gülürdü. Səhər evə qayıdanda pul aparmayanda atamla qardaşlarım məni döyürlər", - Mariana ağlayır.
Salqueyro şəhərinin sakinləri - 15 yaşlı Rebekka və 12 yaşlı Milena Çili Pepper bacıları. Rebekanın iki övladı var. Onlardan biri 2 yaşında, o biri 6 aylığındadır.
Rebekka hər gecə BR-116-nın kənarında durur. O, kiçik bacısı Milenanın əlindən tutaraq müştəri gözləyir.
Bacılar bədənlərini sataraq pul qazanırlar və qazandıqları hər 10 dolların 9-nu sutenyora vermək məcburiyyətindədirlər.
15 yaşlı Jolanı fahişəliyə anası vadar edib.
"11 yaşım vardı. Anam dedi ki, siqaret və narkotik maddə almağa pul tapmır. Məni döydü və sutenyora verdi. O da dostları ilə məni zorlayandan sonra yola çıxardı. Anam heç vaxt mənimlə maraqlanmayıb", - Mett Ropperin Medina şəhərində yaratdığı "Çəhrayı ev" sığınacağına pənah aparmış Jola söyləyir.
26 yaşlı xanımı Dani və 3 yaşlı oğlu Milo ilə birlikdə 2011-ci ilin noyabrında Braziliyada yaşamağa başlamış Mett Roper ölkədəki azyaşlı fahişələr barədə kitab yazmaq fikrində olduğunu desə də, sonradan qərarını dəyişib.
"Bu zavallılara, yazıqlara kömək etmək istəyirəm. Mən də etməsəm, kim edəcək?!" -Mett söyləyib.
Milli.Az
Xəbərin mənbəyi: The child sex slaves of Brazil's Highway From Hell: Horrifying story of how girls as young as NINE are forced to sell themselves for just £8 a time
Böyütmək üçün şəkillərə klikləyin.