Qızıl Fondu Azərbaycana nə vəd edir?

2 Oktyabr 2010 13:35
Ölkənin qızıl ehtiyatları ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, ölkənin Qızıl Fondu yaradılır.

Bu günlərdə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib ki, 99,5 kq həcmində ilk qızıl partiyası Azərbaycana daxil olub və saxlanmaq üçün Mərkəzi Banka verilib. Yaxın vaxtlarda 100 kq həcmində daha bir partiya da gətiriləcək.

Qızıl külçələri üçün xammal rolunu isə ölkənin qərbində və Naxçıvanda qızıl hasilatında dövlətin payı oynayır. Qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır.

Beynəlxalq təcrübəyə əsasən, bankların qızıl ehtiyatları 11-13 kq çəkidə külçələrlə saxlanılır. Xatırladaq ki, Azərbaycanda 1992-cu ildə Ləl-Cəvahirat Fondu yaradılsa da, 3 il sonra ləğv edilmişdi. İlk dəfə belə fond Azərbaycan Xalq Cümhuriyyəti zamanı yaradılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Qızıl Fondunun yaradılması ideyası qlobal maliyyə böhranı başladıqdan sonra gündəmə gəlib. Ekspert bildirir ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə analoji fondlar təsis edilib: "Rusiyada Qızıl Fondu fəaliyyət göstərir. Dövlətin rezervlərinin bir hissəsi qızıl formasında həmin fondda saxlanılır. Azərbaycanda da Qızıl Fondunun yaradılması istiqamətində hökumətin addımlar atması birbaşa qlobal maliyyə böhranından sonra qızılın qiymətinin kəskin artımı ilə bağlıdır".

Bayramov vəsaitlərin qızılda saxlanmasını ən uyğun vasitələrdən biri hesab edir: "Yalnız son bir ildə qızılın dünya bazar qiyməti 28 faiz artıb. Bu kifayət qədər böyük rəqəmdir. Ötən 1 ay ərzində isə qızılın qiymətində 12 faiz artım baş verib. O baxımdan dövlət, eləcə də Dövlət Neft Fondunun (ARDNF) rezervlərinin bir qismini qızıla çevirib, "qiymətli metal"da saxlanması məqsədəuyğun olar. Çünki vəsaitlərin qızılda saxlanması daha çox gəlir əldə etməyə imkan verir, nəinki hər hansı valyutada. Digər tərəfdən, inflyasiya dərəcəsi ilə müqayisədə pulun qızılda saxlanması rentabellidir. Nəzərə alsaq ki, illik inflyasiya 3 faizdir, qızılın qiymətində son aylar müşahidə edilən orta aylıq artım isə 10 faizdən artıqdır".

İqtisadçıya görə, "qiymətli metal"ın gətirdiyi dividend səhmlərin və depozitlərin gətirdiyi dividentdən də çoxdur: "İSİM hələ qlobal maliyyə böhranı başlayan zaman vəsaitlərin bir qismini qızılda yerləşdirilməyi təklif etmişdi. Bu da birbaşa qızılın qiymətində müşahidə edilən artımlar və prosesin uzunmüddətli olacağının proqnozlaşdırılması ilə bağlı idi. Qızıl Fondu böhran başlayan ərəfədə yaradılsaydı, daha məqsədəuyğun olardı. Çünki böhrandan bu tərəfə qızılın qiymətində təxminən 50 faiz artım baş verib".

Bayramovun fikrincə, qlobal maliyyə böhranı başlayan zaman belə bir fond təsis edilsəydi, o zaman dövlət rezervlərinin həcmi indiki ilə müqayisədə daha çox ola bilərdi: "Fondun yaradılması həm də ona görə müsbət haldır ki, bu Azərbaycanda istehsal olunan qızılın xüsusi qurum tərəfindən saxlanmasını mümkün edir. Nəzərə alsaq ki, fonda Mərkəzi Bank nəzarət edəcək, bu qurum dövlət təşkilatları arasında ən məsulliyətli qurum hesab edilir".

Ekspert hesab edir ki, Mərkəzi Bankın fonda nəzarət etməsi orada saxlanılan qızlların taleyi ilə bağlı narahatçılıqları aradan qaldırır.

/Ekspress/