Ana və uşaq ölümü: Niyə öndəyik? - ARAŞDIRMA
2 Oktyabr 2010 13:13
Ölkəmizdə ana ölümü əmsalı 2000-ci ildə 37,6, 2003-cü ildə 18,5, 2007-ci ildə 35,5 və 2009-cu ildə 24,3 olub.
"O, hamilə idi. Doğmağına az qalmışdı. Həkimə çox az hallarda gedirdi. Anam tibb bacısı işləyirdi və bu qadın qonşumuz olduğundan onunla maraqlanırdı. Bir dəfə qadın məsləhətxanasından gələndə anamla qarşılaşdı və həkimin yazdığı dərmanların siyahısını göstərib gileyləndi. Onsuz da qayınanası bu dərmanları ona almayacaqdı. Anam dərmanların adlarına baxdıqdan sonra təcili müalicə olunmasını demişdi. O isə əlini yelləmişdi. Heç yerdə işləmirdi, valideynləri də hansısa rayonda yaşayırdı. Ərinin də işi yaxşı deyildi. Qayınanasının bazarda parça dükanı vardı. Gəlininin problemləri olduğunu ona həkimlər demişdi. Ancaq qayınana həkimlərə inanmır və müalicəyə pul xərcləmək istəmirdi. Vaxt tamam olanda, həmin qadını doğuşa apardılar. O, doğuşdan sağ çıxmadı". Bunu bir məhlədə yaşadığım rəfiqəm demişdi. Hadisə bir neçə il öncə Sumqayıtda baş verib.
Ana və uşaqların sağlamlığını qoruyan proqram
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTY İB) sədri Azər Mehtiyevin sözlərinə görə, Minilliyin İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölüm hallarının 2/3 dəfə, ana ölümü əmsalının isə 3/4 dəfə azaldılması mühüm yer tutur: "Prezidentin 2008-ci il 15 sentyabr tarixli 3043 saylı Sərəncamı ilə təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda 2015-ci ilin sonunadək həm 1 yaşınadək uşaqlar arasında ölüm hallarının, həm də ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta gostəriciyə nail olmaq hədəfi qoyulub (müqayisə üçün: 2007-ci ildə inkişaf etmiş sənaye ölkələrində 1 yaşadək uşaq ölümü əmsalı 5, ana ölümü əmsalı isə 8 olub)".
A.Mehtiyev son illər ölkədə həyata keçirilən, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına bu və ya digər dərəcədə təsir göstərən hadisələrdən də söz açdı: "Dövlət büdcəsindən "Səhiyyə" bölməsinə ayrılan vəsaitin məbləği 2000-ci illə (40,9 milyon manat) müqayisədə 2009-cu ildə (402,4 milyon manat) 9,8 dəfədən çox artıb (lakin dövlət səhiyyə xərcləri hələ də ÜDM-in 1 faizini ötmür; 2009-cu ildə adambaşı səhiyyə xərcləri təqribən 56 ABŞ dolları qədər olub, halbuki DST bunun minimum 150 dollar olmasını tövsiyə edir)".
"Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı il tarixli 211 saylı Qərarı ilə təsdiq edilib. Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Bu proqramın reallaşdırılmasına dövlət büdcəsindən 2007-2009-cu illər ərzində 15,2 milyon manat ayrılıb. 2010-cu ildə 2,9 milyon manat ayrılıb.
Daha sonra A.Mehtiyev Azərbaycanda ana və uşaq ölümü göstəricilərinin dinamikasından bəhs edərək bu göstəricilərin hədəflərdən çox uzaq olduğunu qeyd etdi: "Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən ölkəmizdə ana ölümü əmsalı (hər 100 min nəfər diri doğulan hesabı ilə) 2000-ci ildə 37,6, 2003-cü ildə 18,5, 2007-ci ildə 35,5 və 2009-cu ildə 24,3 olub. 1 yaşadək uşaq ölümü əmsalı (hər 1000 nədər doğulana hesabı ilə) 2000-ci ildə 16,4, 2002-ci ildə 16,7, 2005-ci ildə 12,7 və 2009-cu ildə 11,4 olub. Bu göstəricilər üzrə ölkə qurumlarının məlumatları UNİCEF-in məlumatlarından kəskin fərqlənir. Belə ki, UNİCEF-in son açıqlamasına görə, Azərbaycanda 1 yaşadək körpələr arasında ölüm səviyyəsi (hər 1000 diri doğulmuş uşağa) 2007-ci ildə 34 təşkil edib. Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 olub".
Qadınların vəziyyəti yaxşı deyil
A.Mehtiyev ana və uşaq ölümü hallarına gətirib çıxaran səbəblərdən də danışdı: "Aparılan tədqiqatlar son illər ölkədə qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnmə hallarının artması tendensiyasını göstərir. Belə ki, ilk dəfə diaqnozu müəyyən edilmiş xəstələr üzrə qadınlarda bədxassəli yenitörəmələr hər 100 min nəfər hesabı ilə 2000-ci ildə 60,0 olubsa, 2008-ci ildə 87,4-ə qalxıb. Qadınların hər 100 min nəfər hesabı ilə aktiv vərəm xəstələrinin sayı 2000-ci ildəki 32,7-dən 2005-ci ildə 18,0-ə düşmüşdüsə, 2008-ci ildə 24,3-ə qalxıb. Qadın sonsuzluğunun səviyyəsi (hər 100 min nəfər hesabı ilə) 2000-ci ildəki 17,9-dan 2008-ci ildə 37,7-yə yüksəlib (2 dəfədən çox artıb). 15- 49 yaş qadınlar arasında hamiləliyin, doğuşun və doğuşdan sonrakı dövrün ağırlaşması halları (qadınların hər 100 000 nəfərinə) 2000-ci ildəki 553,8-dən 2008-ci ildə 1291,8-ə yüksəlib (2,3 dəfə artım)".
Doğuşu ağırlaşdıran xəstəliklər üzrə vəziyyətin yaxşılaşdığını da söyləmək mümkün deyil. Məsələn, 2000-ci ildə hamiləliyi başa çatdırmış qadınların 17,6 faizində anemiya qeydə alınmışdısa, 2008-ci ildə bu 20,3 faiz təşkil edib. Gecikmiş hamiləlik toksikozu üzrə oxşar göstərici 3,6-dan 4,1-ə yüksəlib. Digər xəstəliklər üzrə nisbi sabitlik müşahidə olunur. Kontrasepsiya vasitələrindən istifadə edənlərin sayının son illər kəskin azalması müşahidə olunur.
1 yaşadək uşaqların ayrı-ayrı xəstəliklərlə xəstələnmə hallarında nisbi göstəricilər üzrə (hər 1000 nəfər hesabı ilə) ciddi artımlar olmasa da, mütləq sayda yüksək artımlar qeydə alınıb.
A.Mehtiyevin sözlərinə görə, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir.
Analar, həkim nəzarətində olun!
Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümyəndəliyi hesab edir ki, bu gün Azərbaycanda ana və uşaq ölümlərinin əsas səbəbləri Avropa regionundakı orta iqtisadi inkişafa malik ölkələrdəki ana və uşaq ölüm hallarının səbəbləri ilə oxşardır. Ana ölümü sahəsində bu, ilk növbədə hamiləlik zamanı qanaxma və hipertonik vəziyyətlərdir (eklampapsiya və preeklapsiya). Erkən neonatal ölüm səbəbləri arasında irsi xəstəlikləri qeyd etmək olar.
Ginekoloq Təranə Həsənova ÜST-ün cavabına aydınlıq gətirdi: "Erkən hipertonik qanaxma odu ki, doğuş qurtaran kimi uşaqlığın tonusu azalır. Qanaxmanı heç cür saxlamaq olmur. Eklampapsiya və preeklapsiya - bunlar hamiləlik müddətində yaranan xəstəliklərdr. Preeklapsiya keçid dövrüdür onun yanında eklampapsiya da gəlir. Eklampapsiya və preeklapsiya dövründə hələ qadın evdəykən onun yanında adam olmasa o, öləcək. Xəstəlik zamanı, qıcolmalar başlanır, xəstə huşunu itirir, dili qatlanır. Hamilə qadının o vəziyyətə düşməsi nə deməkdir... Qan təzyiqi çox yüksəyə qalxır, sidikdə zülalın miqdarı hədsiz artır, ayaqda və bədəndə ödəm toplanır. Bu niyə baş verir? Qadın vaxtında məsələhətxanaya müraciət etsə heç bir həkim icazə verməz ki, bu xəstəlik o həddə qədər gedib çatsın. Vaxtında qarşısı alınar, nə qadın əziyyət çəkər, dünyasını dəyişər, nə də uşaqlar ya ana bətnində, ya da erkən dövrdə tələf olarlar".
Bu vəziyyətdən çıxış yolu kimi ginekoloq patronaj sistemini saxlamaq şərtilə maddi-texniki bazanı gücləndirməyi, sahə mamaçasının, həkimin əmək haqlarını yüksəltməyi vacib amil hesab edir: "Tibb işçisinin normal yaşayış tərzini təmin etmək, çox şeyləri kökündən dəyişmək lazımdı. İndiki halda bu, mümkün deyil".
Erkən neonatal ölümə də aydınlıq gətirən həkim bildirdi ki, uşaq ömrünün ilk saatlarında normal şəkildə dünyaya gəlsə də tələf olur: "Neonatal yeni doğulmuş deməkdir. Bunun da səbəbi çox müxtəlif ola bilər. Doğuş zamanı baş vermiş travmalardan tutmuş ana bətnində hamiləliyin düzgün aparılmaması, hamilə qadının həkimə mütəmadi müraciət etməməsi və ya heç nəzarətdə olmaması, bətndə keçirilmiş infeksion xəstəliklər, ana bətni dövründə ananın keçirdiyi stress, anemiya və düzgün qidalanmamaq, qan xəstəlikləri və qan qrupları arasında olan uyğunsuzluq, eləcə də erkən doğulma uşaqlarda neonatal ölüm hallarına səbəb ola bilər".
Problemin aradan qaldırılması üçün dövlətlə birgə hər hansı addımlar atılırmı?
ÜST-ün bildirdiyinə görə, uşaq və ana ölümlərinin sayının azaldılması istiqamətində yaxşı nəticələrə nail olmaq üçün ölkədəki səhiyyə sisteminin bütün zəncirlərinin bərkidilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir: "Səhiyyə Nazirliyi ana və uşaq ölümü problemi ilə yaxından məşğul olur və bu sahədə istər ÜST, istərsə də digər beynəlxalq təşkilatlarla sıx və səmərəli əməkdaşlıq edir. Bizim Təşkilatımız üçün bu mövzu ölkə ilə olan əməkdaşlığımızın əsas istiqamətlərindən biri idi və hazırda bu cür qalmaqda davam edir. 2007-ci ildə ÜST, YUNİSEF, BMT-nin Əhali Fondu kimi beynəlxalq təşkilatların texniki dəstəyi ilə Reproduktiv Sağlamlığın Milli Strategiyası işlənib hazırlanıb və qəbul edilib ki, bu strategiya da öz növbəsində 2015-ci ilə qədər işlərin yaxşılaşdırılması istiqamətində görülməli əsas tədbirləri əks etdirir. Aparıcı milli mütəxəssislərdən ibarət böyük bir qrupun çalışaraq ərsəyə gətirdiyi bu sənəddə vəziyyətin dərin təhlili təsvir olunub və irəli doğru atılmalı addımlar qeyd edilib".
ÜST hesab edir ki, səhiyyə sistemində ana və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təkmilləşdirilməsi üzrə kifayət qədər geniş miqyaslı işlər görülməkdədir. Səhiyyə Nazirliyi (SN) tərəfindən ana və uşaq sağlamlığının müxtəlif aspektlərinə aid kliniki protokollar hazırlanıb. Bu günə qədər SN tərəfindən 5 Perinatal Mərkəz (PM) istifadəyə verilib - (Naxçıvan MR PM, Gəncə PM, Lənkəran PM, Quba PM, Respublika PM). 2010-cu ilin sonunadək daha 2 Perinatal Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub (Şəki və Sabirabadda). Hazırda ana və uşaq sağlamlığına istər bilavasitə, istərsə də dolayısı yolla təsir göstərə biləcək müxtəlif dövlət proqramları həyata keçirilir. Səhiyyə Nazirliyi həmçinin müvafiq təlimlər keçirir, monitorinqlər aparır. Bu fikirlər ÜST-ün sorğumuza cavabından götürülüb.
2008-ci illə müqayisədə 2009-cu ildə ana və uşaq ölümü...
ÜST-ün bildirdiyinə görə, reproduktiv sağlamlıq strategiyasının hazırlanmasında istifadə olunmuş Mamaçalıq və Ginekologiya üzrə Elmi Tədqiqat İnstitutunun 2006-cı ilə dair göstəricilərinə əsasən ana ölümlərinin təxminən yarısının qarşısını həmin sənəddə əks etdirilmiş tədbirləri həyata keçirməklə almaq olar.
YUNİSEF və Dövlət Statistika Komitəsi tərəfindən bu yaxınlarda aparılan demoqrafik tədqiqatın göstəricilərinə əsasən ölkədə 5 yaşına qədər olan uşaqların ölüm halları bundan 5 il əvvəl aparılmış analoji tədqiqatla müqayisədə demək olar ki, 2,5 dəfə azalıb.
Düzgün statistikanı sözügedən sahədə vəziyyətin sonrakı yaxşılaşmasında vacib amil hesab edən ÜST qarşıdan gələn iki il ərzində reproduktiv sağlamlıq üzrə milli strategiyanın məqsədlərinə nail olunması üçün bundan sonra da texniki köməklik göstərəcəyini və Səhiyyə Nazirliyi tərəfindən bu sahədə aparılan işlərə dəstək olacağını da bildirir: "Biz ölkədə ana və uşaq ölümləri ilə bağlı Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT-nin digər agentlikləri ilə də sıx əməkdaşlıq edirik".
Əgər qadın həkimə müraciət etmirsə...
"Azərbaycanın müxtəlif bölgələrində ailə planlaşdırılması üzrə işləmişəm. O qədər qəribəliklər, ağlasığmaz hallarla qarşılaşdım ki... O vaxtdan da o fikirə gəlmişəm ki, bir regionda ailə planlaşdırılması, maarifləndirmə 10 il dalbadal aparılmalıdır ki, nəticəsi olsun. Heç olmasa 70-80% düzələr, amma 100% düzəlməz", - deyən ginekoloq T.Həsənova maarifləndirmədə Avropa, Amerika təcrübələrində yararlanmağı məsləhət gördü: "Məsələn, Türkiyədə bizim qadın məsləhətxanalarının çox böyük bir tipi mövcuddur. İş kağız üzərində deyil. Orada bizim Sovet İttifaqı dövründə olan patronaj sistemi mövcuddu. Yəni, bizim qadınlara onu tətbiq etmək lazımdı. Qadın məsləhətxanasına hamilə qadınlar məcburi şəkildə cəlb olunmalıdır. Qadın məsləhətxanaları da bugünkü səviyyədə olmalı deyil. Onun maddi-texniki bazası gücləndirilməlidir. Müasir tələblərə cavab verən çox güclü laboratoriyası olmalıdır. Bundan başqa, nəinki ultrasəs müayinəsi bir çox aparaturalar var ki, onlar olmalıdır. Tək həkimlərin deyil, tibb işçilərinin ixtisası artırılmalıdır. Qadınlar ilkin hamiləlikdən doğum evinə gedənədək müasir üsullarla müayinədən keçirilməlidirlər. Patronaj sisteminin olması vacibdi ki, hamilələr heç olmasa ayda 1 dəfə həkimin qəbulunda olsunlar. Bizdə bu yoxdu. Adam var ki, həkim onun arxasınca 3 ay düşür. Sadaladıqlarıma nail olunsa o zaman ana və uşaq ölümünün səviyyəsini xeyli azalda bilərik".
Ana və uşaq ölümünü törədən səbəblər hansılardır?
"Mən buna ümumi şəkildə cavab verəcəm - doqquzaylıq müddətdə ananın orqanizminin doğru-düzgün təhlil olunmaması. Bunun ən birinci günahını mən qadının özündə görürəm. Vaxtında həkimə getmək lazımdır", - bunu da ginekoloq dedi.
Çıxış yollarından biri kimi də T.Həsənova evlənmək istəyən cütlüklərin məcburi şəkildə talessemiyadan tutmuş xlomediyaya, yəni cinsi yolla keçən xəstəliklərə qədər müayinədən keçməsinin vacib olduğunu da vurğuladı. Ginekoloqun fikrincə, könüllü yolla bu işə heç kim razı olmayacaq. Nəticədə cütlüyün hansı xəstəliyin daşıyıcısı, gələcəkdə doğulacaq körpə üçün problem yaradıb-yaratmayacağı da bəlli olmayacaq.
"Hamiləliyə planlı şəkildə hazır olmaq üçün dünyaya övlad gətirmək istəyən qadın hamiləlikdən öncə həkimə müraciət etməlidir. İlk növbədə qanın ümumi analizindən tutmuş, bütün lazım olan hər şey yoxlanılmalıdır. Əhali bilgiləndirilməlidir. Mənim fikrimcə, orta məktəbin sonuncu siniflərindən bu maarifləndirmə aparılmalıdır. Media vasitələrindən istifadə olunmalıdır. Yalnız bu halda ən azı 80% problemin öhdəsindən gəlmək mümkün olar".
/Ekspress/
Uyğun link:
Analar övlad qatilinə necə çevrilirlər? - ARAŞDIRMA