İndoneziyanın XİN başçısı Azərbaycana dəvət olundu

8 Noyabr 2013 16:17
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 7-8-də İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində İndoneziyanın xarici işlər naziri Marti Nataleqava ilə görüşüb.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

M.Nataleqava Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşəbbüsü ilə BMT TŞ-də "BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi" mövzusunda keçirilmiş yüksək səviyyəli iclasın əhəmiyyətini vurğulayıb.

Nazir E.Məmmədyarov indoneziyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verərək, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyə görə İndoneziya tərəfinə öz təşəkkürünü bildirib.

M.Nataleqava Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişə ilə əlaqədar tutduğu prinsipial mövqeyini bir daha vurğulayıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycanın və İndoneziyanın üzv olduqları regional təşkilatlar arasında əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə edilib.

E.Məmmədyarov İndoneziyanın xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib. M.Nataleqava dəvəti məmnuniyyətlə qəbul edib.

Nazir E.Məmmədyarov İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində İranın xarici işlər nazirinin müavini, İran nümayəndə heyətinin başçısı Morteza Sarmadi ilə də görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Milli.Az