"Sevinc Babayeva mənə deyirdi ki, Elsəvər Abdullayevdən qorxuram, məni oğlumla hədələyiblər"
Qafqazinfo-nun məlumatına görə, Gülər Əhmədova Sevinc Babayevanın bacısı Təranə Səfərovanın ittihamlarına cavab verib.
"Sevinclə telefon danışıqlarında o mənə deyib ki, mən sənə diri lazımam, yoxsa ölü? Mən də ona dedim ki, sən mənə diri lazımsan. Əgər Sevinc bu gün burada olsaydı, mən burada olmayacaqdım. Elşadla Sevinc Babayevanın videoları yayılandan sonra Sevincdən bunları niyə etdiyini soruşdum. O, rusca mənə dedi ki, Elşad məni buna məcbur edib. Bundan sonra bizim Sevinclə münasibətlərimiz gərginləşdi. Mən ona niyə aktrisalıq etmisən, videolardan xəbərin var, deyirdim. Hər dəfə fərqli cavablar verirdi. Onu dəfələrlə, israrla ölkəyə çağırırdım. O, mənə deyirdi ki, Elsəvər Abdullayevdən qorxuram, məni oğlumla hədələyiblər".
Daha sonra Sevinc Babayevanın bacısı məhkəmə zalında dəfələrlə ağlayıb və hər dəfə Gülər Əhmədovanı bacısını Türkiyədə ac saxlamaqda ittiham edib. Gülər Əhmədova isə bildirib ki, özü və əri vasitəsilə ona pul göndərib: "Mən və ailəm onun üçün nə bacarmışıqsa, onu da etmişik. Mən əzrayıl deyiləm ki, can alım".
Daha sonra Gülər Əhmədovanın yanında çalışan köməkçiləri ifadə veriblər. Adilə Əlihüseynli və Günay Vəliyeva bacıları isintaqa verdikləri ilkin ifadələrindən qismən imtina ediblər. Adilə Əlihüseynli istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, Sevincin Gülər Əhmədovadan pul tələb etdiyini, eyni zamanda Gülər Əhmədovanın həmin pulları qaytarmadığını bildirmişdi. Daha sonra bildirib ki, 2008-ci ildən sonra Gülər Sevinci ofisində qəbul etməyib: "Gülərin tapşırığı əsasında hər dəfə Sevinc Babayeva gələndə ona zəng edib xəbər edirdim. Elə olurdu ki, Sevincin gəlib-gəlməməsi ilə bağlı özü zəng edib məndən soruşurdu". Lakin bugünkü məhkəmədə ifadəsində Adilə Əlihüseynli müstəntiq Eldar Qocayevin təzyiqi ilə belə bir ifadə verməyə məcbur edildiyini bildirib.
Daha sonra onu bacısı Günay Vəlıyeva da Sevincin tez-tez uşaq QHT-dəki ofisinə gəldiyini bildirib: "Gülər Əhmədova onu qəbul etmədikdə isə Sevinc Babayeva onu gözləyirdi".
Sevinc Günaya deyib ki, Gülərə pul vermişəm, lakin o qaytarmır. Sevinc hər dəfə ağlaya-ağlaya pul dalınca gəlsə də, Gülər onunla görüşmürdü. QHT-nin ofisinə bir dəfə Elşad Abdullayevin vəkili Adil İsmayılovun da gəldiyini qeyd edib.
Gülər Əhmədova isə çıxış edərək bildirib ki, o sözlərin hamısını özü Eldar Qocayeva deyib: "İndi o həmin sözləri bu cavan gəlinlərin adından yazdırır. Ayıb olsun, bu, kişi hərəkəti deyil".
Həmçinin məhkəmədə şahid qismində Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev dindirilib. Növbəti məhkəmə prosesi noyabrın 12-nə təyin edilib.