Britaniyanın "British Airways" aviaşirkəti ABŞ-dan ölkəsi Fransaya dönmək istəyən 22 yaşlı Kevin Çenası təyyarəyə buraxmayıb.
Çenas hormonal müalicə almaq üçün ötən il həmin aviaşirkətin təyyarəsi ilə ABŞ-a yollanmışdı.
Milli.Az AHT-yə istinadən bildirir ki, hormonal pozuntular səbəbindən kökəlmə və piylənməyə mübtəla olmuş Kevin Çenas Çikaqo şəhərində 7 gün təyyarə gözləməli olub.
Kevinin anası Kristina Çenas "British Airways" aviaşirkətini onları pərişan vəziyyətdə qoymaqda suçlayıb.
"Birləşmiş Ştatlara elə bu aviaşirkətin təyyarəsi ilə gəlmişik. Lakin indi onlar oğlumu təyyarəyə buraxmırlar. Kevin isə müalicəsinin yerdə qalanını vətənimiz Fransada davam etdirməlidir", - Kristina Çenas deyib.
"British Airways" yetkililəri isə bəyan ediblər: "O gəncin təyyarəyə buraxılmamasının səbəbi əlavə oksigenə ehtiyac duyması, durumunun daim kontrol altında tutulmasına ehtiyacdır. Təyyarədə onun təhlükəsizliyinin təminatı üçün yetərli şərait yoxdur. O ailənin otel və yemək xərclərini tam ödəmişik".
Çenas ailəsi isə problemin həlli mümkünsüz olarsa, Çikaqodan Nyu-Yorka qatarla gedəcəklərini, oradan da gəmiyə oturaraq Fransaya yollanacaqlarını
söyləyib.
Milli.Az