Canfranko Ravazi Qəbələdə olub
5 Noyabr 2013 17:18
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Vatikan dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələyə səfər edib.
Nümayəndə heyəti əvvəlcə Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Qonaqlar Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində də olublar. Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verililib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Daha sonra nümayəndə heyəti Qəbələdə "Beltmann" piano fabriki ilə də tanış olublar. Bildirilib ki, regionda analoqu olmayan və beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Sonra qonaq Qəbələ Konserv Zavodunda olub. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. Daha sonra qonaqlar Nic kəndində Udin kilsəsinin bərpa olunduqdan sonrakı vəziyyəti ilə tanış olublar. Onlar mədəni və dini abidələrin qorunub saxlanmasının siyasi, mədəni və dini fərqləri üstələyən bəşəri əhəmiyyətə malik olduğunu bildiriblər.
Milli.Az