BlackBerry 1 milyard dollar alacaq

5 Noyabr 2013 17:45
BlackBerry istehsalçısı aktivlərinin Fairfax Financial şirkətinə satılmasına dair sazişi imzalamayacaq və investisiyaların cəlb edilməsi və rəhbərliyin dəyişməsi vasitəsilə böhranlı vəziyyətdən çıxmağa çalışacaq. Bu barədə Kanada istehsalçısının məlumatında deyilir.

Şirkətin yaydığı məlumatdan aydın olub ki, BlackBerry şirkəti Fairfax Financial və digər investorlar qrupundan konversiya edilən istiqrazlar paketi üçün 1 milyard dollar məbləğində vəsait alaraq sövdələşməni iki həftə ərzində başa çatdırmağı planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin rəhbərliyində xeyli dəyişikliklər baş verəcək. Belə ki, şirkətin baş direktoru Torsten Heyns istefaya göndəriləcək və onun yerinə Sybase şirkətinin keçmiş rəhbəri Con Çen təyin olunacaq. O, həmçinin BlackBerry Direktorlar Şurasının sədri olacaq.

BlackBerry nəhəng smartfon istehsalçısıdır. Son illər ərzində şirkətin dünya bazarında payı azalmağa doğru gedib və hazırda təxminən 3 faiz təşkil edir.

Milli.Az